Xalq artisti Hacı İsmayılovun 82 yaşı tamam olur
Bu gün Xalq artisti, görkəmli aktyor Hacı İsmayılovun doğum günüdür. Onun 82 yaşı tamam olur.
İsmayılov Hacı Məcid oğlu 1944-cü il yanvarın 22-də Bakıda doğulub.
O 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb.
Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
Aktyor prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.
Hacı İsmayılovun filmoqrafiyası "Atayevlər ailəsi"(1978), "Babamızın babasının babası"(1981), "Bəyin oğurlanması"(1985), "Fəryad"(1993), "Güzgü" (1990), "Həm ziyarət, həm ticarət..."(1995), "Qonşu qonşu olsa..."(1989), "Məşədi İbad-94"(2005), "Ölsəm... bağışla"(1989), "Ulduz"(1964), "Təxribat"(1989) kimi ekran işləri ilə zəngindir.
Hacı İsmayılov 25 il əvvəl, 2000-ci ildə Azərbaycanın "Xalq artisti" adına layiq görülüb.
Ailəlidir, iki övladı və üç nəvəsi var.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 102 il ötür
Bu gün Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Onun anadan olmasından 102 il ötür. Şərqdə ilk opera yazan qadın bəstəkar, Şəfiqə Qulam qızı Axundova 1924...