Xanımı dünyasını dəyişən kənd sakinindən örnək addım
Zaqatalanın Fındıqlı kəndində yaşayan Abdulməcid Ziyadov mərhum həyat yoldaşının xatirəsini yaşatmaq və kəndə faydalı iş görmək məqsədilə örnək addım atıb. O, yas mərasimi üçün nəzərdə tutulan vəsaiti kənd qəbiristanlığına gedən yolun təmirinə sərf edib.
Baku TV-nin xəbərinə görə, 42 illik ailə həyatından sonra yoldaşı Nərminə xanımı itirən kənd sakini bildirib ki, bu addımı həm sevgisini göstərmək, həm də insanlara fayda vermək üçün atıb.
Abdulməcid Ziyadov deyib ki, qəbiristanlığa gedən yolun bərbad vəziyyətdə olması insanlara ciddi çətinlik yaradırdı:
"Bu yolu düzəltməyimin səbəbi yoldaşıma olan sevgimdir. Həm də insanlar üçün bir nümunə göstərmək istədim ki, bu yol bizə həmişə lazımdır. Qəbiristanlığa cənazə aparmaq belə çətin idi. Mən də yoldaşıma olan sevgimə görə bu yolu düzəltdim. İstəyərəm ki, mənim bu əməlimdən gələcəkdə başqaları da örnək götürsün".
Sakinlərin sözlərinə görə, əvvəllər qəbristanlığa qədər olan iki kilometrlik yol bərbad halda idi:
"Yollar çox pis vəziyyətdə idi. Yağış yağanda gölməçələr yaranırdı, gedib-gəlmək çətin olurdu. İndi isə daha rahat yol olub. Bu, həm Allaha xoş gedən, həm də insanlara faydalı olan bir işdir".
Abdulməcid Ziyadov həmçinin bildirib ki, gələcəkdə mərhum həyat yoldaşının əziz xatirəsinə kənddə artezian quyusu inşa etmək arzusundadır.
Oxşar xəbərlər
Rusiyada Ermənistan istehsalı olan "Cermux" suyunun satışı qadağan edilib
"İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") tapşırığı ilə "Çestnıy znak" dövlət markal...