Prezidentin xanımı İçərişəhərdə oldu (FOTO)
Sentyabrın 15-də Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova İçərişəhərlə tanış olub. Qonağı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Samir Nuriyev qarşılayıb.
BAKU.WS-in məlumatına görə, qonağın İçərişəhərlə tanışlığı Qoşa Qala qapısından başlayıb. Kiçik Qala küçəsində gəzinti zamanı Çexiyanın birinci xanımı təndirdə bişirilən çörəyə qonaq edilib.
Sonra xanım İvana Zemanova elektromobillə İçərişəhərdə gəzintiyə çıxıb. İdarə rəisi cənab Samir Nuriyev qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri yerləşir və bu abidələr dövlət tərəfindən qorunur.
Sonra qonaq Şərq memarlığının şah əsərlərindən biri - dünya əhəmiyyətli abidə olan Şirvanşahlar Saray Kompleksi və burada yeni yaradılmış muzey ekspozisiyası ilə tanış olub.
Ginnesin Rekordlar Kitabına daxil edilmiş Miniatür Kitab Muzeyini ziyarət edən İvana Zemanovaya muzeyin fəaliyyəti və onun ekspozisiyasına daxil olan kitablar barədə ətraflı məlumat verilib.
Sonra qonaq Qız qalası ilə tanış olub. Qonağa Bakının simvolu olan əzəmətli Qız qalası, tarixi abidənin unikal forması, memarlıq xüsusiyyətləri və burada yeni yaradılmış muzey ekspozisiyası barədə ətraflı məlumat verilmişdir. İkimərtəbəli Karvansara, eləcə də Sıratağlı Dini-Memarlıq Kompleksi ərazisindəki açıq səma altında bədii daşyonma sənəti nümunələri ekspozisiyası da birinci xanımın böyük marağına səbəb olub.
Xanım İvana Zemanova həmçinin Qız qalası yaxınlığında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ənənəvi olaraq hər il keçirilən "Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən hər biri özünəməxsus və fərqli üslubda bəzədilən Qız qalası maketləri ilə tanış oldu. İdarə rəisi cənab Samir Nuriyev ənənəvi olaraq hər il keçirilən festival və onun əhəmiyyəti barədə məlumat verdi.
Bakının tarixi hissəsi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.
Sonda Çex Respublikası Prezidentinin xanımı İvana Zemanovaya "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.
BAKU.WS
Oxşar xəbərlər
Çexiya prezidenti Azərbaycana gəldi
Azərbaycana rəsmi səfərə gələn Çex Respublikasının prezidenti Miloş Zemanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub. BAKU.WS-in məlumatına görə, hər ik...