Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı
Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.
bu barədə Baku TV-nin videomaterialında bildirilib.
CNN-in ABŞ kəşfiyyatına istinadən yaydığı son məlumatlara görə, Tehran hələ də region üçün təhlükəli sayılan raket və dron arsenalının əhəmiyyətli hissəsini qoruyub saxlayır.
Qiymətləndirmələrə görə, İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də işlək vəziyyətdədir. Bu isə o deməkdir ki, ölkə ona qarşı zərbələrdən sonra belə hücum imkanlarını tam itirməyib. Üstəlik, minlərlə kamikadze dron, yəni birtərəfli hücum PUA-ları hələ də İranın arsenalında qalır və bu, ölkənin ümumi pilotsuz aparat potensialının təxminən 50 faizini təşkil edir.
Bu mənzərə ABŞ Prezidenti Donald Tramp Administrasiyasının "İranın hərbi gücü demək olar ki, məhv edilib" açıqlamalarından daha fərqli və daha mürəkkəb reallıqları ortaya qoyur.
İranın hərbi gücünün əsas xüsusiyyəti onun coğrafiya və struktur üstünlüyündə gizlənir. Tehran onilliklər boyu mümkün müharibəyə hazırlaşaraq raket infrastrukturu üçün geniş yeraltı şəbəkə qurub. "Raket şəhərləri" kimi tanınan bu obyektlər dağların altında, tunellərdə və mağaralarda yerləşir. Bu isə onları aşkarlamağı və məhv etməyi son dərəcə çətinləşdirir. Bəzi buraxılış qurğuları zərbələr nəticəsində torpaq altında qalsa da, tam sıradan çıxmayıb və potensial olaraq bərpa edilə bilər.
Bundan əlavə, İran mobil buraxılış platformalarından istifadə edir, yəni raket sistemləri sürətlə yerini dəyişir, zərbə endirir və yenidən gizlənir. Bu taktika ABŞ-nin Yəməndə husilərlə mübarizədə qarşılaşdığı çətinlikləri xatırladır.
İran Yaxın Şərqin ən geniş raket ehtiyatlarından birinə sahibdir. Ölkə qısa, orta və potensial olaraq daha uzaqmənzilli ballistik raketlərə malikdir. 300 kilometrlik taktiki raketlərdən başlayaraq, 2 min kilometrə çatan ortamənzilli sistemlərə qədər geniş spektr mövcuddur. Bu isə regiondakı ABŞ bazalarını, İsraili və hətta Avropanın bəzi hissələrini potensial hədəfə çevirir.
Bundan əlavə, İran həm də qanadlı raketlərə malikdir. Bu raketlər aşağı hündürlükdə uçaraq radar sistemlərindən yayınmaq qabiliyyəti ilə seçilir. Xüsusilə sahil mühafizəsi üçün nəzərdə tutulan qanadlı raketlərin böyük hissəsinin salamat qalması diqqət çəkir. Bu, İranın strateji baxımdan ən kritik nöqtələrdən biri olan Hörmüz boğazında gəmiçiliyi təhdid etmək imkanını saxladığını göstərir.
Ekspertlər hesab edirlər ki, İranın hərbi strategiyası yalnız hücum deyil, həm də çəkindirmə üzərində qurulub. Raket və dron arsenalı Tehranın əsas "asimmetrik cavab" vasitəsidir. Yəni texnoloji və hava üstünlüyünə malik rəqiblərə qarşı ucuz, çoxsaylı və yayılmış silahlarla balans yaratmaq.
Maraqlıdır ki, ABŞ və İsrail daha çox raketlərin buraxılış imkanlarını, yəni platformaları və infrastrukturu hədəf alır, amma bütün ehtiyatları tam məhv etmək mümkün olmur. Çünki İran bu sistemləri ölkə üzrə yayaraq mərkəzləşməni minimuma endirib.
Bütün bunlar münaqişənin heç də tez sona çatmayacağını göstərir. Yəni Yaxın Şərqdə hərbi qarşıdurmanın taleyini yalnız zərbələrin sayı deyil, kimin daha davamlı və adaptiv sistem qurduğu müəyyən edəcək.
Oxşar xəbərlər
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb. BAKU.WS xəbər verir ki, bu iddia ilə Zəminə Həsənova "Xəzər Xə...