Qərb İran üçün atom razılaşmasına dair son tarix təyin etdi

Qərb İran üçün atom razılaşmasına dair son tarix təyin etdi
Dünya 91

ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı İranla nüvə razılaşmasına dair danışıqlar üçün son tarix kimi avqustun sonunu təyin ediblər.

Bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.

Əgər göstərilən tarixədək razılaşma əldə olunmasa, üç Avropa dövləti 2015-ci ildə imzalanmış İran nüvə razılaşması çərçivəsində ləğv olunmuş BMT Təhlükəsizlik Şurası sanksiyalarının "ani şəkildə bərpası" mexanizmini işə salmaq niyyətindədir.

Mənbələrin məlumatına görə, Avropa ölkələri yaxın zamanda İranla danışıqlara başlamağı və Tehrana sanksiyalardan yayınmağın mümkün olduğunu anlatmağı planlaşdırırlar. Bunun üçün isə İran İslam Respublikasının nüvə proqramının dinc məqsədli olduğunu sübut edən addımlar atması tələb olunur.

Xüsusilə söhbət MAQATE-nin (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) nəzarətini bərpa etməkdən gedir. Bu nəzarət, ABŞ və İsrailin İranın nüvə obyektlərinə hava zərbələrindən sonra Tehran tərəfindən dayandırılmışdı. Həmçinin İranın hazırda sahib olduğu, 60%-dək zənginləşdirilmiş təqribən 400 kq uranın ölkədən çıxarılması məsələsi də gündəmdədir.

"Axios" yazır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla nüvə razılaşmasını bərpa etmək üçün cəhdlər göstərir. Lakin Tramp İranın hələ də danışıqlar masasına qayıtmamasından narazıdır.

13 iyulda "The Washington Post" nəşri Ağ Evdəki mənbəyə istinadən bildirib ki, ABŞ və İsrailin zərbələrinə baxmayaraq, Tehran hələ də nüvə razılaşmasına açıqdır. Halbuki bu zərbələr mövcud danışıqlara nöqtə qoymuşdu.

Son xəbərlər