Stalinin Azərbaycanda həbsdə saxlanıldığı tarixi Zindan qalası uça bilər (VİDEO)
31
yan
2018
10:21
Lənkəranda bir neçə yüz ilə şahidlik edən qala qəzalı vəziyyətə düşüb. Bu həmin qaladır ki, bir vaxtlar onun kameralarının birində keçmiş Sovet imperiyasının rəhbəri İosif Stalin də məhbus həyatı yaşayıb. Həmin o dairəvi qalanın indi təmirə ehtiyacı var.APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bu qala el arasında Zindan qalası kimi də tanınır. Dairəvi qala Nadir Şah Əfşarın göstərişi əsasında 1747-1786-cı illərdə avropalı mühəndislər və Təbriz ustalarının əməyi nəticəsində inşa olunub. 2006-cı ildə tarixi tikilidə əsaslı şəkildə təmir-bərpa işləri aparılsa da, 2015-ci ildən qala normadan artıq qarın yağması nəticəsində bu hala düşüb. O vaxtdan yağan qar və yağış suları qalanın içinə doğru axır. Bundan başqa, tarixi tikilinin divar hissəsi də uçub dağılmağa başlayır."Bu, bizim Lənkəranın köhnə tarixi abidəmizdir. Əvvəllər burada həbsxana olmuşdu. İndi bu, tarixi abidə kimi yaşayır. Bir neçə il bundan əvvəl təmir olunduqdan sonra indi bu hala düşdüyünə görə bura gəlib-gedən yoxdur baxımsızlıq ucbatından. Hazırda bunun təmirə ehtiyacı var, biz gərək onlara diqqət edək, saxlayaq", - rayon sakini Hüseynağa Mirzəyev belə deyir.Qalanın ətrafında olan divarları Sovet hakimiyyəti dövründə sökülüb. Dairəvi qala XIX əsrin sonlarından zindan kimi istifadə olunub. Tarixçi Həşim Kəlbiyevin sözlərinə görə, burada bir çox tarixi şəxsiyyətlər, eyni zamanda Sovet hakimiyyətinə qarşı çıxan inqilabçılar da zaman-zaman həbsdə yatıb:"Rusiya kəndli bankının Lənkəran filialını soyduğu üçün Stalin həbs olunaraq bir neçə müddət orada həbsxanada saxlanılıb. Lakin yoldaşları onu oradan qaçırmışlar. Stalinin yaxın dostu Abbas Abıyev Çar Rusiyasına xidmət etməsinə baxmayaraq, inqilabi mübarizədə köməklik edirdi. Hətta bankı soymasında Stalinə köməklik də edib".Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunaraq, ölkənin memarlıq abidələri siyahısına daxil edilən bu abidə bir vaxtlar Lənkəran qalasının mühüm hissəsi olub. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirildi ki, Zindan qalasının təmir-bərpa işləri 2018-2021-ci illərə nəzərdə tutulub. Artıq bununla bağlı layihə də hazırdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir – 170 yaşı var – VİDEO
Azərbaycanda 170 ilə yaxın yaşı olan ilk aptek hələ də əhaliyə xidmət edir. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qa...