Camal Haşoqqinin qətlində yeni detallar
Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətlə yetirilməsi ilə bağlı yeni detallar üzə çıxıb. Jurnalistin həyatının son anlarının yer aldığı kadrlar yayılıb.
Türkiyənin A Haber telekanalının efirində nümayiş olunan videoda İstanbulun ayrı-ayrı yerlərində qurulan kameralardan görüntülər cəmlənib.
Bildirilir ki, jurnalist London aviareysi ilə İstanbula sentyabrın 28-də gəlib. Həmin gün o, öz nişanlısı ilə nikah prosesini yekunlaşdırmaq üçün Fatih Bələdiyyəsinə yollanıb. Haşoqqi çatışmayan sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının baş konsulluğuna daxil olub.
Təxminən 1,5 saatdan sonra oradan çıxıb və nişanlısına deyib ki, boşanma və yeni nikaha daxil olma haqqında sənəd İstanbula növbəti səfərinədək hazır olacaq. Həmin günün axşamı jurnalist Londona yollanıb və oktyabrın 2-də yenidən İstanbula qayıdıb. Ona sənədlərin hazır olduğu bildirildikdən sonra Haşoqqi nişanlısı ilə konsulluğa yollanıb. Saat 13.14-də o, binaya daxil olub və bir daha oradan çıxmayıb.
Bildirilir ki, təxminən eyni vaxtda İstanbul hava limanında kəşfiyyat polkovniki Maher Əbdüləziz Mutreblə birgə səudiyyəli kəşfiyyatçıların olduğu təyyarə eniş edib.
Haşoqqi ilə bağlı son məlumatlardan biri odur ki, jurnalistin cəsədi İstanbulda quyuda aşkar edilib.
Bununla bağlı Vətən Partiyasının sədri Doğu Pərinçək məlumat verib. Onun sözlərinə əsasən, cəsəd Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun ərazisindəki quyuda tapılıb. Pərinçək bu məlumatı İstanbul təhlükəsizlik xidmətindəki mənbədən aldığını bildirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr Haşoqqinin ölümü ilə bağlı yeni açıqlama verib: “Bir daha əsla belə bir şey baş verməyəcək. Camal Qaşıqçının istintaqı baş verənlərə dair həqiqətləri ortaya çıxaracaq”.
Üzə çıxan bu fakt isə daha çox diqqət çəkir. Belə ki, Qaşıqçı öldürülməzdən bir neçə ay əvvəl Ər-Riyadın ABŞ-dakı səfiri, kral Salmanın oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salmanın qardaşı Xalid bin-Salmanla görüşüb.
“Report” xəbər verir ki, məlumatı “NBC” telekanalı yayıb. Vaşinqtonda keçirilən görüş yarım saata yaxın sürüb. Səfirlə jurnalist arasında söhbətin məzmunu məlum olmasa da, “NBC” C.Haşoqqinin görüşdən “məmnun” qaldığını vurğulayıb.
“Səudiyyə Ərəbistanı ”Camal Haşoqqinin meyitini Türkiyəyə təhvil vermişik" deyir. Onlar meyiti kimə verdiklərini açıqlamalıdırlar". Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. Onun sözlərinə görə, hadisələrin gedişatı Haşoqqinin qətlinin planlaşdırılmış şəkildə həyata keçirildiyini deməyə əsas verir.
“Hadisə İstanbulda baş verdiyindən biz də araşdırma aparmağa məcburuq. Səudiyyə Ərəbistanının kralı ilə əlimizdəki məlumatları paylaşdım. Kralın təlimatı üzrə orada araşdırma apardıq.
Baş Konsulluğun məsuliyyətsiz davrandığını krala söylədim. Onu tutduğu vəzifəsindən azad etdilər. Sui-qəsddən bir gün sonra Krallıq Camal Haşoqqinin Baş Konsulluqda öldürüldüyünü etiraf edib. Kral Salman hadisə ilə bağlı 18 nəfərin tutulduğunu bildirdi. Onların adları bizim şübhələndiklərimiz şəxslərlə eyni idi.
Ölkəmizin etibarına yönələn bu sui-qəsdlər bizi yolumuzdan döndərə bilməz. Heç kim unutmasın ki, bunlar Türkiyənin sərhədləri daxilində baş verir. Vyana Konvensiyası da buna yol vermir. Biz bu cinayəti axıradək araşdıracağıq. Türkiyə bu məsələni təqib edəcək. İndiyədək ortaya çıxan dəlillər göstərir ki, Camal Haşoqqi vəhşicəsinə öldürülüb.
Cinayətin adi bir hadisədən qaynaqlanmadığı, planlı bir qətl olması haqqında əlimizdə dəlillər var. Cinayət günü 15 nəfər niyə İstanbulda toplanmışdı? Onlar kimdən əmr alaraq bura gəlmişdilər?
Cinayət açıq-aşkar ortadaykən niyə onlarla əsassız dəlillər irəli sürülüb? Biz bu suallara cavab istəyirik. Bu məsul şəxs kimdir? O, sıradan biri deyil. Səudiyyə Ərəbistanı bu cinayətin məsuliyyətini daşıyanı açıqlamağa borcludur. Buradan çağırış edirəm. Hadisə İstanbulda baş verdiyindən tutulan 18 nəfər burada mühakimə edilməlidir”, - o vurğulayıb.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Səudiyyə kralının vəziyyətinin çətin olduğunu bildirərək, Haşoqqi cinayətinin artıq gizlədilməsinin mümkünsüz olduğunu söylədi:
“Beynəlxalq aləm hesabat tələb edir. Bunun qarşılığında Səudiyyə Ərəbistanından belə bir açıqlama yayıldı ki, guya konsulluqda dava düşüb və jurnalist təsadüfən ölüb. Buna inanan azdır.
Hamı anlayır ki, 15 nəfər Haşoqqini öldürmək üçün İstanbula göndərilib. Əgər Ər-Riyadın iddia etdiyi kimi, jurnalist təsadüfən öldürülübsə, bəs onda onun meyitinin yeri niyə deyilmir?
Fikrimcə, jurnalist məhz qətlə yetirilib və bu, əvvəlcədən hazırlanan plan olub. Sadəcə, Ər-Riyadda düşünmürdülər ki, jurnalistin ölümü bu böyüklükdə qalmaqala səbəb olacaq. Səudiyyə kralı hazırda vəziyyətdən çıxış yolu axtarır. Mən əvvəl də proqnozlaşdırırdım ki, kral məsuliyyəti başqalarının boynuna qoymağa çalışacaq.
Elə də oldu, iki yüksək rütbəli məmur istefaya göndərildi, istisna etmirəm ki, İstanbulda cinayət törədən qrupun üzvləri həbs olunsunlar, biri artıq müəmmalı şəkildə avtomobil qəzasında ölüb.
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olayı gizlətmədi, cinayətə işarə edən görüntülər və Səudiyyə Ərəbistanından İstanbula gələn qrup üzvlərinin şəkilləri yayımlandı.
Ankara bütün bunları etməsəydi, Haşoqqinin cinayətin qurbanı olduğu bilinməyəcəkdi. Ankara bütün riskləri gözaltına alaraq cinayət şübhəlilərinin şəkillərini paylaşdı.
Halbuki Ankara Səudiyyə Ərəbistanı ilə münasibətləri göz önünə alaraq məsələni gizlədə də bilərdi. Ancaq Ərdoğan bunu etmədi. Bu, mənəvi addım idi. Ərdoğanın bu addımı beynəlxalq aləmdə yüksək qiymətləndirildi. Ərdoğandan fərqli olaraq ABŞ prezidenti Donald Tramp bu sınaqdan üzüağ çıxmadı. Ağ Ev sahibi milyardlarla dollar gəliri insan həyatından üstün tutdu”.
Politoloq Türkiyə-Səudiyyə münasibətlərinin bundan sonra necə davam edəcəyinə də aydınlıq gətirdi: “İki ölkə arasındakı münasibətlər onsuz da bu hadisəyə qədər soyuq idi.
Çünki Türkiyə Qətər böhranında bu ölkəni dəstəkləmiş, bu da Səudiyyənin xoşuna gəlməmişdi. Haşoqqi olayının üstünü açdığı üçün Səudiyyənin rəsmi Ankaraya münasibəti mənfiyə doğru bir qədər də dəyişə bilər.
Təsadüfi deyil ki, gələn xəbərlərə görə, Səudiyyə Suriyadakı radikal kürdlərə yüz milyon dollara yaxın pul ayırıb. Təbii ki, bu xəbər təsdiqlənsə, bu da Türkiyə əleyhinə atılmış birbaşa addım olacaq. İstənilən halda qardaş ölkə ən doğru addımı atdı. Çünki Türkiyə bu cinayəti gizlədə bilməzdi”.
“Yeni Müsavat”BAKU.WSOxşar xəbərlər
İşgəncə ilə öldürülən səudiyyəli jurnalistin meyitini tapdılar
Səudiyyə Ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Haşoqqinin meyiti tapılıb.BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə siyasətçisi, Vətən...