Azərbaycanlı oliqarx Putinlə 20 dəqiqəlik söhbətdən sonra 30 milyard itirdi

Azərbaycanlı oliqarx Putinlə 20 dəqiqəlik söhbətdən sonra 30 milyard itirdi
Siyasət 24099

Ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən "Lukoyl”un prezidenti Vahid Ələkbərov danışıqlardan sonra milyardlarla rubl dəyərində pul itirib.

BAKU.WS xəbər verir ki, V.Ələkbərovun şirkəti Putinlə 20 dəqiqəlik söhbətdən sonra 30 milyard rubl (780 milyon manat) ziyana düşüb.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, görüş zamanı Putin Ələkbərova təklif edib ki, "Lukoyl” şirkəti "Rosneft”in səhmlərinin alınmasında iştirak etsin.

Lakin azərbaycanlı iş adamı Rusiya prezidentinin təklifini müsbət qiymətləndirməyib. O deyib ki, şirkəti "Rosneft”in özəlləşdirilməsində iştirak etməyəcək.

Bundan sonra, Vahid Ələkbərovun 22,7 faiz payla əsas səhmdarı olduğu "Lukoyl” şirkətinin qiymətli kağızları noyabrın 2-si Moskva birjalarında 3,9 faiz, növbəti gün isə daha 1 faiz ucuzlaşıb.

Dünən yayılan xəbərlərdə bildirlirdi ki, özəl neft şirkətlərində toplanmış pul ehtiyatları "Rosneft” dövlət şirkətinin özəlləşdirilməsi yolu ilə büdcəyə daxil ola bilər. Kreml "Rosneft”in səhmlərinin bir hissəsini özəlləşdirməyə çıxarmağa hazırlaşır. Məlumata görə prezident Vladimir Putin şirkətin səhmlərinin 19.5 faizini 700 milyard rubla (11 milyard dollara yaxın) almağı Vahid Ələkbərova təklif edib.

Qəzet yazır ki, Putin oktyabrın 31-də Xəzərin şimal hissəsində, Həştərxan yaxınlığında "Lukoil”un aktivlərinə daxil olan Filanovski adına neft yatağının istismarının başlaması münasibətilə keçirilən mərasimdə Vahid Ələkbərovu maşınına çağırıb və bu təklifi şəxsən ona çatdırıb. Bu haqda Kremlə yaxın mənbələr bildirib.

Mənbənin sözlərinə görə, Putin azərbaycanlı oliqarxla maşında 20 dəqiqəyə yaxın söhbət edib. Ancaq söhbət zamanı Ələkbərovun Putinin təklifinə necə reaksiya verdiyi məlum deyil. Bundan əvvəl V.Ələkbərov demişdi ki, "Lukoil” "Rosneft”in səhmlərinin özəlləşdirilməsində iştirak etməyi planlaşdırmır.

Lakin "Lukoil”un balansında bu ilin iyul ayına olan vəziyyətə görə 5.4 milyard dollar pul vəsaiti var. Bu, indiki məzənnə ilə 340 milyard rubldur, yəni hökumətin büdcəni yamamaq üçün axtardığı vəsaitin yarısıdır.

"Vedemosti” yazır ki, növbədə öz hesabında 30 milyard dollar saxlayan "Surqutnefteqaz” şirkətidir. Bu şirkət 10 ildən çox öz sahiblərini gizlədir, onun səhmlərinin kimə məxsus olduğu hələ də sirr olaraq qalır. "Surqutnefteqaz” 90-cı illərin ortalarında özəlləşdirilib, direktoru elə o vaxtdan Vladimir Boqdanovdur. 

Lakin bir neçə il əvvəl Boqdanov özü "Financial Times”ə bildirmişdi ki, şirkətin səhmlərinin cəmi 2 faizi ondadır, qalanların kimə məxsus olduğunu bilmir. Hərçənd ki, "Surqutnefteqaz” Rusiyanın ən varlı və maliyyə vəziyyəti ən sabit olan neft şirkətidir. Lakin o da "Rosneft”in özəlləşdirilməsində iştirak etmək istəmir.

Hökumətdəki mənbə isə TASS-a bildirib ki, əgər neft bahalaşmasa büdcə kəsirini  doldurmaq üçün 700 milyard rubl da kifayət etməyəcək. Ona görə də hökumət bu il "Rosneft”İn 19.5 faizini sata bilsə gələn il daha 10 faizini sata bilər.

Saməddin Mehralıyev

BAKU.WS

Son xəbərlər