Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA

Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA
Hadisə 1728
"Avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların ilin sonunadək başa çatdırılması nəzərdə tutulub".BAKU.WS xəbər verir ki, bunu APA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə mütəxəssisi İdris İsmayılov deyib.O bildirib ki, partlayış baş verəndən sonra ANAMA-nın şəxsi heyəti əraziyə cəlb olunub: "Bununla bağlı Xızıda operativ qərargah yaradılıb. Qərargahda Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nümayəndələri fəaliyyət göstərirlər. İlkin olaraq ərazi ANAMA-nın tədqiqat qrupu tərəfindən tədqiq edilib, ərazidə sursatların yayılma arealı müəyyən olunub. Sursatların ən uzaq düşmə məsafəsi 15 km idi. Ümumilikdə isə 10 min hektara yaxın əraziyə partlamamış hərbi sursat (PHS) yayılıb". İ. İsmayılovun sözlərinə görə, 45 iş günü ərzində 4717 hektar ərazi yoxlanılıb, 12 636 ədəd PHS aşkar edilərək zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Hazırda 50%-ə yaxın ərazi - sahil tərəf, hərbi hissənin qarşısından dənizə qədər ərazilər təmizlənib. 12 evə, habelə 46 evin həyətyanı, otlaq və əkin sahələrinə sursatlar düşüb. Ümumilikdə 58 evə baxış keçirilib və aşkar edilmiş PHS-lərin qalıqları həmin evlərdən götürülüb.ANAMA-nın mütəxəssisi qeyd edib ki, əməliyyatlar aparılan zaman Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Yeni Yaşma kəndləri ərazisində məktəblər və xəstəxanalarda, insanların kütləvi toplaşdıqları ərazilərdə Agentlik tərəfindən maarifləndirmə işi aparılıb: "Əraziyə yayılmış sursatların şəkilləri insanlara paylanılıb ki, bu kimi sursatlar, partlayıcı elementləri gördükləri an dərhal ANAMA-ya, Fövqəladə Hallar Nazirliyinin "112" və Daxili İşlər Nazirliyinin "102" qaynar xidmətlərinə məlumat versinlər. Bu müddət ərzində qərargaha 150-yə yaxın yerli sakin tərəfindən müraciətlər daxil olub. 45 iş günü ərzində isə ANAMA-nın əməkdaşları tərəfindən 8868 nəfər yerli sakinlə mina və partlamamış hərbi sursatlara qarşı təhlükəsizliyə dair maarifləndirmə işi aparılıb".Qeyd edək ki, avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.BAKU.WS

Son xəbərlər