ABŞ-də Ukrayna ilə faydalı qazıntılara dair sazişin icrasının itkilərə səbəb olacağından ehtiyatlanırlar

ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair sazişin həyata keçirilməsi çoxmilyardlıq investisiyalar tələb edəcək və ABŞ şirkətləri üçün zərərlə nəticələnə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinə ekspertlər bildiriblər.
"Problem bundan ibarətdir ki, yeni yatağın işlənməsi 10 il çəkə bilər. Heç kimin təhlükəsizliyə zəmanət vermədiyi Ukraynada bunu kim edəcək? Ümumiyyətlə buna nə qədər sərmayə qoymaq olar?" - Harvard Biznes Məktəbinin professoru Villi Şi qeyd edib.
Ekspertlər qeyd edirlər ki, ABŞ Geoloji Xidməti Ukrayna ərazisində böyük həcmdə nadir torpaq elementləri qeydə almayıb. Bundan başqa, tədqiq edilmiş yataqların 70 %-dən çoxu Donbas və Novorossiyada yerləşir.
"Ukrayna faydalı qazıntıların hasilatı sahəsində potensiala malikdir, lakin biz bu potensialın nə qədər böyük olduğunu bilmirik", - Kolorado Mədən Məktəbinin İnnovasiyalar Mərkəzinin direktor müavini Rod Eggert bildirib. Nəşrin sorğusunda iştitrak edən bütün ekspertlər ABŞ və Ukrayna arasında sazişin həyata keçirilməsinin iqtisadi cəhətdən məqsədəuyğunluğuna şübhə ilə yanaşırlar.
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp tərəfindən fevralın 28-də Ağ Evdə imzalanması gözlənilən faydalı qazıntılar haqqında saziş 11 bənddən ibarətdir. Sənəd karbohidrogen, neft, qaz, faydalı qazıntı yataqları, infrastruktur, limanlar və dövlət müəssisələrini əhatə edəcək.
Oxşar xəbərlər
Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddə Rusiya qoşunlarını əvəz ediblər
Ermənistanın sərhəd qoşunlarının hərbi qulluqçuları Türkiyə ilə sərhəddəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Rusiya sərhədçilərini əvəz ediblər. Oxu.Az x...
