Teatrda "Leyli və Məcnun" QALMAQALI - Nəzakət Teymurova və Mənsum İbrahimov gənclərə əngəl olurlar?

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Opera günləri" layihəsi çərçivəsində təqdim olunan Üzeyir Hacıbəyovun ölməz əsəri "Leyli və Məcnun" sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Narazılıqların əsas səbəbi isə Leyli və Məcnun rollarının gənc ifaçılara verilməməsidir. Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimovun məktəbindən çıxmış onlarla gənc, istedadlı muğam ifaçısı olmasına baxmayaraq, Opera və Balet Teatrının səhnəsində yenidən məhz bu iki sənətkarın çıxış etməsi sosial platformalarda fikir ayrılığına səbəb olub.
İddialara görə, sənətkarlar Leyli və Məcnunun məhəbbətini gənc ifaçıların səs tellərinə rəva bilmirlər. Xanəndə Kamilə Nəbiyevanın Leyli obrazı üzərində üç ay məşq etməsinə baxmayaraq, sonda səbəbsiz yerə afişalardan adının çıxarılması bir müddət əvvəl ictimai narazılıq doğurmuşdu.
Əməkdar artist Nigar Şabanova isə verdiyi müsahibələrin birində deyib ki, bu səhnədə Leyli olmaq üçün "əlini cibinə salmaq" lazım gəlir. Məsələ ilə bağlı Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov da münasibət bildiriblər.
Nəzakət Teymurova deyib:
"Yetərincə Leyli və Məcnunumuz var. Bu barədə danışmaq istəmirəm. Həmin teatrda çalışıram, hansı rolu versələr, onu da ifa edirəm".
Mənsum İbrahimov isə bildirib:
"İldə bir dəfə tamaşaçıların istəyi ilə Məcnun rolunu ifa edirəm. Bu gün orada kifayət qədər ifaçılar var. Onların çoxunu da elə mən özüm gətirmişəm".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Şəmistan Əlizamanlı Türkiyədə filmə çəkiləcək
Türkiyənin "TRT 1" kanalında yayımlanan "Mehmet: Fetihlər Sultanı" serialının sezon finalında Azərbaycanın hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əl...
