Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun ulduzu Kriştiano Ronaldonun 16 yaşlı oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 yığmasının heyətində debüt edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçunun milli komandaya dəvət olunması onun gələcək karyerası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Kriştiano Junior kiçik yaşlarından atasının təsiri ilə futbol ictimaiyyətinin diqqət mərkəzindədir. O, müxtəlif dövrlərdə "Yuventus" və "Mançester Yunayted"in akademiyalarında məşq edib, hazırda isə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun sistemində çıxış edir.
190 santimetr boya malik olan gənc hücumçu əvvəlcə cinah oyunçusu kimi çıxış etsə də, fiziki göstəricilərinin dəyişməsi ilə əsasən mərkəz hücumçusu mövqeyində oynamağa başlayıb.
Mütəxəssislərin diqqətini onun sürəti, hər iki ayaqla zərbə vurmaq bacarığı, hava toplarında üstünlüyü və cərimə meydançasında düzgün mövqe seçməsi cəlb edir. O, hücumların qurulmasında da iştirak edir və rəqib müdafiəçilərindən çevik hərəkətlərlə yayınmağı bacarır. Oyun üslubuna görə onu "Mançester Siti"nin hücumçusu Erlinq Holandla müqayisə edənlər də var.
Juniorun Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında statistikası da diqqətəlayiqdir. O, U-15 yığmasında Xorvatiyaya, U-16 komandasında isə Yunanıstana qarşı dubl edib, Uelsin qapısına da bir qol vurub. Ümumilikdə, gənc futbolçunun milli komandaların aşağı yaş qruplarında hər 110 dəqiqədən bir qol vurduğu bildirilir.
Bununla belə, onun potensialını qiymətləndirmək hələ tezdir. Junior milli komandada müntəzəm əsas heyət oyunçusu deyil və keçirdiyi 14 matçda ümumilikdə 550 dəqiqə meydanda olub. Portuqaliyanın gənclər yığmalarında onunla eyni mövqelərdə çıxış edən digər istedadlı futbolçularla ciddi rəqabət mövcuddur.
Qeyd edək ki, Ronaldonun oğlunun uğurlarını yalnız atasının nüfuzu ilə əlaqələndirmək düzgün olmazdı. Onun oyununda müəyyən texniki və fiziki üstünlüklər görünür. Lakin daha yüksək səviyyəli rəqabətdə özünü sübut etməsi vacibdir.
Kriştiano Ronaldo da dəfələrlə bildirib ki, oğlunu futbolçu olmağa məcbur etmir və onun gələcək peşəsini özü seçməsini istəyir. Ulduz futbolçu övladına istedadla yanaşı, zəhmətin və intizamın da vacib olduğunu aşılamağa çalışır.
Kriştiano Juniorun qarşısında atasının adından doğan böyük gözləntilər və ciddi rəqabət var. Onun gələcəkdə dünya futbolunun aparıcı oyunçularından birinə çevrilib-çevrilməyəcəyini isə yalnız zaman və meydandakı çıxışı göstərəcək.
Oxşar xəbərlər
Vinisius Junior: "Mən də insanam, tez-tez səhvlər edirəm"
Madrid "Real"ının və Braziliya millisinin hücumçusu Vinisius Junior mövsümə hazırlıq prosesində yol verdiyi səhvlərdən danışıb. Futbolçu 2026-cı il dünya çempio...