"Səhm bazarlarında qarışıqlıq, düşən neft qiymətləri və qlobal iqtisadi böhran dolların bahalaşmasını gecikdirəcək".
 
BAKU.WS-in məlumatına görə, bu barədə nüfuzlu "Bloomberg" agenliyi yazıb. Nəşrin məqaləsində qeyd edilir ki, ABŞ Mərkəzi Bankı (Fed) bu il üçün planlaşdırdığı 4 faiz artırımı tətbiq edəcə bilməyəcək. 

Analitiklər hesab edir ki, 10 ildən sonra ilk dəfə dolların uçot dərəcəsini artıran Fed, bu il çətinliklə də olsa 1%-lik artımı reallaşdıra bilər. Təbii ki, bunun üçün də tələb olunan zəmin yaranmalıdır. Ancaq bəzi iqtisadçılar ABŞ-da inflyasiyanın hər ötən ay artdığını və bu vəziyyətin dolların faiz dərəcəsinin artırılmasına gətirib çıxara biləcəyini söyləyirlər. 

ABŞ-da inflyasiya ötən illə müqayisədə 2% artaraq 2012-ci ildən bu yana ən yüksək həddə çatıb. Ölkədə inflyasiyanın illik artımı 7 aydır ki, yüksəlir. Əksər mütəxəssis bu statistikanı əsas gətirərək Fed-in dolların faiz dərəcəsini artıracağını güman edir. 
 
Ancaq trederlər ABŞ-ın səhm bazarındakı hazırki vəziyyəti nəzərə alaraq qərar qəbul edəcəyini güman edir. Çünki, ötən ilin dekabr ayında da faiz artımı səhm bazarında sabitlik yarandıqdan sonra baş vermişdi. Ancaq hazırda səhm bazarlarında qarışıqlıq olması Fed-in işini çətinləşdirir. 
 
Qeyd edək ki, Fed-in gələn həftə toplantı keçirəcək. Artıq indidən bütün iqtisadçıların diqqəti həmin iclasa yönəlib. Fed-in sözügedən iclasında dolların gələcək taleyi ilə bağlı qərarlar qəbul edilə bilər. 
 
Şahin Həbibov
BAKU.WS