XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminə start verildi - FOTO

XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminə start verildi - FOTO
İdman 1829

Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.

BAKU.WS xəbər verir ki, təşkilatçılar açılış mərasiminin möhtəşəm olacağını vəd etmişdilər. Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb. Olimpiya Oyunlarının açılış mərasiminə televiziya, internet və s. vasitəsilə ümumilikdə üç milyard insanın baxacağı bildirilir. Açılış mərasimindən bir qədər əvvəl Olimpiya məşəlini Pelenin alovlandırmayacağı açıqlanıb.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. İdmançıların paradında Azərbaycan bayrağını dünya çempionu, boksçu Teymur Məmmədov aparacaq. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur.

Bundan əlavə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız "Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıb.

"Rio-2016” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilir. Belə ki, Cənubi Amerikada ilk dəfədir Olimpiya Oyunları keçirilir. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edəcək Olimpiadada 306 yarış keçiriləcək və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunacaq. XXXI Olimpiadada rekord saytda 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparacaq. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulacaq. Olimpiya bayrağı altında mübarizə aparacaq bu komandanın tərkibində 10 idmançı var. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Demokratik Konqo Respublikasında, biri isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparacaq atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan ilk dəfədir Olimpiadada çıxış edir.

XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparacaqlar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunacaq. Braziliya hökuməti təhlükəsizlik məsələlərini ən yüksək səviyyədə təmin etmək üçün ciddi hazırlaşıb. Hökumət bu məqsədlə 55 ölkədən 85 min əməkdaş cəlb edib. Bu, London Olimpiadasındakından iki dəfə çoxdur.

Son xəbərlər