SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Azərbaycan Stolüstü Tennis Federasiyasının məşqçisi Vaqif Fatehli BAKU.WS-in suallarını cavablandırıb.
 
Fatehli Vaqif  Arif oğlu 1996-cı ildə anadan olub. Orta təhsilini 160 saylı klassik gimnaziyada alıb. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi fakultəsinin üçüncü kurs tələbəsidir. 
 
BAKU.WS Vaqif Fatehli ilə müsahibəni təqdim edir. 

- Sizdə idmana maraq hardan yaranıb? Ailəniz istiqamət verib, ya necə?

- Özüm maraq göstərmişəm, kimsə istiqamətləndirməyib. Uşaqlıqdan idmanı sevirəm. İlk olaraq yüngül atletika ilə başlamışam idmana. Daha sonra Voleybol, futbol, basketbolla məşğul olmağa başladım. Ən sonda 13 yaşımda stolüstü tennislə məşğul olmaq qərarına gəldim. Bu günə kimi də məşğul oluram. Hazırda Tennis federasiyasında məşqçi kimi fəaliyyət göstərirəm, bundan əlavə özümün klubum var. Orada da gənclərə stolüstü tennisi öyrədirəm. 

- Niyə məhz stolüstü tennis? 

- Ümumiyyətlə mən bütün idman növləri ilə maraqlanıram, zaman-zaman da məşğul olmuşam. Qeyd etdiyim kimi, voleybol, basketbol və digərləri ilə də məşğul olmuşam, hazırda da məşğul oluram. 13 yaşım var idi stolüstü tennislə maraqlananda. Bu idman məni özünə çəkdi və o gündən qərara gəldim ki, onunla ciddi məşğul olub, öyrənəcəm. Nail də oldum. 16  yaşımda yığma komandaya düşdüm, 17 yaşımdan isə məşqçi kimi fəaliyyət göstərirəm. 

- Bildiyiniz kimi stolüstü tennis digər idman növləri ilə müqayisədə az inkişaf edib. Misal üçün güləşdir, cüdodur, boksdur bunlarda naliyyətlərimiz var, amma stolüstü tennisdə yoxdur. Bunun səbəbi nədir?

- Bilirsiniz necədir, bizim insanlar ciddi idman kimi yalnız döyüş tipli idmanlara maraq göstərirlər. Ancaq nədənsə tennisə qeyri-ciddi yanaşırlar. Bundan başqa gəlir məsələsi var. Misal üçün Almaniyada tennisçilər alır 4000-4500 dollar alırlar, bizdə isə qazanc çox aşağıdır. İstər komandanın üzvüləri, istərsə də məşqçilər çox az məvacib alırlar. Tennis də elə bir idmandır ki, xüsusən də stolüstü tennis, mütəmadi olaraq məşğul olmalısan. Gün ərzində ən azı 7-8 saat məşq etməlisən. Çində idmançılar günlərinin yarısını məşqlərdə keçirirlər. Bizdə isə vəziyyət başqadır. İnsanlar yaşamaq üçün də qazanmalıdır. Buna görə də düşünürlər ki, tennisə sərf etdiyi vaxtı daha gəlirli bir sahədə çalışmağa sərf edər. Onlar da özlərinə görə haqsız deyillər. 

- Tennisin digər idman növlərindən fərqli özəlliyi nədir?

- Böyük tennis yox, stolüstü tenis diqqət və məntiq tələb edir. Sənin düşünmək üçün cəmi 2 saniyə vaxtın olur. Sən bu 2 saniyə ərzində məğlub olmamaq üçün həm cəld hərəkət etməlisən, həm də rəqibinə necə zərbə endirəcəyini düşünməlisən. Kənardan baxanda asan və adi görünə bilər. Lakin yaxından məşğul olduqdan sonra baxırsan ki, elə də asan deyil. Böyük tennisdə isə əsasən fiziki güc rol oynayır. Stolüstü tennis badmintondan sonra ən çox kalori aparan idmandır. 

- Hansı naliyyətləriniz var?

- Bir sıra yarışlarda iştirak etmişəm. Diplomlarım var. MDB ölkələri arasında keçirilən yarışda birinci olmuşam. Diplomlarım stolüstü tennislə yanaşı digər məşğul olduğum idmanlar üzrə də var. 

- Gəncləri cəlb etmək, ümumiyyətlə bu idman növünü inkişaf etdirmək üçün nə kimi işlər görürsünüz?

- Gənclər fonduna layihə təqdim etmişəm, qəbul olunub. Müsabiqələr təşkil edirəm. İmkanım daxilində hər şey edirəm ki, gənclərimizdə bu idmana maraq yaradım. Əvvəlki federasiyanın vaxtında ümumiyyətlə yox səviyyəsində idi, hazırkı federasiya sayəsində bir az inkişaf var. İnanıram ki, zamanla daha da inkişaf etdirəcəyik. Bundan başqa videolar çəkib sosial şəbəkələrdə paylaşıram. Düzdür, digər videolara baxış sayı ilə müqayisədə buna maraq azdır, amma bacardığım qədər çalışıram ki, yenə də nəsə edim. 
 
Ayşən Ayxan
BAKU.WS