Səyahət sənayesinin inkişafı: Ehtiras və rəqəmsal təsirin gücü ilə
BAKU.WS "Fahri Travel"in rəhbəri Fahri Məmmədli ilə müsahibəni təqdim edir:
- Fahri, turizm sahəsindəki səyahətiniz necə başladı?
Hər şey yeni yerləri kəşf etməyə olan sevgimlə başladı. İllər əvvəl Azərbaycanı turizm istiqaməti kimi tanıtmaq üçün Rusiyanın müxtəlif şəhərlərinə səyahət edirdim. O vaxtlar bu, şəxsi əlaqələr üzərindən - turizm agentlikləri ilə görüşlər, kiçik təqdimatlar və insanlara Azərbaycanın nə qədər qonaqpərvər, təbiətinin və mədəniyyətinin necə zəngin olduğunu göstərməkdən ibarət idi.
- Deməli, hər şey ənənəvi tanıtımla başladı. Bəs bu, necə rəqəmsal sahəyə keçdi?
Tam olaraq belə. Sonra anladım ki, daha çox insana çatmaq üçün rəqəmsal alətlərdən istifadə etməliyəm. Özümə məxsus "Instagram" səyahət bloqu yaratdım. Orada məkanları, onlar haqqında məlumatları, təbiət mənzərələrini, özümün təsuratlarını yerləşdirdim. Bu gün səhifəm ayda yarım milyona yaxın izləyici cəlb edir. Artıq bu, sadəcə bloq deyil - insanları səyahətə ruhlandıran bir icmadır, xüsusilə də Azərbaycana və Qafqaz bölgəsinə.
- "Instagram" səhifəniz həm emosional, həm də estetik baxımdan fərqlənir. Sizcə, hekayələrinizi hansı üslubda danışırsınız?
Mən istəyirəm ki, hər paylaşım sadəcə bir məkanı deyil, həm də hislərimi əks etdirsin. Bloqum dünyanı səyahətlə yaşayan bir insanın gözü ilə görmək haqqındadır. Vizual estetiklə praktik məlumatları birləşdirməyə çalışıram - harada qalmaq, marşrutu necə qurmaq, yerli mədəniyyətə hörmətlə səyahət etmək kimi. Mənim üçün əsas məqsəd - səmimilik, və insanlarla əlaqə yaratdıqda onları ruhlandırmaqdır.
- Səyahət bloqunuz vasitəsilə təxminən 40 ölkə və 140-dan çox şəhəri ziyarət etmisiniz. Ən çox geri qayıtmağı sevdiyiniz şəhərlər hansılardır?
Bəli, təkrar-təkrar qayıtmaqdan zövq aldığım şəhərlər var. Bakını çıxsaq, mənim sevimlilərim - Barselona, London, Mayami və Amsterdamdır. Bu şəhərlərdə özümü evdəki kimi hiss edirəm - küçələrində gəzməyi, insanlarla ünsiyyət qurmağı və hər dəfə həmin enerjini yenidən yaşamağı çox sevirəm.
- Sizcə, işiniz Azərbaycanın turizm inkişafına necə təsir edir?
Bu gün sosial media turizmin inkişafı üçün ən güclü vasitələrdən biridir. Hansı ki insanlar mədəniyyət ocaqları ilə tanış olmaq imkanlarından xəbər verir. Mən öz rolumu səyahətçilərlə ölkə arasında bir körpü kimi görürəm. Missiyam Azərbaycan, yalnız Bakıdan ibarət deyil, Xəzər sahillərindən Qusar və Lahıc dağlarına qədər bütöv bir dünyadır.
- Bəs bu istiqamətdə növbəti planlarınız nələrdir?
Hazırda turizm brendləri, otellər və agentliklərlə əməkdaşlıqlar qururam ki, birgə layihələr vasitəsiylə məsuliyyətli və davamlı turizmi təşviq edək. Eyni zamanda, gəncləri öz ölkələrini kəşf etməyə və Azərbaycanın gözəlliklərini dünyaya göstərməyə ruhlandırmaq istəyirəm.
Turizm sevgidir. Turizm mühafizədir. Mənim üçün səyahət təkcə yolda olmaq deyil, həm də dəyərlərdir. Mən inanıram ki, turizm həm təbiəti, həm insanı, həm də mədəniyyət ocaqlarını qorumalıdır. Hər səfər - səyahətə çıxanda biz yeni əlaqələr qurmaq, dünya haqqında biliyimizi artırıb dünyamızı gözəlləşdirməliyik.
- Və son olaraq - niyə məhz Fahri.Travel?
Bu ideya pandemiya dövründə yarandı. Mən hamı kimi evdə oturmalı idim. Düşündüm: - "İnstagramda nəyi maraqlı və fərqli başlaya bilərəm?" Həmin illərdə hələ elə bir trend yox idi ki, bloqerlər və ya turizm agentlikləri öz adları ilə çıxış etsinlər. Çoxu səhifələrini "travel blog" və ya "blogger" kimi adlandırırdı.
Amma insanlar artıq "Fahri" adını səyahətlə bağlayırdılar. Mən də düşündüm ki, layihəm sadə və mənim kimliyimi əks etdirən bir ad daşımalıdır - Fahri.Travel. Bu, mənim kim olduğumu göstərir: daim səyahətdə olan, yeni üfüqlər açan və Azərbaycanı dünyaya tanıdan bir insan.
- Çox gözəl dediniz. Təşəkkür edirik, Fahri.
Oxşar xəbərlər
Bu rayon üçün yeni zibil konteynerləri alınacaq
Zərdab rayonunda abadlıq və kommunal xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni zibil konteynerlərinin alınması və mövcud konteynerlərin təmiri ilə ba...