İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
Yeniliklərdən dərhal xəbərdar olun
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı təhlükələrin iqlimlə mübarizə tədbirlərindən daha sürətlə artdığı bildirilib.
BAKU.WS xəbər verir ki, London Universitet Kolleci və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı ilə hazırlanan hesabatda 30-dan çox ölkədən 100-dən artıq qurumun 146 tədqiqatçısının araşdırmalarına yer verilib.
Hesabata əsasən, Paris İqlim Sazişinin qüvvəyə mindiyi 2016-cı ildən 2023-cü ilədək hər il orta hesabla 540 min insan istilərlə əlaqəli səbəblərdən həyatını itirib. Bu ölümlərin 68 faizinin iqlim dəyişikliyi ilə əlaqəli olduğu qeyd edilib.
Yalnız 2023-cü ildə yüksək temperaturun 710 min insanın ölümünə səbəb olduğu bildirilib. Hesabatda iqlim böhranı ilə birbaşa əlaqələndirilən ölüm hallarının sayının malyariya və HİV-lə bağlı ölüm göstəricilərini də üstələdiyi vurğulanıb. 2016–2023-cü illərdə iqlim dəyişikliyinə aid edilən ölümlərin ümumi sayının təxminən 3 milyona çatdığı qeyd olunub.
İqtisadi itkilər 1 trilyon dolları ötüb
Hesabatda iqlim böhranının qlobal iqtisadiyyata da ciddi zərər vurduğu bildirilib. Artan temperatur və əmək məhsuldarlığının azalması səbəbindən 2025-ci ildə dünya iqtisadiyyatının potensial gəlir itkisinin 1 trilyon dolları keçdiyi qeyd olunub. Bu, itkilərin ardıcıl üçüncü il 1 trilyon dollar həddini aşması deməkdir.
Bundan əlavə, 2016–2025-ci illərdə ekstremal quraqlığın təsirinə məruz qalan torpaqların payının əvvəlki onilliklə müqayisədə təxminən 700 faiz artdığı bildirilib. 2025-ci ildə dünya ərazisinin yarıdan çoxunda ən azı bir ay ərzində kəskin quraqlıq müşahidə olunub.
Təmiz enerji sərmayələri artır
Hesabatda müsbət dəyişikliklərə də diqqət çəkilib. 2025-ci ildə təmiz enerji sahəsinə qlobal investisiyalar 7 faizdən çox artaraq 2,1 trilyon dollara çatıb. Bu məbləğin qalıq yanacaqlara yatırılan investisiyalardan 82 faiz çox olduğu bildirilib.
Bərpaolunan enerjinin elektrik istehsalındakı payı artsa da, qalıq yanacaqların qlobal enerji təchizatının 80 faizindən çoxunu təşkil etdiyi vurğulanıb. Hava çirklənməsinin isə hər il təxminən 2,7 milyon insanın ölümünə səbəb olduğu qeyd edilib.
Tədqiqatçılar iqlim dəyişikliyinin qlobal sağlamlıq üçün təcili təhlükə kimi tanınmasına çağırıblar. Onlar ÜST və Birləşmiş Millətlər Təşkilatının koordinasiyalı tədbirlər görməsini, insan sağlamlığının iqlim siyasətinin mərkəzinə qoyulmasını və istixana qazı emissiyalarının sürətlə azaldılmasını vacib hesab ediblər.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...