“Neftçilər Günü” peşə bayramı münasibətilə tədbir keçirildi - FOTO

“Neftçilər Günü” peşə bayramı münasibətilə tədbir keçirildi - FOTO
Foto
İqtisadiyyat 4

“Gülüstan” sarayında “Neftçilər Günü” peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, Equinor (keçmiş Statoil) şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pedersen, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, SOCAR-ın mətbuat katibi Orxan Hüseynov 29 il öncə “Əsrin müqaviləsinin” imzalanma prosesində iştirak edən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və “Neftçilər Günü”nə həsr olunan “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan konfransa fəxri qonaq qismində qatılan bp şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, həmçinin Equinor şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pederseni salamlayıb və onları tədbir iştirakçılarına təqdim edib.

Konfransın “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalandığı “Gülüstan” sarayında ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini qeyd edən Orxan Hüseynov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra ötən bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin neft-qaz sahəsi üzrə çıxışlarına dair videoçarx təqdim olunub.

Açılış nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısı İlham Əliyevin "Neftçilər Günü" münasibətilə təbriklərini çatdırıb. İqtisadiyyat naziri ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb. Mikayıl Cabbarov neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun genişləndirilməsinə yönləndirilməsinin Azərbaycanın dayanıqlı və davamlı inkişafını şərtləndirdiyini və iqtisadi gücünü artırdığını qeyd edib.

Energetika naziri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin neft strategiyasının töhfələri olan layihələrin hər birinin bu gün ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələri olduğunu diqqətə çatdırıb. Nazir ölkəmizdə neft hasilatının 63%-ni təşkil edən Azəri-Çıraq-Günəşli və əmtəəlik qazın, təxminən, 70%-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarıldığını, 621 milyon ton neft-kondensat həcmlərinin ixrac olunduğunu vurğulayıb. Pərviz Şahbazov “Şahdəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın isə 143 milyard kubmetrinin xarici bazarlara nəql edildiyini bildirib. Energetika naziri gözlənilən tələbat, etibarlı və təhlükəsiz təchizat marşrutlarına üstünlük verilməsi səbəbindən Azərbaycanın neft-qaz resurlarının uzun müddət bir çox ölkələr üçün prioritet olacağını qeyd edib. Nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.

bp şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun ümummilli lider Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olduğunu, ulu öndəri güclü və xarizmatik lider kimi xatırladığını, ümummilli liderin uzaqgörən rəhbərliyinin Azərbaycanın müasir tarixini və yeni neft strategiyasını formalaşdırdığını ifadə edib. Ulu öndərin təkcə Azərbaycan xalqının deyil, bütün regionun inkişafında müstəsna rol oynadığını qeyd edən Lord Con Filip Braun ulu öndərin sarsılmaz dəstəyi nəticəsində “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan və Şahdəniz kimi dünya səviyyəli enerji layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

“Əsrin müqaviləsi”nin imzalanması prosesində Equinor şirkətinin Azərbaycan üzrə sabiq prezidenti Tor-İvar Pedersen çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanın enerji gələcəyinin formalaşmasında oynadığı mühüm rolun şahidi olduğunu qeyd edib, ulu öndərin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycanın qlobal neft və qaz sənayesində nüfuzunun artdığını vurğulayıb. Ölkəmizin qlobal enerji bazarında mövqeyini möhkəmləndirən çoxsaylı neft və qaz layihələrinin tarixçəsindən bəhs edən fəxri qonaq bunların təməlində ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və fədakarlığının dayandığını ifadə edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 2001-ci ildə təsis olunan “Neftçilər Günü” münasibətilə təbriklərini çatdıran SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan neftçilərinin ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini, neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti neftçilərə göstərilən hərtərəfli qayğıya görə ölkə başçısına dərin minnətdarlığını ifadə edib.

Rövşən Nəcəf bu il Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini, “Heydər Əliyev İli” çərçivəsində ölkə daxilində və xaricində SOCAR tərəfindən ulu öndərə həsr olunan elmi-praktiki konfransların, yarışların, düşərgələrin, təhsil müəssisələrində mühazirələrin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan neftçilərinin müasir dövlətimizin qurucusu və yeni enerji strategiyamızın müəllifi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla andığını, bu gün əldə etdiyimiz bütün nailiyyətlərin təməlində ulu öndərin müdrik və uzaqgörən enerji strategiyasının dayandığını qeyd edib.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxışında Azərbaycan neft-qaz sənayesinin keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən akademik Xoşbəxt Yusifzadə ulu öndər ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. SOCAR-ın birinci vitse-prezidenti bu gün ulu öndərin yeni enerji strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, regionun aparıcı dövləti olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə ulu öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. “Birinci gün” zərfləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən möhürlənib.

Sonda konfrans iştirakçılarına poçt markalarının əks olunduğu hədiyyə çərçivələri təqdim olunub.

Son xəbərlər