Canni De Byazi: "Mövsümün əvvəlidir, yorğunluq görünürdü"
"Oyuna yaxşı başlaya bilmədik. Topla davranışda problemlər oldu. Bu, psixologiya ilə bağlı ola bilər. Özümüzə gələndə qırmızı vərəqə aldıq və matçın böyük hissəsini azlıqda keçirdik. Mövsümün əvvəlidir. Yorğunluq görünürdü. İkinci hissədə adi qollar buraxdıq".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, Lüksemburq güclü komandadır: "Rəqibin yaxşı futbolçuları var. Bizim üçün vacib test idi. Düşünmürəm ki, bir oyunla hansısa qərar vermək olar. Meydanda olan futbolçulara təşəkkürümü bildirirəm. 10 nəfərlə oynamaq çətin idi. Hətta qol da vurduq. İndi inkişaf etməliyik".
64 yaşlı baş məşqçinin sözlərinə görə, millinin oyununda pozitiv məqamlar da görüb: "10 nəfərlə qaldıqdan sonra hücuma çıxdıq, qol vurduq. İkinci hissədə daha yaxşı oyun gözləyirdim. Amma avtoqol və penalti işimizi çətinləşdirdi".
De Byazi Millətlər Liqasına ciddi yanaşdıqlarını deyib: "Hər bir turnirdən maksimum istifadə etməliyik ki, daha da güclü olaq. Bu gün yaxşı komandaya qarşı oynadıq. Futbolçular geriyə çox ötürmə verdilər. Bunu onlardan istəməmişdim".
Təcrübəli mütəxəssis ikinci hissədə klubsuz Araz Abdullayev və beynəlxalq oyun təcrübəsi az olan Adil Nağıyevi meydana buraxmasının səbəbini izah edib: "Komandanı yaxşı tanıyıram. Ola bilər, xarakterlərinə tam bələd deyiləm. Bizə fiziki baxımdan güclü futbolçu lazım idi ki, həm hücumda, həm də yarımmüdafiədə inamlı oynasın. Ona görə Araza şans verdim. Nağıyevə gəlincə, rəqib meydana ikinci hücumçunu buraxdıqdan sonra bu addımı atdıq. Hamı səhv edə bilər. Səhv olmasa, inkişaf edə bilmərik. Səhv hər zaman baş məşqçinindir. Günahkar artıq var".
Baş məşqçi ilk növbədə mərkəzi bağlamağa çalışdıqlarını sözlərinə əlavə edib: "Bizim üçün əks hücuma keçmək asan deyildi. Cinahlarda Təmkin və Namiqdən bunu gözləyirdik. Amma alınmadı. Sona doğru komanda yorulmuşdu. Komandanın oyunundan razı qaldım. Futbolçular əllərindən gələni etdilər. Nəzərə alaq ki, uzun fasilədən sonra oyun keçirdik. Standart vəziyyətlərdə səhvsiz oynadıq. Uzun ötürmələrdən çox istifadə edirdik. Çünki topu özümüzdə saxlaya bilmirdik. Avropa səviyyəli komanda olmaq üçün çox çalışmalıyıq. Ötən mövsüm çempionatın dayandırılmasının da futbolçulara təsiri olub. Bunu müzakirə etmişəm. İnanıram ki, getdikcə oyunçuların fiziki durumu yaxşılaşacaq".
Canni De Byazi Mahir Emrelinin qırmızı vərəqə alması barədə danışıb: "O, yaxşı futbolçudur. Böyük səhv idi. Orada nə baş verdiyini bilmirəm. Öz hərəkəti ilə bizə zərbə vurdu. Ümid edirəm ki, bir daha təkrar olunmaz".
İtaliyalı mütəxəssis Azərbaycanın himnini öyrənmək üçün çalışacağını söyləyib: "Hələ ki, yalnız Azərbaycan, Azərbaycan sözlərini bilirəm. Sizlərdən biri olmaq istəyirəm. Diliniz çətin olsa da, öyrənəcəyəm".
Oxşar xəbərlər
Canni De Byazi: "Azərbaycan millisinin güclü futbolçuları var"
"Hamını salamlayıram. Çox sakitəm. 3 il futboldan kənarda qalsam da, işə başlayanda hər şeyimi verirəm". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirlər...