Azərbaycanda qış mövsümü başlananadək ölkənin qaz anbarlarına plandan əlavə 3,2 mlrd kubmetrədək qazın vurulması nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, beləliklə, ölkədə qaz hasilatı ildən-ilə artır. 

Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.

“Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd kubmetrə çatdırılması və bu prosesin iki mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. 

Qaz anbarlarının həcminin artırılması ilə bağlı, hazırda “Qalmaz” yeraltı qaz anbarının qaz tutumunun genişləndirilməsi üçün yeni qaz kompressor stansiyasının, qazpaylama məntəqəsinin tikintisində, eləcə də, şleyf xətlərinin çəkilməsində işlər yekunlaşmaq üzrədir. Habelə “Qaradağ” sahəsində eyni məqsədlə yeni qaz kompressor stansiyasının, qazpaylama məntəqəsinin tikintisi, eləcə də, şleyf xətlərinin çəkilməsi üçün layihə hazırlanır. 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə planlı şəkildə yerinə yetirilir”, - Dövlət Neft Şirkətindən bildirilib.
BAKU.WS