Mahir Emreli: "Qarabağ"da ən güclü futbolçu odur - MÜSAHİBƏ
Azərbaycan milli komandası və “Qarabağ” klubunun futbolçusu Mahir Emreli "Report”un “Instagram” səhifəsində canlı yayımda sulları cavablandırıb. 23 yaşlı hücumçu karyerası və şəxsi həyatı ilə bağlı danışıb...
"Gələcəkdə ölkə xaricində çıxış edə bilərəm"
- Artıq 2 aya yaxındır Azərbaycanda karantin rejimi tətbiq olunur. Bu müddətdə vaxtınızı necə keçirirsiniz və əsas məşğuliyyətinləriniz nədən ibarətdir? Yəqin ki, idmançı üçün evdə qalmaq daha çətindir...
- Əlbəttə, çətindir. İlk növbədə, fiziki durumla bağlı problemlər yaşayırsan. Çalışıram ki, onlayn məşqlərlə formamı qoruyum. Məşqlərdən əlavə, ailəmlə maksimum vaxt keçirməyə çalışıram. İdmançı həyatı elədir ki, ailəyə çoxlu vaxt ayıra bilmirsən. Komanda yoldaşlarımızı ailə üzvlərimizdən daha çox görürük. Həmçinin kinolara baxır, tək qalanda kitab oxuyuram.
- Azərbaycanlı futbolçuların mütaliə ilə elə də arası yoxdur. Bu mənada yəqin ki, nadir oyunçulardansınız. Son vaxtlar hansı kitabları oxumusunuz?
- Millidə olduğum zaman əksər futbolçularımızın, məsələn, Emin Mahmudov, Qara Qarayev, Bəhlul Mustafazadə və Təmkin Xəlilzadənin kitab oxuduqlarını görmüşəm. Özüm də mütaliəni xoşlayıram. İnsan bioqrafiyaları ilə daha çox maraqlanıram. Ən sevdiyim əsər Zlatan İbrahimoviçin kitabıdır. Hazırda Məhəmməd Salahın avtobioqrafiyasını oxuyuram. Luis Suaresi də oxumuşam. Bu yaxınlarda iki yeni kitab götürmüşəm. Biri “Qalatasaray”ın tarixi, digəri isə Ser Aleks Ferqyusonun həyatı haqqındadır.
- Karantin dövründə evdə qalmaq sizə nəyi öyrətdi?
- Həyatın mənasını. Başa düşürsən ki, insan məhdud çərçivədə qalanda özünü necə pis hiss edir. Dəyərlərimizi, təbiətimizi qorumalıyıq. Çünki belə vəziyyətlərdə dərk edirik ki, təbiətin bizə yox, bizim təbiətə ehtiyacımız var. Ona görə daha çox bunlar barədə düşünməliyik.
- Legioner futbolçulara karantin dövründəki məşğuliyyətləri barədə sual verəndə digər işlərlə yanaşı, mətbəxdə də vaxt keçirdiklərini, müxtəlif yeməklər hazırladıqlarını, evdə həyat yoldaşlarına kömək etdiklərini deyirlər. Bəsi siz hansı yeməkləri bişirə bilirsiniz?
- Təzəlikcə evdə pomidor-yumurt bişirməyi öyrənmişəm (gülür). Evdəkilərə sahurda bu yeməyi hazırlayıram. Maksimum edə biləcəyim budur. Amma pomidor-yumurta bişirəndən sonra bu işə marağım daha çox artdı. Anam evdə yemək hazırlayanda oturub baxar, nə isə öyrənməyə çalışıram. Çünki həyatın işini bilmək olmaz, gələcəkdə ölkə xaricində çıxış edə bilərəm. Belədə tək yaşamalı olacağam. Düşünürəm ki, nə vaxtsa bunlara ehtiyacım olacaq.
- Yeri gəlmişkən, bu gün əksər futbol həvəskarları istəyirlər ki, Mahir Emreli legioner həyatı yaşasın. Bildiyimiz qədərilə bir neçə belə fürsətiniz olub. Məsələn, ötən yay “Sevilya”nın B komandasından təklif gəlib, amma getməmisiniz. Maraqlıdır, sizi Azərbaycanda saxlayan səbəb nədir?
- İnsanla bu qədər istəyirlərsə, düşünün, mən nə qədər arzulayıram. Sadəcə, “Legioner həyatı yaşadım” demək xatirinə getmək də düzgün deyil. “Sevilya” məsələsinə gəldikdə, B komandasında oynamaq təklif olunmuşdu. Klubun idman direktoru Ramon Monçi ilə danışıq aparılarkən demişdi ki, əvəzedicilərdə 6 ay oynayacaqsan, sonra səni əsas komandaya götürəcəyik. Həmin vaxt Avropa Liqasının qrupuna vəsiqə qazandıq. Təkcə Azərbaycan Premyer Liqasında mübarizə aparsaydıq, haradasa düşünmək olardı.
Amma avrokubokların qrupunda oynayanda bazarın içində olursan. Ona görə fikirləşdim ki, 6 ay da qalım. Sadəcə, planda olmayan zədələr bir az narahatlıq verdi. Ümid edirəm ki, legioner həyatı mənə bir gün doğrudan da qismət olacaq. Bunu həqiqətən isəyirəm. Hər müsahibəmdə deyirəm, bir daha təkrar edirəm ki, məsləhət alacağım insanlar var. İlk növbədə, baş məşqçimiz Qurban Qurbanov və kapitanımız Rəşad Sadıqovla danışacağam. Əslində indi də tez-tez bu barədə söhbətlərimiz olur, müəyyən şeyləri müzakirə edirik. Verəcəyim hər bir qərar onlarla məsləhətdən sonra olacaq.
- Bir neçə gün öncə “Qarabağ”ın futbolçuları koronavirus testindən keçdilər. Nəticələr məlum olub?
- Yox, hələ cavablar açıqlanmayıb. Dedilər ki, 2-3 günə bəlli olacaq.
- Hakimlərin və komandaların testdən keçirilməsi qarşıdakı günlərdə ən azı məşqlərin bərpa olunacağı anlamına gələ bilərmi?
- Yoxlanışdan keçəndə bu sualı vermək istədim. Sonradan düşündüm ki, nə isə olsa, özləri deyəcəklər. Ümid edirəm ki, testin cavabları hamıda yaxşı çıxdıqdan sonra ən azı məşqlərə icazə verəcəklər. Bu, çempionat bərpa olunanadək forma yığa bilməyimiz üçün lazımdır. İki aydan çoxdur futboldan ayrı qalmışıq. Bu da idmançı üçün az müddət deyil. Amma istənilən halda nə qərar verilsə, əməl etməliyik.
- Mövsümün bərpası ilə yanaşı, ləğvi də gündəmdədir. Elə ölkələr var ki, çempionatları davam etdirilməyib. Hətta çempionun elan olunmadığı liqalar da mövcuddur. Bu cür hallar Azərbaycan Premyer Liqasında baş versə, münasibətiniz necə olar?
- Elə bu səbəbdən çempionatın dayandırılmasını, ləğv olunmasını heç vaxt istəməmişəm. Mövsümün bərpasının tərəfdarıyam. Həm oyun praktikası, həm forma yığmaq məsələsi var. Nə qədər məşq etsən də, futbol matçları tam fərqli olur. Məşq zamanı elə hərəkətlər edirsən ki, bəlkə də həmin şans oyun zamanı heç vaxt ələ düşmür. Fikrimcə, hamı mənim kimi, çempionatın bərpasını istəyir. Çünki futbol üçün çox darıxmışıq. Ümid edirəm ki, yaxın zamanda oyunlar yenidən başlayacaq.
- Mütəxəssislər idmançıların karantin müddətindən sonra psixoloji dəstək almalı olduqlarını düşünürlər. Siz futbolçular üçün belə bir yardıma ehtiyac varmı?
- Məncə, bu, insanın özündən asılı olan məsələdir. Düşünürəm ki, burada mentalitet söhbəti də var. Baxırsan ki, bizdə virusa inananlar da, inanmayanlar da var. Yenə deyirəm: Bu, hər kəsin öz psixoloji durumu ilə bağlıdır. Kiminsə ehtiyacı varsa, onsuz da gedib həmin dəstəyi almalıdır.
- Bu yaxınlarda komanda üzvləri ilə birlikdə Ağdama səfər etmişdiniz. Hansı təəssüratlarla qayıtmısınız...
- Həqiqətən maraqlı alındı. Oradakı insanları görəndə qəribə hisslər keçirdim. Üzlərində həm sevinc, həm də kədər var idi. Onların yaşadığı durumu görmək insanı düşündürür. O insanların tək bizə, ora gedən futbolçulara yox, bütün xalqımıza, onun dəstəyinə ehtiyacı var. Hər birimiz çalışdığımız qədər onlara dayaq olmalıyıq. Mənim üçün ən toxundurucu məqam Quzanlıdakı Olimpiya Kompleksinin stadionuna ayaq basmağım oldu. İlk dəfə idi orada olurdum. Bir anlıq təsəvvür etdim ki, o stadionda oynayıram. İstərdim ki, Quzanlıda ən azı bir oyun keçirə bilim.
- Bu gün bir çox rayonda karantin rejimi ləğv olunub. Bu mənada “Qarabağ” çempionat bərpa olunanadək gedib Quzanlıda məşq edə bilərmi?
- Quzanlıda meydanın ot örtüyü yaxşı vəziyyətdə deyildi, keyfiyyəti pis idi. Bilirsiniz, bu, artıq rəhbərliyin işidir. Desələr ki, orada təlim-məşq toplanışı olacaq, hər birimiz gedərik. Yəni, bu, futbolçuların verə biləcəyi qərar deyil.
- Səfər zamanı Ağdamın icra başçısı Vaqif Həsənovla da görüşdünüz...
- “Qarabağ” klubu, futbolçular haqqında çoxlu xoş söz eşitdik. Həqiqətən də bizi çox gözəl qarşıladılar, qayğımıza qaldılar.
- İcra başçısı ilə görüşdə “Qarabağ”ın ən azı bir oyunu Quzanlıda keçirməsi təklif olundumu?
- Açığı, biz futbolçular çox vaxt kənarda olduq. Daha çox Qurban Qurbanov və klubumuzun direktoru Əmrah Çelikellə söhbət etdilər. Ona görə bu barədə heç nə deyə bilmərəm. Yəni, söhbətdən xəbərim yoxdur.
- Təqribən bir il əvvəl ailənizdə problem oldu. O hadisə karyeranıza nə kimi təsir göstərdi?
- Mən açıq danışmağı sevirəm. Düzdür, həmin ərəfədə aşağı səviyyədə keçirdiyim oyunlar oldu. Amma hər matçda yaxşı çıxış etmək kimi bir anlayış yoxdur. Dünya ulduzlarının da oyunu alınmaya bilər. Öz oyunlarıma baxırdım. Yeganə problemim qol epizodlarını dəyərləndirə bilməməyim idi. Bu hadisənin də haradasa təsiri olurdu. "Bakı"nın aşağı yaş qrupları üzrə komandalarında çıxış etdiyim vaxt Mustafa Adnan Yazıcıoğlu adlı baş məşqçimiz var idi. Həmin dönəmlərdə azarkeşlərin davranışları mənə çox pis təsir edirdi. Adnan hoca da hücumçu olub. Futbol oynayanda təkbətək epizodları qaçırarmış.
Bir dəfə 38 - 40 dərəcə qızdırma ilə oyuna çıxıb. Deyir, qızdırmalı olduğunu, oyunda hansı hisslər keçirdiyini yalnız sən bilirsən. Azarkeş isə bilmir. Onlar sadəcə görürlər ki, sən qaçmırsan, mübarizə aparmırsan. Adnan hoca deyirdi ki, durub hamısına izah etməli deyilsən ki, oyuna qızdırmalı çıxmışam. Adama deyərlər ki, qızdırmalısansa, meydana çıxma (gülür). Hər probelemi demək də olmur, insan bunu öz içində yaşayır. Özünüz də gördünüz ki, daha sonra hər şey bilindi. İnsanlar da vəziyyəti anlayışla qarşıladılar. Oldu-keçdi deyib rahatlaşıram. Bu da mənim üçün bir həyat təcrübəsi idi. Düşünürəm ki, həyatda hər bir çətinlik olur. Ən önəmlisi, bunların öhdəsindən gəlməyim, komanda yoldaşlarım, rəhbərlik və məşqçilərimin yanımda olmaları idi. Onlar mənə çox böyük dəstək verdilər.
- Oxucumuz soruşur ki, Mahir üçün Mədətov soyadı düşərli oldu, yoxsa Emreli?
- Ümumiyyətlə düşərli və düşərsiz söhbətinə inanmıram. Bu, mənim üçün o qədər də fərq etmir.
- Bəzən çox tənqid olunur, hansısa oyunları qol epizodları çox qaçıırırsınız. Həmin vaxt tənqidləri qəbul edərək, bunlarla razılaşırsınız?
- Doğru tənqiddirsə, əlbəttə, razılaşıram. Heç kim deyə bilməz ki, razılaşmıram. Amma bəzən epizoda aid olmadığım anda mən tənqid olunuramsa, sadəcə zarafat edib diqqət mərkəzinə düşmək üçün ortaya söz atılırsa, fikir vermirəm.
- Bir müddət öncə evinizdən oğurluq olmuşdu. Bununla bağlı istintaqa ifadə vermisiniz?
- Bəli.
- Həmin şəxslərin sizdən əvvəl 13 evdən oğurluq etdikləri deyilir. Sizə dəymiş maddi ziyan ödənilibmi?
-Biri 13 ev deyir, digəri bildirir ki, girilən 100-cü ev biz olmuşuq. Bəziləri deyir ki, həmin uşaqlar bir ildə milyon manat pul oğurlayıblar. Məbləğ geri ödənilməyib, çünki hələ də istintaq davam edir. Pandemiya səbəbindən prosesə bir qədər ara verildi.
- Oxucumuz soruşur ki, ailə həyatı qurmağı düşünürsünüz?
- Xeyr. Hələ ki, düşünmürəm.
- Bu, ana-bacınızın yanında qalmağınızla bağlıdır? Gələcəkdə legioner həyatı yaşasaydınız, bu məsələ gündəmə gələ bilərdi?
- Həm də legioner həyatı yaşayacağımla bağlı ola bilər. Ailə quranda daha çox yük götürmüş olursan. Legioner həyatı yaşadıqda isə xaricə gedəcəksən. Orada alınacaqmı, alınmayacaqmı? Ailən olduğu zaman bu, daha ağır olur. Məncə, hər şey sıra ilə olmalıdır.
- Oxucumuzdan daha bir sual: Ötən müsahibələrinizdən birində namaz qılıb oruc tutduğunuzu demisiniz. Hansı əqidəyə mənsubsunuz?
- Bu barədə müzakirələri o qədər də sevmirəm. Hamımız müsəlmanıq. Namazımızı qılır, ibadətimizi edirik. Bu, hər bir müsəlmanın borcudur.
- Niyə “Qarabağ”da 11, milllidə 10 nömrəli formanı geyinirsiniz?
- İki nömrəni də bəyənirəm. Sadəcə, millidə "11" Ramil Şeydayevdə olduğundan, 10 nömrəli formanı geyinirəm. Mənim üçün nömrənin o qədər də önəmi olmur. İkisi də sevdiyim rəqəmlərdir.
- “Qarabağ”da oynamasaydınız, Azərbaycanda hansı komandada çıxış edərdiniz?
- Hələ də fəaliyyət göstərsəydi, “Bakı”da oynamaq istəyərdim. Amma düzü, yaxın gələcəkdə sırf Azərbaycanda özümü “Qarabağ”dan başqa heç bir klubda təsəvvür etməmişəm və heç vaxt bu sualın cavabı barədə düşünməmişəm.
- Milli komandada baş məşqçi postu boşdur. Ötən müddətdə bir neçə mütəxəssisin adı hallanıb. Yığmada yerli, yoxsa əcnəbi mütəxəssisin çalışmasını istərdiniz?
- Bu barədə çoxlu suallar olub. Hər müsahibəmdə demişəm ki, yerli baş məşqçinin olması daha yaxşıdır.
- Azərbaycanda millidə işləyə biləcək baş məşqçilər kimlərdir?
- Kimin olduğunu deyə bilmərəm, amma azərbaycanlı olmasını çox istəyərəm. Çünki bizim mentalitet tam fərqlidir. Xarici mütəxəssislər gələr, o qədər də söhbət etməzlər. Bizdə mentalitet elədir ki, daha çox söhbət etmək, yaxınlıq qurmaq lazımdır. Bu, bizə daha rahat olmağımız üçün lazımdır. Öz mütəxəssislərimiz hər bir oyunçunun xarakterini daha yaxşı bilirlər. Yerli baş məşqçi bizim üçün psixoloji üstünlükdür. Həm də millidə taktiki düzülüş çox da önəmli deyil. Yığmada daha çox psixoloji durum vacibdir. Millidə oyunlara hazırlaşmaq üçün müddət az olur. Bu, klub deyil ki, təlim-məşq toplanışı keçəsən, hazırlaşasan. Milli tam fərqli ab-hava deməkdir.
- Sizcə, “Qarabağ”da ən güclü futbolçu kimdir?
- Hazırda Abdullah Zubirdir, mən onu bəyənirəm. Ümimilikdə isə birlikdə oynamasam da, ən çox bəyəndiyim futbolçu Leroy Corc olub. Zubir və Corcun arasındakı dövrdən isə Dani Kintananın adını çəkərdim.
- Bəs ən çox sevdiyiniz kitab və mahnının adı nədir?
- Ən çox sevdiyim kitab “Mən Zlatan İbrahimoviçəm” adlanır. Mahnıya gəldikdə, fransalı repçi Boobanın ifalarını bəyənirəm.
- Ən sevdiyiniz və azarkeşlik etdiyiniz komanda hansıdır?
- Ən sevimli komandam “Qarabağ”dır (gülür). Amma uşaqlıqdan “Qalatasaray”a azarkeşlik edirəm.
- Niyə məhz “Qalatasaray”: Bu komandanı sizə kim sevdirib?
- İlk növbədə, oyunçuları. İstər George Haci olsun, istər Hakan Şükür, istərsə də Arda Turan. Harri Küell də var idi. Bu klubu bir çox oyunçularına görə sevmişəm. Həm də dayılarım daha çox futbolla maraqlandıqları üçün uşaqlıqdan görürdüm ki, hamısı “Qalatasaray” azarkeşidir. Fanatı olduğum komanda “Qalatasaray”dır.
- Ən yaddaqalan qolunuzu hansı komandaya vurmusunuz?
- Bir çox önəmli qollarımı sadalaya bilərdim. Amma əlbəttə, ən yaddaqalan qolum 2017-ci ildə Bakıda Çempionlar Liqasının ilk "pley-off" matçında Danimarka Kopenhageninə vurduğumdur. Çünki o qolun önəmi böyük oldu. Çempionlar Liqasının qrup mərhələsinə yolumuz açıldı.
- Çempionat davam etsəydi, yenə bombardir ola bilərdinizmi?
- Bombardirlik mənim üçün həmişə ikinci planda olub. Komandama fayda verməyin daha çox tərəfdarı olmuşam. Amma epizod olanda yararlanmağa, bacardığım qədər çoxlu qol epizodlarına girməyə çalışıram. Düşünürəm ki, bombardirlik ikinci planda olmalıdır, Önəmlisi, komanda üçün oynamaqdır.
- Bu yaxınlarda Zlatan İbrahimoviçin balıq tutmasını “like” etmişdiniz. Özünüzün balıq tutmağa həvəsiniz varmı?
- Onun hər bir şəklini “Like” edirəm. Balıq tutmağa da həvəsim var. Zaqatalada balıq tuturam. Dayımın orada süni gölü var. Hər yay gedəndə gündə bir-iki saat yanında oturur, balıq tuturam. Tilovu gölə sallayır, dayımla söhbət edirik. Balığın isə özü gəlib qarmağa düşür (gülür).
- Başqa hobbiniz var?
- Hobbi deməzdim, amma bəzi məşğuliyyətlərim var. Playstation oynamağı xoşlayıram. Amma daha çox səviyyənin keçildiyi oyunları sevirəm.
- Özünüzü futboldan başqa hansı sahədə görmək istərdiniz? Karyeranızı bitirdikdən sonra bu sahədə qalmağı düşünürsünüz?
- Futboldan getdikdən sonra yəqin ki, yəqin ki, fermada yaşıyacağam (gülür). Rayona gedəndə də oradakı işlərlə maraqlanıram. Boksçu Roy Consun həyatına baxıram, o da özünə fermada qəşəng şərait qurub, orada yaşayır.
- Gələcəkdə Zaqataladakı biznesinizi böyütmək istərdiniz?
- Əlbəttə, istəyirəm. Cənab prezidentimiz, dövlətimiz kənd təsərrüfatına dəstək verir. Bunun sərfəli biznes olduğunu düşünürəm. Bacardığım qədər köməklik etməyə çalışıram. Amma o işlərlə hazırda dayım və anam məşğul olur. Hələ çox yaxın getmir, sadəcə, boş zamanımda maraqlanmağa çalışıram. Futbol elə işdir ki, başqa peşə ilə məşğul ola bilməzsiniz. Yorğunluq çox olduğundan, fərqli sahəyə də diqqət ayırmaq çətin məsələdir.
Oxşar xəbərlər
Danışılmış oyunlarda iştirak edən azərbaycanlı futbolçular - SİYAHI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qayda...