Ermənistandan nonsens nümunəsi: "Halva" deməklə "ağzını şirin etmək cəhdi"

Ermənistandan nonsens nümunəsi: Halva deməklə ağzını şirin etmək cəhdi
Siyasət 59

2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rəsmi Bakının müəllifi olduğu bu "oyun qaydaları" bölgədə sülh, sabitliyin təmin olunmasına şərait yaradır. Azərbaycan bunun üçün öhdəsinə düşəni edir. Qalib tərəf olmasına baxmayaraq, Bakının sülh təşəbbüsü ilə çıxış etməsi onun humanistliyinin ən bariz nümunəsidir. Ermənistan isə vaxtı ATƏT-in keçmiş Minsk Qrupunun etdiyini edir: vaxtı uzadır. Rəsmi İrəvanın sözü ilə əməli üst-üstə düşmür.

Azərbaycan Xarici İşlər Nazirliyinin martın 13-də yaydığı bəyanatda bildirilib ki, Ermənistanla sülh sazişi üzrə danışıqlar bitib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - bəyanatda bildirib.

Ermənistan Xarici İşlər Nazirliyi də bu məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır.

Bunun ardınca Ermənistan baş naziri Nikol Paşinyan danışıqların yekunlaşmasını mühüm hadisə kimi qiymətləndirib.

Əslində bu, tipik erməni riyakarlığıdır. Məsələ burasındadır ki, danışıqların başa çatması qarşılıqlı etimad mühitinin gücləndirilməsi baxımından öz-özlüyündə müsbət haldır. Bu, sülhə doğru daha bir addımdır.

Amma Ermənistanın hazırkı ritorikasının arxasındakı niyyət gün kimi aydındır: İrəvan bununla iki məqsədə nail olmaq istəyir. Birincisi, özünü beynəlxalq ictimaiyyətə sülhpərvər kimi göstərir və sülh sazişinin imzalanmamasında Azərbaycanı ittiham etməyə çalışır. İkincisi isə Bakının haqlı, məntiqli tələblərini gündəmdən salmağa çalışır.

Halbuki Azərbaycana sadəcə kağız parçası yox, davamlı sülh lazımdır. Bunun üçün isə tələblər yerinə yetirilməlidir. Həmin şərtlərin ən vaciblərindən biri Ermənistanın Konstitusiya dəyişikliyinə getməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Bu olmadıqca, əlbəttə, mümkün sülh kövrək olacaq. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi o deməkdir ki, bir neçə il sonra qarşı tərəf yenidən hansısa revanşa cəhd edə bilər. Rəsmi Bakı məhz bu ssenarinin qarşısını almağa çalışır.

Digər tərəfdən, Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir. Bu, ədalətin və beynəlxalq hüququn tələbidir. Üstəlik, Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən Ermənistan ərazisində olan şəxsləri, o cümlədən keçmiş prezidentlər Serj Sarkisyanla Robert Köçəryanı təhvil verməlidir.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dediyi kimi, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq: "Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar".

Əlbəttə, İrəvan bütün bunlara görə məsuliyyət daşıyır. İndi İrəvanın "biz sülh istəyirik" deyərək məsuliyyətdən yayınması riyakarlıqdan başqa bir şey deyil.

Nəzərə almaq lazımdır ki, cəmi 15 maddədən ibarət sənədin razılaşdırılması hələ onun imzalanması demək deyil. Prosesin bundan sonra necə inkişaf edəcəyi məhz Ermənistanın ritorikasından asılıdır. İrəvan hərbi-siyasi təxribatlarını davam etdirərsə, hücum silahları alaraq Azərbaycanın təhlükəsizliyinə təhdid yaradarsa, əlbəttə, mümkün sülh ehtimalını azaltmaqla yanaşı, həm də öz işini çətinləşdirəcək. Bu mənada Ermənistan anlamalıdır ki, hazırkı prosesin davam etməsi məhz onun konstruktiv mövqe tutmasından, o cümlədən Azərbaycanın tələblərini yerinə yetirməsindən asılıdır. Əks halda nəzərə almalıdır ki, Bakı sülh üçün tələsmir. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycan sülhsüz də yaşaya bilər. Olan Ermənistana olacaq: onsuz da Qərblə Rusiya arasında siyasi poliqona çevrilən Ermənistan bir azdan Ukraynanın taleyini də yaşaya bilər.

Son xəbərlər