"Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdı

Greentech Solutions, BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdı
Foto
İqtisadiyyat 44

Bakıda "Greentech Solutions" MMC-nin təçkilatçılığı  "bp Azerbaijan" və tərəfdaşlarının dəstəyi ilə "Azərbaycanda ESG İnteqrasiyasının Gücləndirilməsi: Davamlı Biznes Təcrübələrinə Doğru" mövzusunda ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) inteqrasiyası konfransı keçirilib.

"Badamdar Hotel & Residence"də baş tutan tədbirdə dövlət qurumlarının və özəl sektorun nümayəndələri, eyni zamanda müstəqil ekspertlər bir araya gəliblər.

Konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), Azərbaycan Hava Yollarının (AZAL) və ASAN Xidmətin rəsmiləri, o cümlədən bir sıra universitetlərin və şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Greentech Solutions" şirkətinin direktoru Mikayıl Zeynalov, layihənin kordinatoru Səbinə Ələkbərova və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Sosial İnvestisiya Qrupunun rəhbəri Xalid Rəcəbov konfrans iştirakçılarını salamlayıblar. Onlar konfransın önəmini, eyni zamanda ESG prinsiplərinin Azərbaycanda tətbiqinin vacibliyini vurğulayıblar.

Daha sonra "ESGAzerbaijan.az" Veb-Portalının təqdimatı baş tutub.

Təqdimatda "ESGAzerbaijan.az"ın əsas məqsədinin Azərbaycanda, xüsusilə tullantıların idarə olunması sahəsində ESG prinsiplərinə inteqrasiyasını təkmilləşdirmək, dayanıqlı inkişafı və iqlim fəaliyyətini dəstəkləmək olduğu bildirilib.

Eyni zamanda portaldakı "ESG Scoring" bölməsinin əhəmiyyəti, ESG qiymətləndirməsinin şirkətlərin ətraf mühit, sosial məsuliyyət və idarəetmə sahələrindəki performansını ölçmək baxımından vacibliyi xüsusi vurğulanıb.

Daha sonra konfrans çərçivəsində panel müzakirələr baş tutub.

Müzakirələrdə ESG sahəsində beynəlxalq və yerli təcrübələr, hesabatlılıq və idarəetmə proseslərinə ESG meyarlarının effektiv tətbiqi, dövri iqtisadiyyat strategiyaları, dayanıqlı təchizat zəncirləri və korporativ idarəetmədə yeni yanaşmalar kimi mövzulardan bəhs olunub.

Panel müzakirələrdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Sosial İnvestisiya Qrupunun rəhbəri Xalid Rəcəbov Azərbaycanda ESG sahəsində konkret addımlar atmağın vacib olduğunu bildirib. bp-nin nümayəndəsi ESG standartlarının tətbiqinin Azərbaycan üçün iqtisadi inkişafın davamlılığını təmin etmək baxımından mühüm addım olduğunu vurğulayıb. Xalid Rəcəbov bp-nin bu cür layihələri həyata keçirməkdə maraqlı olduğunu da qeyd edib.

ADA Universitetinin hüquq professoru Mövlan Paşayev isə çıxışında qeyd edib ki, ESG standartlarına uyğunluq üçün hüquqi bazanın gücləndirilməsi və müvafiq qanunların qəbul edilməsi, xüsusən bizneslər və maliyyə sektorunun ESG tələblərinə uyğun fəaliyyət göstərməsi üçün tənzimləmə mexanizmlərinin tətbiqi vacibdir. 

COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib ki, ESG prinsiplərinin tətbiqi, iqtisadiyyatın yalnız dayanıqlılığını artırmaqla kifayətlənmir, həm də ölkəmizin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini gücləndirir. O vurğulayıb ki, bu təşəbbüs, Azərbaycanı qlobal yaşıl iqtisadiyyatın bir hissəsinə çevirərək yeni bazarlara açılmağa, xarici investisiyaları cəlb etməyə və müasir iqtisadiyyat qurmağa imkan verir.

"Smartnation" platformasının təsisçisi və direktoru Şəbnəm Məmmədova dünya təcrübəsində ESG prinsiplərinin önəmindən bəhs edib. O, bildirib ki, hazırda Azərbaycanda ESG artıq sadəcə bir trend və ya seçim kimi qəbul edilmir, eyni zamanda yeni reallığın ayrılmaz hissəsinə çevrilir.

"Impact Azerbaijan" komandasının iqtisadiyyat üzrə eksperti Samir Əliyev də ölkəmizdə ESG prinsiplərinin tətbiqində maraqlı olduğunu qeyd edib. Ekspert bu istiqamətdə təşəbbüslərin vacib olduğunu, eyni zamanda dövlət və özəl sektorla yanaşı vətəndaşların da təşəbbüslərlə çıxış etməsinin əhəmiyyətini vurğulayıb.

Konfransın ikinci hissəsi infosessiyalarla davam edib.

"Bizneslər üçün ESG Hesabatlılığı və Uyğunluq" mövzusunda təşkil olunan ilk infosessiyada AZAL-ın Dayanıqlı İnkişaf departamentinin rəhbəri, ESG Uyğunluq mütəxəssisi Qurban Kərimbəyli Qlobal ESG standartları (GRI, TCFD, SASB) ilə bağlı konfrans iştirakçılarına məlumat verib. O, milli ESG hesabat tələbləri, eyni zamanda ESG göstəricilərinin biznes qərarlarına inteqrasiyası mövzusunda da fikirlərini bölüşüb.

"Dairəvi İqtisadiyyat – Praktiki Yanaşmalar" adlı ikinci infosessiyada isə Dairəvi iqtisadiyyat üzrə mütəxəssis Ayaz Salmanov çıxış edib. Resurs səmərəliliyi və tullantıların azaldılması strategiyalarından bəhs edən Ayaz Salmanov dairəvi prinsiplərin əməliyyatlara inteqrasiyasının önəmindən bəhs edib. Mütəxəssis real həyatda tətbiq olunmuş uğurlu dairəvi iqtisadiyyat nümunələrini də sessiya iştirakçılarının diqqətinə çatdırıb.

"İdarəetmədə Mükafatlandırma və Korporativ Davamlılıq Məqsədləri" mövzusunda təşkil olunan üçüncü infosessiyada isə Korporativ İdarəetmə və İnsan Resursları Strategiyası üzrə mütəxəssis Fərahim Əkbərov çıxış edib. O, mükafatlandırma sistemlərinin uzunmüddətli davamlılıq hədəfləri ilə uyğunlaşdırılmasının, eləcə də ESG nəticələri üçün liderliyin təşviq edilməsinin vacibliyindən bəhs edib. Mütəxəssis davamlı mükafatlandırma modelləri ilə bağlı real nümunələr haqqında da sessiya iştirakçılarının məlumatlandırıb.

"ESGAzerbaijan.az" Veb-Portalı haqqında:

"ESGAzerbaijan.az" layihəsinin əsas məqsədi Azərbaycanda, xüsusilə tullantıların idarə olunması sahəsində ESG prinsiplərinə inteqrasiyasını təkmilləşdirmək, dayanıqlı inkişafı və iqlim fəaliyyətini dəstəkləməkdir.

"ESGAzerbaijan.az" Veb-Portalında şirkətlərin ESG standartlarına uyğunluğunu qiymətləndirmək üçün "ESG Scoring" bölməsi mövcuddur. ESG qiymətləndirməsi, şirkətlərin ətraf mühit, sosial məsuliyyət və idarəetmə sahələrindəki performansını ölçən bir sistemdir. ESG qiymətləndirməsi şirkətlərin ətraf mühitə təsirini, sosial məsuliyyətlərini və idarəetmə standartlarını nəzərə alaraq, riskləri və imkanları daha yaxşı anlamağa kömək edir. ESG qiymətləndirməsi investorlar və maraqlı tərəflər üçün daha şəffaf və etibarlı qərarların qəbulunu dəstəkləyir, eyni zamanda uzunmüddətli dayanıqlı böyüməni təşviq edir.

Son xəbərlər