Azərbaycanlı naziri məhkəməyə xərəklə apardılar (VİDEO)
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclası martın 5-i saat 10.00-da davam etdiriləcək.
BAKU.WS APA-ya istinadən verdiyi xəbərə görə, müvafiq qərar hakim Aleksandr Borovnik tərəfindən elan edilib.
Məhkəmənin qərarı, eyni zamanda, vəkillərin cinayət işi ilə tanış olmaq üçün onlara vaxt verilməsinə dair vəsatətə əsaslanıb.
Qeyd edək ki, korrupsiya cinayətində şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üçün xərəklə Kiyevin Şevçenski rayon məhkəməsinə aparılıb. Saxlanılma zamanı infarkt keçirmiş R.Nəsirova məhkəmə binasında olduğu müddətdə iki dəfə təcili yardım briqadası çağırılıb.
Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti martın 3-də R.Nəsirovu Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsindən azad edib.
Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.
Qeyd edək ki, R.Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.
Ali Rada A. Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A. Onişenko həmçinin dövlətə xəyanətdə şübhəli bilinir.
BAKU.WS
Oxşar xəbərlər
TƏCİLİ: Azərbaycanlı nazir təcili yardım maşınında girov saxlanılır – VİDEO/FOTO
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov özlərini Milli Antikorrupsiya Bürosunun əməkdaşları kimi təqdim edən şəxslər tərə...