Azərbaycanın Zəfər Günündən 6 il ötür

Azərbaycanın Zəfər Günündən 6 il ötür
Siyasət 9
Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd edilir.

Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis olunub.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlayıb. Əsas məqsəd torpaqlarımızı işğaldan azad etmək, Ermənistanı sülhə məcbur etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmək, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etmək və ədaləti bərpa etmək olub. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər olaraq həmrəylik nümayiş etdirib.

44 gün davam edən döyüşlərdə rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad edib.

Azad edilən ərazilər sırasında Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, Mincivan, Ağbənd və Bartaz qəsəbələri, həmçinin rayonun 52 kəndi yer alıb. Bundan başqa, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri və Laçın rayonunun 3 kəndi azad olunub. Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, eləcə də Zəngilanda Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

Azərbaycan Ordusunun hərbi uğurları, xüsusilə Şuşanın işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynayıb. Nəticədə Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olub.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Sənədə əsasən, münaqişə zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

Zəfərin mübarək, Azərbaycan!

Son xəbərlər