Heydər Əliyev Azərbaycanı müstəqil, suveren, güclü və qüdrətli görmək istəyirdi

Heydər Əliyev Azərbaycanı müstəqil, suveren, güclü və qüdrətli görmək istəyirdi
Foto
Siyasət 53

Modern Azərbaycan xalqımız tərəfindən dərin hörmətlə anılan, memarı və qurucusu, ölkənin inkişaf yolu konsepsiyasının banisi, ümummilli lider Heydər Əliyevin görmək istədiyi və bu yolda əzmlə çalışdığı dövlət modelidir. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər yaşadığımız canlı tariximizdir, çünki müasir Azərbaycan məhz ulu öndərin dövlətçilik konsepsiyası üzərində təşəkkül tapıb və inkişaf edib. Bu tarixlə hər bir azərbaycanlı fəxr edir. Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyirdi: modern, yüksək intellektə malik gəncliyi, dinamik inkişaf edən iqtisadiyyatı, həmrəy cəmiyyəti, siyasi cəhətdən yetkin dövlət aparatı, əhalinin təhlükəsizliyini hər an təmin edə bilən ordusu və güc strukturları olan, üçrəngli müqəddəs bayrağımızın dalğalandığı Qarabağlı, Şuşalı dövlət kimi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Mövcudluq fəlsəfəsi ilə məhdudlaşmayan dövlətçilik

Azərbaycan ərazisinin sahəsi baxımından böyük olmasa da, beynəlxalq münasibətlərdə əhəmiyyətli siyasi və iqtisadi layihələrin həm təşəbbüskarı, həm də həlledici bəndi kimi yüksək reputasiyaya malik dövlətdir. Bu status ölkəmizə iri və siyasi çəkili dövlətlərlə bərabər, mühüm təşəbbüslərin həm müəllifi, həm də icraçısı olmağa imkan verir. İndi bizim missiyamız dünyaya daha da yaxından tanınmaq və inteqrasiya olmaq, iqtisadi gücümüzə yatırım etmək, əhalimizin sosial rifah halına dəstək verərək daha da inkişaf etməkdir.

Azərbaycan dünyanın iri güc mərkəzləri ilə daima təmasda olan müasir geosiyasi oyunçudur. Azərbaycanın xarici siyasəti onun yerləşdiyi regionun sərhədlərini aşmağa, dünyada siyasi və humanitar diskussiyaların mərkəzi imicini qazanmağa müvəffəq olub. Bakı qlobal çaplı problemlərə münasibət bildirmək haqqına malik regional güc mərkəzidir. Müasir beynəlxalq siyasi sistemin təmsilçisi olan onlarla dövlət var ki, mövcudluq tarixləri məsafəcə daha böyük zaman kəsiyini əhatə etsə də, dövlətçilik anlayışı nöqteyi-nəzərdən cəmi 34 yaşı olan Azərbaycanın əldə etdiyi nailiyyətlərin heç kiçik qismini belə qazana bilməyib. Bu baxımdan, müasir Azərbaycanın inkişaf konsepsiyası mahiyyətcə unikal xarakter daşıyır, dünyanın nüfuz dairələri və düşünən beyinlərinin rəğbətinə səbəb olur.

Azərbaycanın dövlətçilik modeli yalnız mövcudluq fəlsəfəsi ilə çərçivələnə bilməz. Dövlət bizim üçün statik anlayış deyil, o, inkişaf və tərəqqi etməli, dəyişməli, mahiyyətcə daha da güclü olmalıdır. Kim irəli getmirsə, geriyə yuvarlanır - dayanıqlı vəziyyət yoxdur. Dahi siyasətçi Heydər Əliyevin 32 il öncə əsasını qoyduğu dövlətçilik anlayışının, modelinin qayəsini də məhz bu dünyagörüşü formalaşdırır. Çünki ulu öndərin öz həyat və siyasi fəaliyyət fəlsəfəsi əldə olunanlarla kifayətlənməmək, daim yetkinləşmək və təkmilləşmək anlayışları üzərində bərqərar olmuşdu. Məhz bu amil Heydər Əliyevin hələ SSRİ dövründə o vaxt mövcud olan quruluş və siyasi sistemin sərhədlərini aşmasının başlıca səbəbi idi. Onun mahiyyətcə totalitar sistem olan sovetlər ittifaqında, mürəkkəb reallıqlı dövlətdə proqressiv, dünyaya açıq, dinamizmə, çevikliyə söykənən, durğunluğu inkar edən, dəyişikliklərə yönəlik dövlətçilik konsepsiyası yaşadığı dövrün reallıqlarını aşmağa müvəffəq olmuşdu. Bu gün dünyadakı mürəkkəb və ədalətsiz, ikili standartların tüğyan etdiyi, müxtəlif kateqoriyalar üzrə tərəfkeşliyin - dini, milli, siyasi ayrı-seçkiliyin, beynəlxalq konyunkturun hökmran olduğu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın belə bir qısa müddətə qazandığı uğurlar haqlı olaraq analitik araşdırma mərkəzlərinin, siyasət aləmində nüfuz qazanmış simaların marağına səbəb olur. Azərbaycanın hərb sahəsindəki parlaq uğurları hərbi institutların araşdırma mövzusuna çevrilir. Bütün bunların bir səbəbi var - Azərbaycan dövlətçiliyinin bünövrəsi. O əsas, özül və platforma ki, müəllifi və memarı ulu öndər Heydər Əliyevdir.

Eksperiment deyil, konseptual yanaşma

Azərbaycan xalqı və dövlətinin keçdiyi yolun fərqliliyi və əldə etdiyi qazancın miqyası dövlətçilik konsepsiyasının əsasının dünya miqyaslı siyasi lider Heydər Əliyev tərəfindən formalaşdırılması ilə bağlıdır. İki əsr ərzində mövcudluğunu əsarətdə sürdürmüş, milli düşüncə məfkurəsindən məhrum olmuş, dünya tarixində indiki müasir dövlətlərin əsasının qoyulduğu dövrdə müstəmləkəyə çevrilmiş və öz milli dövlətçilik yolunu tam qət edə bilməmiş xalqın nail olduğu müstəqillik və suverenliyin qısa zaman kəsiyində nümayiş etdirdiyi tərəqqinin başlıca səbəbi liderinin nəinki yetkin, habelə qlobal vizyona malik, dünyanı, beynəlxalq konyunkturu dərindən bilən şəxsiyyət olması idi. Müasir Azərbaycan dövlətçiliyi təməli atılan zaman artıq konsepsiyalaşmış məfhum idi. Onun qurucusunun qarşıdakı dövr və məqsədlərə, qət edilən yola və hədəflənən ünvana dair aydın təsəvvürləri var idi. Azərbaycanda dövlətçilik eksperiment deyil, konseptual yanaşma predmeti olub. Biz bu yanaşmanın bəhrələrini indi görürük. Dünyanın düşüncə mərkəzlərinin heyrətlə izlədikəri və analiz etdikləri Azərbaycan reallığı siyasi sürprizlər deyil, praqmatik və məqsədyönlü planlamanın nəticəsidir. Modern Azərbaycan vaxtilə dünyanın iki geosiyasi qütbündən biri olan super güc mərkəzini siyasi və iqtisadi staqnasiyadan çıxarmağa qadir siyasi zəka sahibi olan liderin əsasını qoyduğu uğurlu dövlətçilik konsepsiyasının əsəridir.

Dünya cılızlaşır, ancaq unutmur

Getdikcə cılızlaşan, merkantil və daha çox şəxsi siyasi ambisiya və kaprizlərin qurbanına çevrilən, qeyri-yetkin liderlər və dövlət başçılarının trendə çevrildiyi çağdaş beynəlxalq münasibətlərdən fərqli olaraq, 20-30 il öncənin dövlət adamlarının Heydər Əliyevin siyasi portretinə, dövlətçilik fəlsəfəsinə verdikləri önəm və qiymət əbəs deyildi. Bu siyasət adamları Heydər Əliyevin rəhbərlik etdiyi dövlətin qazanacağı uğurları öncədən görür və proqnozlaşdırırdılar. Bu gün dünyanın güc mərkəzləri olan bəzi dövlət və beynəlxalq institut rəhbərlərindən fərqli olaraq, sovetlərin çöküşü ilə yeni dünya bölgüsü və nizamının formalaşdırılması yükünü üzərinə götürmüş həmin tarixi dövrün liderlərinin proseslərə baxış bucağı da fərqli, daha miqyaslı və əhatəli idi. İndi Azərbaycanla mənasız və rəhbərlik etdiyi dövlətin tarixi missiya və nailiyyətlərini aşağılayan ədavət kampaniyasının önündə olan Emmanuel Makron kimi liderin başında durduğu Fransaya rəhbərlik etmiş Jak Şirak Heydər Əliyev barədə deyirdi:

"Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim".

Dünyanın Üçüncü dünya müharibəsi astanasına çatdırmış, rəhbərlik etdiyi dövlətin qlobal missiyasını yetərincə dərk etməyən ABŞ-nin eks-prezidenti Co Baydenin administrasiyasının Azərbaycana qarşı ədalətsiz və qərəzli münasibətinin uğursuzluğu onun ikitərəfli münasibətlərin təməl dayaqları barədə xəbərsizliyinin nəticəsi idi. Ancaq Baydenin prezidentlik dövründən də mürəkkəb reallıqda ABŞ-yə liderlik etmiş Corc Buş Azərbaycanın həm Vaşinqton, həm də bütövlükdə dünya üçün önəmindən yaxşı xəbərdar idi. Çünki əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin əhəmiyyəti və perspektivlərinin konturlarına dair aydın təsəvvürlərə malik idi:

"Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bugünlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".

2020-ci ilin Vətən müharibəsindən sonrakı illərdə beynəlxalq siyasi nüfuzu və tək regional proseslərə təsiri ilə deyil, həm də daha genişmiqyaslı və qlobal xarakterli proseslərdə sözünü demək haqqını qazanmış müasir Azərbaycanın uğur düsturu maraq və suallar obyektinə çevrilib. Ərazisinin kiçikliyi və dövlətçilik tarixinin zamanla böyük olmadığı Azərbaycanın orta güc statusuna yiyələndiyi reallıqda yaşayırıq. Prezident İlham Əliyevin liderliyi ilə suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə bərpa edən Azərbaycan qlobal siyasi transformasiyaların, iqtisadi layihələrin uzlaşdığı məkana çevrilib. Bu reallıq düşünən beyinləri indi heyrətləndirir. Ancaq bu zaman və gerçəkliyi illər öncə görən nüfuzlu dövlət və siyasət adamları Heydər Əliyevlə ünsiyyətdən Azərbaycanın gələcəyinə dair nəticə çıxarmağı bacarmışdılar. ABŞ siyasi isteblişmentinin və XXI əsr dövlətçilik tarixinin ən parlaq simalarından biri olan sabiq vitse-prezident Dik Çeyni belə siyasi simalardan idi:

"Azərbaycan dünya birliyində öz yerini tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. Heydər Əliyev öz davamlı töhfələri ilə Azərbaycanın uzunmüddətli iqtisadi firavanlığının əsasını qoydu. Birləşmiş Ştatlar onun qoyduğu bu möhkəm əsaslar üzərində əlaqələri inkişaf etdirməyi davam edəcək, Azərbaycanın suverenliyini, firavanlığını və demokratik inkişafını dəstəkləyəcəkdir".

Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik yolumuz uğurla davam edir və etdirilir...

Son xəbərlər