SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə həyatın saat 04.17 radələrində durduğu vaxt...

BAKU.WS xatırladır ki, Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan və 11 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlərdən düz bir il keçir.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Kahramanmaraş ilə yanaşı, Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığ da baş verən və "Əsrin fəlakəti" olaraq adlandırılan təbiət hadisəsi zamanı 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb.

Zəlzələ ilə əlaqədar bütün ölkə ərazisində 7 günlük milli matəm və zəlzələ bölgəsində fövqəladə vəziyyət elan edilib.

Türkiyənin xəbərdarlıq elan etdiyi zəlzələdən sonra aralarında beynəlxalq yardım da daxil olmaqla, 93 ölkədən axtarış-xilasetmə qrupları bölgədəki işlərə qoşulub.

Zəlzələlərdə dağılmış 38 901 binada axtarış, 26 min binada isə axtarış-xilasetmə işləri aparılıb.

Türkiyədə təbii fəlakət böləsində möcüzələr də yaşanıb. Dağıntılar altında qalan sakinlərin axatrış-xilasetmə işləri zamanı 296 saat sonra bina uçqunundan 3 şəxs xilas edilib.

Hatayın Antakya bölgəsindəki dağıntılar altından çıxarılan biri uşaq olmaqla 3 nəfər təcili olaraq xəstəxanaya göndərilib.

Zəlzələ bölgəsində 350 çadır şəhərciyində 645 min çadır, 414 konteyner kəndində isə 215 min 224 konteyner qurulub.

Zəlzələ ərəfəsi bir çox fotolarla yaddaşlara həkk olunub. Bunlardan biri də həlak olan qızının əlini buraxmayan atanın rəsmidir. Onun çarəsiz anı bütün dünyanı lərzəyə gətirib. Mesut Hançer dağıntılar altında ölən qızının əlini bərk-bərk qucaqlayıb, saatlarla gözləyib. Həlak olan qızının əlini buraxmayan Hançer adlı atanın şəklini "İlin ən yaxşı fotosu" seçilib. Qeyd edək ki, vəfat edən qız İrmak Leyla Hançer 15 yaşında idi.

Türkiyəni yasa boğan zəlzələdə həlak olanlar arasında idmançılar da olub. Onlar Malatya Böyükşəhər Bələdiyyəsində çıxış edən voleybolçular Mehmet Can Ağırbaş, Emincan Kocabaş və Murat Çiloğulları, Turqutlu Bələdiyyəsinin E-sport oyunçusu Gizem Harmankaya, "Kahramanmaraş İstiklalspor"da çıxış edən 23 yaşlı futbolçu Saruhan Bolat, Hakan Doğan və Taner Kahriman, "Merinos" voleybol klubunun 27 yaşlı spikeri Betül Çoban Çakır və həyat yoldaşı, voleybolçu Bedrettin Çakır, "Yeni Malatyaspor"un 28 yaşlı qapıçısı Ahmet Eyüp Türkaslan, Şanlıurfa təmsilçisi "Gənclikspor"un məşqçisi Mustafa Abak və həyat yoldaşı Hacer Abak, Türkiyə Atçılıq Federasiyasının idmançısı Semanur Baysaldır. "İskenderunspor"un məşqçisi Halil İbrahim Ölmez dağıntılar altından çıxarıldıqdan sonra reanimasiyada dünyasını dəyişib.

Türkiyənin "Hatayspor" klubunun qanalı futbolçusu Kristian Atsunun cansız bədəni dağıntılar altından çıxarılıb. Qeyd edək ki, Atsu "Çelsi", "Everton", "Nyukasl" kimi klublarda çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev baş verən dəhşətli zəlzələ ilə bağlı Türkiyə xalqına başsağlığı verib. Belə ki, ölkə başçısı sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət göstərilib.

Həmçinin Azərbaycan zəlzələ bölgəsinə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5300 tondan artıq humanitar yük, zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərib.

Türkiyədəki zəlzələ ilə bağlı ölkəmizdə təşkil edilən yardım kampaniyası çərçivəsində insanların məntəqələrə axını edib. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.

Zəlzələdən zərər görmüş şəxslərin ilkin ehtiyaclarını ödəmək üçün Bakıda yaradılan qəbul məntəqələrinə vətəndaşlar quru qida, uşaq yeməkləri, konservalar, xalça, döşəkçə, yastıq, isti geyimlər gətirilib.

Türkiyədə baş vermiş zəlzələdə vəfat edənlər arasında azərbaycanlı tələbələr də olub. Onlar Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.

Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi" inşa edilir. Məhəllə 6 fevral zəlzələsindən sonra göstərdiyi kömək və dəstəyə görə Azərbaycana təşəkkür etmək məqsədi ilə tikilir. 320 hektar sahədəqurulacaq məhəllənin 100 milyon dollarlıq hissəsi Azərbaycan tərəfindən qarşılanır.

Kahramanmaraş Böyükşehir Bələdiyyəsi sədri Hayrettin Güngör deyib ki, fəlakətin baş verdiyi ilk gündən Türkiyənin yanında olan Azərbaycana təşəkkür etmək üçün yaşayış evlərinin tikiləcəyi əraziyə "Azərbaycan məhəlləsi" adı verilib.

"Azərbaycan məhəlləsi" zəlzələ nəticəsində böyük dağıntıların olduğu Hayrulla məhəlləsi və onun ətrafında inşa olunur. Ərazidə 1 323 yaşayış yeri və 799 iş yerinin olması nəzərdə tutulur.

Türkiyəyə yardım kampaniyasına qoşularaq qırmızı rəngli köhnə avtomobili ilə yorğan-döşək və digər ləvazimatlar aparan Sərvər Bəşirli də böyük marağa səbəb olub. Sərvər Bəşirli Adıyamanda - zəlzələdən zərər çəkən bölgədə könüllü olaraq fəaliyyət göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamana səfəri zamanı köhnə maşını ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli ilə də görüşüb.

BAKU.WS