Azərbaycan 18 idmançıya, 2.8 milyon manat verəcək

Azərbaycan 18 idmançıya, 2.8 milyon manat verəcək
İdman 2890

Avqustun 22-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları artıq başa çatıb. 17 gün davam edən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda – 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulub. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer alıb. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Kongo Demokratik Respublikasından, 1-i isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparan atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış edib.

XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub. "Rio-2016”da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər. Medal sıralamasında Azərbaycan 39-cu olub.

Bəs idmançılarımıza nə qədər mükafat veriləcək?

İyulun 18-də Prezident İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1.1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Sərəncama əsasən, olimpiada da uğur əldə edən idmançılara ümumilikdə 2 milyon 800 min manat, onların məşqçilərinə isə 1 milyon 400 min manat mükafat veriləcək. İdmançılara və məşqçilərinə verilən ümumi məbləğ isə 4 milyon 200 min manatdır. 

Növbəti Olimpia oyunları 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək. 

Bizimyol

Son xəbərlər