Qərbi Azərbaycan Xronikası: Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə olub. O, doğulub boya-başa çatdığı Qarakilsə rayonunun Murğuz kəndindən söhbət açıb.
Professor qeyd edib ki, Murğuz toponimi türk dilində "təpə" mənasında işlənən "mar" sözünün fonetik variantı olan "mur" sözü ilə "ğuz" etnonimi əsasında əmələ gəlib. "Ğuz" ərəb mənbələrində "Oğuz" etnoniminin adını təşkil edir. Bu faktın özü Murğuzun tarixən türklərin yaşadığı qədim kənd olduğunu sübut edir.
Müsahibin sözlərinə görə, ötən əsrin əvvəlində Qarakilsə rayonu, o cümlədən Murğuz kəndi bir neçə dəfə ermənilərin silahlı basqınlarına məruz qalıb. 1918-ci ildə isə buradakı azərbaycanlılara qarşı soyqırımı və deportasiya törədilib. Murğuz sakinləri Naxçıvana və Azərbaycanın digər yaşayış məntəqələrinə pənah aparıblar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra isə sağ qalan soydaşlarımız tədricən öz evlərinə qayıda biliblər. 1988-ci il deportasiyasına qədər Murğuzda 800 azərbaycanlı yaşayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. BAKU.WS xəbər verir ki, bu mərhələdə Xocavəndin Sos...