Deputat: "Amnistiya aktı cəmiyyətə ünvanlanan mühüm mənəvi mesajdır"
"Müstəqil Azərbaycan dövlətinin bugünkü gücü və dayanıqlılığı təsadüfi deyil. Bu reallıq xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi, uzaqgörən dövlətçilik konsepsiyası və xilaskarlıq missiyası nəticəsində formalaşmış möhkəm təməllərə söykənir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, ulu öndərin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi sistemli xarakter alıb, qəbul edilən konstitusiya isə müasir dövlətçiliyimizin əsas hüquqi sütununa çevrilib:
"Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanı xaosdan sabitliyə, zəiflikdən gücə aparan strateji yol xəritəsi olub. Bu kursun əsas mahiyyəti güclü dövlətin qurulması, milli maraqlara söykənən siyasətin aparılması və xalq-hakimiyyət birliyinin təmin edilməsi idi. Konstitusiyanın qəbulu isə yalnız hüquqi akt deyil, eyni zamanda, müstəqil dövlətin gələcək inkişaf istiqamətlərini müəyyən edən tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu siyasi irsin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası nəticəsində ölkəmiz regionun ən güclü dövlətlərindən birinə çevrilib, xüsusilə milli təhlükəsizlik və müdafiə sahəsində keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu siyasətin ən parlaq nəticəsi isə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdir. Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, Prezident-xalq-ordu birliyinin və Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi oldu. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Bununla da Konstitusiyamızın ali hüquqi qüvvəsi Azərbaycanın bütün ərazilərində real şəkildə təmin olundu. Bu hadisələr müasir tariximizin ən böyük qələbəsi kimi dəyərləndirilir".
V.İskəndərov vurğulayıb ki, məhz bu tarixi Zəfərin və suverenliyin tam bərpasının fonunda Prezident İlham Əliyevin amnistiya təşəbbüsü dövlətimizin humanist mahiyyətini bir daha nümayiş etdirir:
"Amnistiya aktı yalnız hüquqi mexanizm deyil, eyni zamanda, cəmiyyətə ünvanlanan mühüm mənəvi mesajdır. Bu addım ölkəmizin güclü olması ilə yanaşı, həm də mərhəmətinin və ədalətinin təzahürüdür. Amnistiya layihəsində Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, həlak olan və itkin düşən qəhrəmanlarımızın yaxınlarına, müharibə nəticəsində əlil olmuş vətəndaşlara xüsusi diqqət yetirilməsi sosial ədalət prinsipinin bariz nümunəsidir. Bununla yanaşı, qadınların, yaşlı şəxslərin, yetkinlik yaşına çatmayanların və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi cəmiyyətin sağlamlaşdırılmasına xidmət edir. Proqnozlara görə, 20 mindən çox şəxsi əhatə edəcək bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən genişi olacaq. Bu fakt bir daha sübut edir ki, dövlət cəzanı məqsəd deyil, vasitə kimi qəbul edir və əsas hədəf vətəndaşların islah olunaraq cəmiyyətə yenidən qazandırılmasıdır. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü suverenliyin bərpası, konstitusiyanın tam tətbiqi və humanist dəyərlərin vəhdətini ifadə edən mühüm siyasi və hüquqi addımdır. Bu təşəbbüs Azərbaycanın güclü dövlət, məsuliyyətli hakimiyyət və birlik içində olan cəmiyyət modelini bir daha təsdiqləyir".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin amnistiya təşəbbüsünün 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünün ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. BAKU.WS-in Azərtac-a istinadən məlumatın...