Bakı və Pekin: ikitərəfli əməkdaşlıqdan qlobal təşəbbüslərə

Bakı və Pekin: ikitərəfli əməkdaşlıqdan qlobal təşəbbüslərə
Siyasət 34

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Tiencin şəhərinə səfəri ikitərəfli münasibətlərin strateji məzmununu daha da zənginləşdirdi və tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi.

Bu səfər həm diplomatik protokol çərçivəsində, həm də konkret iqtisadi, nəqliyyat və enerji layihələri ilə diqqətəlayiqdir. Dövlət başçısının aparıcı Çin şirkətlərinin rəhbərləri və beynəlxalq maliyyə qurumlarının sədrləri ilə keçirdiyi görüşlər Azərbaycanın iqtisadi, nəqliyyat və enerji xəritəsində yeni mərhələnin əsasını qoydu.

Tiencində keçirilən yüksək səviyyəli danışıqlar və imzalanan sənədlər Azərbaycanın qlobal enerji və logistika sistemində artan rolunu təsdiqləməklə yanaşı, Pekinlə Bakının əməkdaşlığının həm regional, həm də beynəlxalq miqyasda strateji tərəfdaşlığa çevrildiyini nümayiş etdirdi. Bu əməkdaşlıq Azərbaycanın çoxvektorlu xarici siyasət kursuna tam uyğun gəlir və ölkənin həm regional güc mərkəzi, həm də beynəlxalq təşəbbüslərin etibarlı tərəfdaşı statusunu daha da gücləndirir.

Prezident İlham Əliyevin səfəri göstərdi ki, Azərbaycan-Çin münasibətləri artıq yalnız enerji və ticarətlə məhdudlaşmır. Bugünkü tərəfdaşlığın gündəliyində "yaşıl enerji", yüksək texnologiyalar, nəqliyyat dəhlizlərinin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və humanitar sahələrdə əməkdaşlıq dayanır. Bu baxımdan səfərin nəticələri ölkəmizin həm Orta Dəhlizdə aparıcı tranzit qovşağına, həm də "yaşıl enerji mərkəzi"nə çevrilməsi yolunda əhəmiyyətli bir mərhələ oldu.

Siyasi iradənin dəstəklədiyi bu strateji tərəfdaşlıq özünü ilk növbədə iqtisadi rəqəmlərdə göstərir. Azərbaycanın Çinlə ticarət dövriyyəsində, qarşılıqlı investisiyalar son illərdə müşahidə olunan dinamik artım səfərin nəticələrinin iqtisadi zəminini daha aydın nümayiş etdirir.

Ticarət və investisiya əlaqələrində sürətli artım

Son səfərlər çərçivəsində əldə olunan razılaşmalar göstərir ki, iki ölkə arasında investisiyaların həcmi daha da genişlənəcək. 1995–2024-cü illər ərzində Çinin Azərbaycana birbaşa investisiya axınları Azərbaycanın bu ölkəyə yatırımlarını 3,6 dəfə üstələyib. Belə ki, həmin dövrdə Çindən Azərbaycan iqtisadiyyatına 948,5 milyon ABŞ dolları, Azərbaycandan isə Çinə 266 milyon ABŞ dolları həcmində sərmayə yönəldilib.

İnvestisiyalardakı bu artım paralel olaraq ticarət dövriyyəsinə də təsirsiz qalmayıb. Ötən il Azərbaycan-Çin ticarət dövriyyəsi 3 milyard 744 milyon ABŞ dolları olub. Bunun 3 milyard 725 milyon dolları idxal, 19,7 milyon dolları isə ixrac hissəsinə düşüb. Son 10 ildə iki ölkə arasında qarşılıqlı ticarət 5,6 dəfə artıb.

2025-ci ilin ilk altı ayında isə ticarət dövriyyəsi 2 milyard 88 milyon ABŞ dollarına çataraq bir il öncəki göstəricidən 28 % çox olub. Bu dövrdə idxal 25,6 % artaraq 2 milyard 42 milyon ABŞ dollarını ötüb, ixrac isə 4,4 dəfə artaraq 46,3 milyon ABŞ dollarına çatıb.

Azərbaycanın Çindən idxal etdiyi məhsullar arasında 445,2 milyon ABŞ dolları dəyərində qtraktor, avtobus, minik və yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, 135 milyon ABŞ dolları dəyərində smartfonlar, 108,2 milyon ABŞ dolları dəyərində qızıl, 90,8 milyon ABŞ dolları dəyərində geyim, 71,7 milyon ABŞ dolları dəyərində elektrogenerator qurğuları, 61,2 milyon ABŞ dollarlıq kondisioner və hissələri, 56,5 milyon ABŞ dollarlıq kommutasiya qurğuları, videofon, domofon, kamera, monitor, qəbuledici aparatlar, 49,7 milyon ABŞ dollarlıq ayaqqabı və digər sənaye və məişət məhsulları yer alıb.

Eyni zamanda, Azərbaycan Çinə əsasən neft koksu (26,3 milyon ABŞ dollarlıq), polietilen (6,74 milyon ABŞ dollarlıq), trikotaj məmulatları (2,57 milyon ABŞ dollarlıq), kişilər üçün trikotaj köynəklər, corab məmulatları, qadınlar üçün toxunma dəstləri (2,57 milyon ABŞ dollarlıq), yod (1,85 milyon ABŞ dollarlıq) və digər materialları ixrac edib.

Bu iqtisadi dinamika ölkələr arasında qarşılıqlı ticarətin artmasının yalnız statistik göstərici olmadığını, həm də enerji və nəqliyyat sahəsində əməkdaşlıq üçün münbit zəmin yaratdığını göstərir.

Bu ticarət dinamikası göstərir ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələr yalnız mal dövriyyəsi ilə məhdudlaşmır. İndi tərəfdaşlıq yeni sahələrə - xüsusilə bərpa olunan enerji və yüksək texnologiyalar istiqamətinə doğru genişlənir.

Tərəfdaşlıqda "yaşıl istiqamət"

Azərbaycan bərpaolunan enerji sahəsində Cənubi Qafqazın liderinə çevrilmək yolundadır. Prezident İlham Əliyevin Tiencində "China Energy Engineering Corporation Limited" və "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətləri ilə görüşləri bu istiqamətdə mühüm addım oldu. Görüşlərdə günəş və külək enerjisi stansiyalarının inşası, fotovoltaik panellərin tətbiqi və tullantı sularının təmizlənməsi layihələri müzakirə edilib.

Xüsusilə Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı üzrə müəssisənin yaradılması nəzərdə tutulur. İstehsalın böyük hissəsi xarici bazarlara ixrac olunacaq, bu isə Azərbaycanın "yaşıl enerji ixracçısı" kimi strateji rolunu gücləndirəcək.

Bu məqamda qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri zamanı bu istiqamətdə konkret sənədlər imzalanıb. Bunlara 260 MVt gücündə günəş elektrik stansiyası, 100 MVt-lıq üzən günəş stansiyası, 30 MVt-lıq batareya saxlanc sistemi və Xəzər dənizində minimum 2 QVt gücündə külək stansiyalarının tikintisi daxildir. Qobustan rayonunda hər il təxminən 180 milyon kilovat/saat elektrik enerjisi istehsalı nəzərdə tutan 100 MVt gücündə günəş elektrik stansiyasının 2026-cı ildə istismara verilməsi planlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək.

Bu layihələr həm də Azərbaycanın regional enerji xəritəsində statusunu dəyişməklə yanaşı, nəqliyyat və logistika sektorunda artan əməkdaşlığa əlavə güc verir. Çünki enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri qarşılıqlı olaraq bir-birini dəstəkləyən sahələrdir.

Əməkdaşlıqda nəqliyyat amili

Prezident İlham Əliyevin Tiencin şəhərində "CCCC" şirkətinin sədri ilə görüşündə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Əslində, Çin şirkətlərinin bu prosesdə iştirakı bu layihələrin icrasını sürətləndirir və Azərbaycanın regiondakı strateji mövqeyini möhkəmləndirir.

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan üçün bu istiqamətdə Çinlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan lideri "ŞƏT plyus" formatında keçirilən iclasda bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub dəhlizlərinin mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Dövlət başçısının sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşulara fayda gətirəcək.

Trans-Xəzər nəqliyyat dəhlizi və Bakı Beynəlxalq Dəniz Limanı ilə bağlı Bakı-Pekin əməkdaşlığı Azərbaycanın həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba nəqliyyat əlaqələrinin kəsişmə nöqtəsi statusunu möhkəmləndirəcək. Regionda artan ticarət həcmi fonunda Orta Dəhliz üzərindən yüklərin daşınması Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, ölkənin beynəlxalq iqtisadi-siyasi nüfuzunu da gücləndirəcək.

"Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün qorunmasına, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə töhfə veririk", - Prezident İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

Bakı Beynəlxalq Dəniz Limanı da bu mənada mühüm rol oynayır. Onun ikinci mərhələsinin Çin şirkətləri ilə birgə reallaşdırılması Azərbaycanın tranzit infrastrukturunu daha da müasirləşdirəcək və ölkənin logistika potensialını artıracaq.

Bütün bunlar Azərbaycanın həm yükdaşımada, həm də insan axınında Çinlə daha sıx inteqrasiyaya hazır olduğunu göstərir. Bu inteqrasiyanın humanitar və turizm istiqamətindəki mühüm dayağı isə vizasız rejimdir.

Strateji tərəfdaşlıq və vizasız rejim

Azərbaycan-Çin münasibətləri bu il strateji tərəfdaşlıq sənədi və vizasız rejimin tətbiqi ilə daha da inkişaf edib. Bu addımlar işgüzar dairələr, turizm və mədəni sahədə yeni imkanlar yaradıb. 2024-cü ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 93 % artaraq 44 min 788 nəfərə çatıb. Bu ilin ilk yeddi ayında isə 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib, bu da 56 % artım deməkdir.

Vizasız rejim yaxın illərdə Azərbaycan və Çindən qarşılıqlı turist axınını əhəmiyyətli dərəcədə artıracaq. Mədəniyyət və humanitar əməkdaşlıq isə xalqlar arasında birbaşa təmasların güclənməsinə səbəb olacaq.

Bir sözlə, Prezident İlham Əliyevin Çinə səfəri göstərib ki, Bakı və Pekin yalnız ikitərəfli əməkdaşlığı deyil, həm də qlobal miqyaslı təşəbbüsləri birgə reallaşdırmaq niyyətindədirlər.

Enerji, nəqliyyat və investisiya sahələrində yeni layihələrin icrası Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə çəkisini artıracaq, ölkəni regionun aparıcı enerji və logistika mərkəzinə çevirəcək. Bu, həm də Azərbaycanın çoxvektorlu xarici siyasət kursuna tam uyğundur. Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərib. Əməkdaşlığın əsas istiqamətləri isə "yaşıl enerji", infrastruktur və nəqliyyat dəhlizlərinin inkişafı olacaq.

Azərbaycanın "yaşıl enerji mərkəzi"nə çevrilməsi, Orta Dəhlizdə aparıcı tranzit qovşaq kimi mövqeyinin möhkəmlənməsi və Çinin "Bir kəmər, bir yol" təşəbbüsündəki rolu hər iki ölkə üçün strateji üstünlüklər formalaşdırır.

Beləliklə, bu əməkdaşlıq həm Bakı və Pekin üçün, həm də bütün region üçün yeni iqtisadi imkanlar və sabit inkişaf perspektivləri yaradır.

Son xəbərlər