Keçmiş riyaziyyat müəlliməsi 100 minini geri istəyir: "Yanımda ustalara zəng edirdi"
Ev alqı-satqısı ilə məşğul olmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Müslüm Tağıyevin cinayət işi üzrə məhkəməsi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Xəyalə Həmidova dindirilib.
Onun sözlərinə görə, 13 il riyaziyyat fənni üzrə müəllimə olub, hazırda isə ev alqı-satqısı üzrə reklam şirkətində işləyir:
"Satışa ev çıxarılanda biz məlumatları saytlara yerləşdiririk. Mən onu 2023-cü ildən tanıyıram. Təqsirləndirilən şəxslə bir müddət birlikdə yaşamışam. Yaxın adam özünə ev almaq istəyirdi və bizə müraciət etmişdi. Münasibət də elə oradan yarandı. Onun haqqında maraqlandım və dedilər ki, bu adam Ramanada ev alqı-satqısı ilə məşğul olub. Ona qarşı da inam buradan yarandı.
Müslüm Ramanada mənə satışda olan evləri göstərdi. Orada torpaqlar alıb, ev tikib satılması üçün birinci ona 40 min manat verdim. Mənim yanımda ustalara zəng edirdi. Torpaqların sənədi yox idi. Məhz buna görə sənədləşmə üçün pullar verdim. Bir aydan sonra daha 60 min manat vermişəm. Ümumilikdə mənə 100 min manat zərər dəyib. Sonra gördüm ki, verdiyi vədlər yalan çıxır, aramızda narazılıq yarandı. Aramızda heç bir barışıq yoxdur və mən qalan pulumu istəyirəm".
Təqsirləndirilən şəxs isə bildirib ki, zərərçəkmiş şəxsin ifadəsi həqiqəti əks etdirmir. Onun sözlərinə görə, zərərçəkmişə dəymiş ziyandan 69 min manat geri ödəyib.
Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.
M.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Qəbul imtahanlarında abituriyentlərə GİZLİ CİHAZLARLA "kömək edən" şəxslərə hökm oxundu
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istinta...