İlham Əliyev: "Gələcəkdə böyük problemlər ola bilər"
"Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaq. Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaq. Ancaq bu vəziyyət, eyni zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir".
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev AMEA-nın 70 illiyinə həsr olunmuş yığıncaqda söyləyib. Dövlət başçısı bildirib ki, son on il ərzində bir milyondan artıq daimi iş yeri açılıb. İlham Əliyev qeyd edib ki, bu proses davam etməlidir:
"İş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşübdür. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək".
İlham Əliyevin sözlərinə görə, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir:
"Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev yubiley yığıncağında (FOTO)
Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib. BAKU.WS-in məlumatına görə, Azərbaycan R...