Bizi təhlükə gözləyir - Baş məşqçi
"Çətin olacağını bilirdik. Rəqib bizdən daha gümrah idi. Buna baxmayaraq, mübarizə apardıq. İlk qol bizi tələsdirdi. Yolumuza davam edəcəyik. Qarşıda üç oyun var, sona qədər mübarizə aparacağıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandasında fiziki və psixololji yorğunluq var: "Alınmayanda alınmır. Bədən yorğun olanda aqressiya da olur. Həqiqətən 3-4 gündən bir oynamaq çətindir. Bu, bəhanə deyil, dözməliyik. Məğlubiyyətdən dərs çıxarmalıyıq".
Cəmaləddin Xocaniyazovun meydandan qovulduğu epizodu dəyərləndirən Abbasov matçda sarı vərəqələrin çox olduğunu söyləyib: "Nə olur-olsun, meydanda dözmək lazımdır. Bu oyunla iş bitmir. Onsuz da heyətimiz kasaddır. İtkilər bizə problem yaradır. Nəsə alınmayanda səbrli olmaq lazımdır. İlk dəqiqələrdən sarı vərəqələr çox oldu. Xocaniyazovun ikinci "sarı"sı oyun epizodunda olmamışdı. Meydanda sarı vərəqəli futbolçu çox idi. Risk etməliyik. Bəzi hücumlarımız Xocaniyazovla alınır. Onu da hücuma qoşmaq istədik. Futbolda belə şeylər olur".
Baş məşqçinin sözlərinə görə, qarşısına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb: "Mən də istəyirəm ki, futbolçularımızın əziyyəti yerdə qalmasın. Bizi təhlükə gözləyir, avrokuboklara getməyə bilərik. Mən bu çətinlikləri, problemləri bilirdim. Bunu bilə-bilə komandada qalmışam. Büdcəmiz budur, bundan artığını edə bilmərik. Mən də istəyərəm ki, heyət geniş olsun. Ona görə hər zaman deyirəm ki, qarşıma nə vaxtsa şərt qoyulsa, mən də şərt qoyacağam. Rəhbərliklə əvvəldən bunları danışmışıq. Mövsümün sonunda avrokuboklara gedə də bilərik, getməyə də. Müqavilə ilə bağlı hələ danışıqlara başlamamışıq. Bütün fikrimiz son oyunlardadır. Mövsüm bitəndən sonra danışacağıq. Alınacaqsa, qalacağıq, əks halda, qalmayacağıq".
Mütəxəssis "Azərbaycan Kuboku, yoxsa Premyer Liqa" sualına bu cür cavab verib: "Qarabağ"la ölkə kubokunun ilk yarımfinal oyununda sırf Premyer Liqa haqqında düşünürdük. Lakin bu oyunun nəticəsi imkan verdi ki, risk edək. Sonra Zirədən xalla ayrıldıq. Kubokun cavab matçında vuruşmalı idik. Alındı və finala yüksəldik. Çempionatda sona 3 oyun qalıb, bunu fikirləşmək məcburiyyətindəyik. Onsuz da kubokun finalı sondadır. Qarşıdakı üç oyunda çox diqqətli olub, mübarizə aparacağıq".
Abbasov ölkə kubokunda finala çıxdıqları üçün komandaya söz verilən mükafatı almadıqlarını deyib: "Çempionatın elə dönəmindəyik ki, futbolçuların motivasiyası qalxmalıdır. Mükafat söz verilib. İnanırıq ki, rəhbərlik son oyunlarda futbolçulara motivasiya verəcək. Digər klublar haqqıda danışmaq istəmirəm".
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...