Milli kimlik, ideoloji sərhədlər uğrunda mübarizə: Dövlətin özünümüdafiə mexanizmi iş başında
Dünya tarixinin xüsusən ən müasir dövrünə nəzər salsaq, siyasi sistemlərdə, iqtisadi münasibətlərdə, milli maraqların təmin olunması yolları və bütün bu məsələlərə baxış prizmasında köklü dəyişikliklərin olduğunu müşahidə edə bilərik.
Burada diqqət olunması ən həssas məqam da məhz məsələlərə, prioritetlərə, maraqlara baxış prizmasının dəyişməsidir. Çünki müasir dövrün dinamikası məhz dövlət strukturlarında bu cür yanaşma tələb edir, dövlətlərin ideoloji sərhədləri anlayışı çərçivələri genişləndirir, daha geniş prizmada, bütün ehtimal və təhdidləri, çağırışları nəzərə almaqla konseptual yanaşma tələb edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, COVID-19 pandemiyası bu mənada dünyanın siyasi arenasında, dövlətlərarası münasibətlərdə yeni çağırışları ortaya çıxarması, dövlətçiliyin təməlini təşkil edən amillərin yenidən nəzərdən keçirilməsi, dövlətlərin güc anlayışının və potensialının yenidən qiymətləndirilməsi ilə yaddaşlarda qaldı. Sözügedən pandemiyanın qlobal təsirlərinə nümunə olaraq dünyanın artıq çökmüş nizamının və bu nizama xidmət edən köhnə strukturların ifşası, milli suverenliyin həyati əhəmiyyətinin daha da aktuallaşması kimi amilləri göstərmək olar.
Bildiyimiz kimi istənilən dövlətin (xüsusi qeyd: Müstəqil yaşamaq və müstəqil mövcud olmaq iddiasında olan) sərhədləri onun coğrafi mövqeyi, koordinatları, sərhəd xətləri ilə məhdudlaşmır. Burada hətta bütün bunlardan daha önəmli hesab olunan ideoloji sərhədlər məsələsini yaddan çıxarmaq, laqeyd yanaşmaq müasir çağırışlar qarşısında əli-qolu bağlı halda mütləq asılılığa gedən yola qədəm qoymaq anlamına gəlir.
Dünya tarixinin müasir dövrü məhz bu cür xarakterizə olunmalıdır - dövlətlər qarşısındakı əsas çağırış, əsas qayə dövlətin ideoloji sərhədlərini qorumaqdır. Bu, dövlətin varlığını, kimliyini, söz haqqını qorumağın ən vacib şərtidir.
Tarixdən bu baxımdan göstərə biləcəyimiz bir çox nümunələr də mövcuddur. Çünki ultramüasir çağırışlar, təhdidlər dövlətlərarası güc balansını sadəcə iqtisadiyyat, ordu, nüfuz kimi amillərlə məhdudlaşdırmır. Dövlətlərin daxilində yaranan, yaradılan, nüfuz edilən "boşluqlar" həmin dövlətin daxildən yara almasına və yekun nəticədə bütün müstəvilərdə silahının mərmisiz qalmasına, atılan istənilən mərminin hədəfdən yayınmasına gətirib çıxara bilər.
ABŞ nümunəsi
Daxili təhdidlərlə mübarizə praktikası dünya ölkələri üçün yeni deyil. Məsələn, dünyanın supergücü hesab olan ABŞ-də hələ ötən əsrin birinci yarısında bu sahədə ilk addımlar atılmağa başlayır. ABŞ siyasəti hələ 1938-ci ildə yaradılmış "Foreign Agents Registration Act"la göstərir ki, xarici maraqların, təsirlərin ölkəyə nüfuz etməsinin qarşısının alınması demək olar ki, mümkünsüz prosesdir. Odur ki bu prosesi nəzarətdə saxlamaq ən yaxşı çıxış yolu hesab edilməlidir. Məhz buna görə də, sözügedən addımla xarici maraqlarını təmsil edən qüvvələr qeydiyyata alındı və öz fəaliyyətlərini açıq şəkildə bəyan etməli oldular. Yəni ABŞ bu addımla xarici təhdidləri idarəolunan bir şəkildə stabil saxlamağa və bununla da istənilən an müdaxilə etmək imkanını əldə etməyə nail oldu. Sonrakı illərdə ABŞ-nin xüsusi xidmət orqanları tərəfindən xarici müdaxiləni izləmək, bu müdaxilənin mediaya, xüsusən sosial şəbəkələrə təsirlərini izləmək üçün bir sıra bölmələri formalaşdırdı. Eyni zamanda ABŞ xüsusən "Soyuq müharibə" dövründə SSRİ ilə ideoloji mübarizədə olduğunu anlayırdı və bu istiqamətdə də özünümüdafiə mexanizmlərini işə saldı və ötən illər ərzində bu mexanizmlər daha da funksional alətlərə çevrildilər.
ABŞ-nin ən müasir tarixinə isə sözsüz ki, Prezident Donald Trampın rəhbərliyi dövrü damğa vurur. ABŞ liderinin korrupsiyaya bulaşmış və xarici təsir agentlərinin yuvasına çevrilmiş yan təşkilatları sıradan çıxarması özlüyündə dünyanın ən qüdrətli ölkələrindən biri sayılan ABŞ-nin ideoloji sərhədlərini qorumaq instinktinin bariz nümunəsi sayılmalıdır.
Türkiyənin ideoloji sərhədləri qorumaq mexanizminin yeni mərhələsi
Bu mübarizə ilə bağlı danışarkən "bir millət, iki dövlət" anlayışı ilə yanaşdığımız qardaş Türkiyəni yaddan çıxarmaq olmaz. Türkiyədə dövlətin daxili təhdidlərdən təmizlənməsi, xarici təhdidlərin daxildə yaratdığı risklərin qarşısının alınması, əslində daxildə olsa da, xarici maraqlara xidmət edən dairələrin ifşası prosesi Gezi parkı etirazları ilə özünün yeni mərhələsinə qədəm qoydu. Sonrakı dövrdə hətta dövlət çevrilişinə cəhd edəcək qədər güclənən FETÖ terror təşkilatının, onun dövlətin demək olar ki, bütün həyati strukturlarına nüfuz etmiş əlaltılarının təmizlənməsi, dövlət daxilində gizli və qaranlıq fəaliyyət göstərən "paralel yapı" adlandırılan xəyanət şəbəkələrinin çökdürülməsi və nəhayət son illərdə müşahidə etdiyimiz İstanbul şəhərinin Esenyurt rayon bələdiyyə sədri Ahmet Özerin terror təşkilatına üzv olmaq ittihamı ilə həbsi, Ekrem İmamoğlunun istintaq altında olması, Ankara, İzmir və digər böyük şəhər bələdiyyələrinə qarşı hüquqi iddiaların qaldırılması Türkiyənin ideoloji sərhədlərini və suverenliyini qorumaq mübarizəsindən başqa bir şey hesab edilə bilməz.
Asiyada toqquşan maraqlar fonunda suverenlik, milli kimlik mübarizəsi
Asiya ölkələri də müasir çağırışlar və təhdidlər fonunda artıq işlək olmayan mexanizmləri sıradan çıxarıb, ən azından bu prosesi başladıb desək, yanılmarıq.
Qazaxıstanın xarici təsirləri neytrallaşdırmaq istiqamətindəki addımlarına nəzər saldıqda burada əsasən xariclə bağlı kadrların təmizlənməsini göstərmək olar. Prezident Kasım-Jomart Tokayevin kadr islahatları artıq özünün müsbət təsirlərini göstərməkdədir. Rusiyadan asılılığın azaldılması, dövlətə sadiq kadrların rəhbər postlara gətirilməsi özlüyündə Qazaxıstanın Asiya regionunda varlıq və liderlik mübarizəsinə mühüm töhfə verdi.
Özbəkistanda isə Şavkat Mirziyoyevin hakimiyyəti həm radikal dini şəbəkələr, həm köhnə sovet nomenklaturasının qalıqları, həm də Rusiyaya bağlı məmur qruplarının neytrallaşdırılması ilə yadda qalır. Bütün bunlar ölkənin ideoloji sərhədlərini müəyyən etmək və qorumaq uğrunda atılmış strateji addımlar hesab edilməlidir.
Sözügedən məsələdə, xüsusən, Çini qeyd etmək lazımdır. Dünya üçün "qapalı ölkə" imici formalaşdıran Çin əslində xarici təsirləri, təhdidləri minimuma endirməklə özü üçün ən optimal inkişaf modelinə üz tutub. Burada Çinin artan qüdrəti, texnoloji imkanları, insan potensialı kimi amilləri nəzərə aldıqda, Çinin "qapalı ölkə" olması fikrinin sadəlövhlükdən ibarət olduğunu demək mümkündür. Vurğulanmalı daha bir vacib amil də rəsmi Pekinin artıq bir neçə ildir ki, kiber suverenlik konsepsiyasını işə salmasıdır. Bu konsepsiya ölkənin daxili siyasətinə, media mühitinə, insanların şüuruna kənar müdaxilələrin qarşısının alınmasına, beləliklə daxildə təhdidlərin formalaşdırılmasına mane olmağa hesablanıb.
Qafqazda ideoloji sərhədlər və mübarizə modeli
Qafqaz regionunda mövcud dövlətlərə nəzər salaq. Gürcüstan - təkcə qonşu ölkədəki seçki proseslərini xatırlamaq kifayətdir ki, burada xarici təsirlərin miqyasının fərqinə varaq. Belə olan halda isə Gürcüstan artıq xarici maliyyə hesabına hərəkət edən, milli kimliyə təhdid yaradan və dövlətin suveren mövcudluğunu təhlükə altına alan qüvvələrlə aktiv mübarizə başladı. Müxalifət partiyalarının bağlanması üçün prosesə start verilməsi, bu istiqamətdə hakim partiyanın Konstitusiya məhkəməsinə müraciəti bu mübarizənin təzahür formalarından biridir.
Ermənistan - bu mənada Gürcüstanla müqayisədə daha fəal görünür. Üstəlik bunun bir çox obyektiv səbəbləri də var. Əsas səbəb isə Cənubi Qafqaz regionunda xarici maraqların ən çox nüfuz etdiyi ölkənin, bəlkə də, Ermənistan olmasıdır.
Yerevanın bu sahədə addımlarına nümunə olaraq hakimiyyətin repressiv üsullarla cəmiyyəti qarışdırmaq istəyən bütün qüvvələri neytrallaşdırması, Rusiya ilə bağlı oliqarxların həbsi və mülklərinə əl qoyulması, dövlətin idarə olunmasına iddia edən kilsəyə qarşı sərt addımların atılmasını göstərmək olar. Xüsusən keçmiş prezidentlərə qarşı başladılan cinayət işləri, bir sıra məmurların həbsi Ermənistanın ideoloji varlıq təşəbbüslərini ortaya çıxarır.
Azərbaycan - sarsılmaz birliyə baxmayaraq, gözardı edilməməli olan məqamlar
Azərbaycan öz regionunun söz sahibi, qüdrətli dövləti kimi xarakterizə olunur. Dövlətin xarici siyasətindəki uğurlu həmlələr Azərbaycanın nüfuzunun hər ötən gün artmasına, ölkəmizin siyasi arenadakı çəkisinin yüksəlməsinə səbəb olur. Doğrudur, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmaq xarakter daşısa da, bu, heç də təhlükənin bizdən yan keçməsi anlamına gəlmir. Ən azından Ramiz Mehdiyev nümunəsi göstərir ki, daxildəki xarici qüvvələrin əlaltıları ölkəmizin milli maraqlarını, milli kimliyini və ideoloji sərhədlər mübarizəsini satmaq, qurban vermək üçün fürsət gözləyir. Üstəlik, Ramiz Mehdiyev daxildə gizlin təşkilatlanmış və illərdir dövlətin zəifləməsi uğrunda çalışan satılmış şəbəkənin üzdə olan siması, lideridir. Ancaq bilirik ki, bu şəbəkənin "işçi qüvvəsi" də mövcuddur. Bu qüvvə heç də Azərbaycan xalqını, dövlətini, onun milli kimliyini düşünmür, onlar üçün xaricdən gələcək göstərişlər hər cür xəyanəti həyata keçirmək üçün işarə sayılır.
Belə olan halda isə yada təbii ki, Azərbaycanın radikal müxalifəti yada düşür. Siyasi mübarizə, siyasi düşüncə, demokratik inkişaf yolu təbii ki, fərqli fikirləri ortaya çıxara bilər. Ancaq bu məsələdə nəzərə alınmalı olan məqam mübarizənin məqsədidir. Əgər məqsəd dövləti zəiflətmək, iqtidarı ələ keçirmək üçün xalqın taleyini xarici qüvvələrə satmaq, asılılığı, suverenliyin itirilməsini qəbul etməkdirsə, bunun bir adı var, o da xəyanət.
Azərbaycanın radikal müxalifəti 1993-cü ildən bəri istər Rusiya, istər İran, istər Qərbin əlində Azərbaycana qarşı oyuncaq olub və bu gün də belədir.
Müasir tariximizin ən şanlı səhifəsi hesab olunan 44 günlük milli kimlik mübarizəsi, Vətən savaşı zamanı baş verənlər unudulubmu? Xeyr. Əli Kərimlinin Müzəffər Azərbaycan Ordusu haqqındakı sərsəm bəyanatını necə unutmaq olar ki?
"Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil" fikri sizcə Əli Kərimlinin beyninin verdiyi komanda ilə dilindən tökülmüşdü? Əli Kərimli Azərbaycan ordusunun hazırlığı, döyüş potensialı ilə bağlı nə bilirdi ki, özündə fikir söyləmək haqqı da görürdü. Təbii ki, bu fikirlər Əli Kərimlinin yox, xaricdə uzun illərdir radikal müxalifətin mövcudluğunu maliyyələşdirən qüvvələrin, dövləti zəiflətmək üçün ən yaxşı yolun daxildəki satılmışlar olduğunu anlayan strukturların idi.
Əli Kərimlinin verdiyi "mesaj"la yanaşı, ideoloji diversiya mərkəzlərinə çevrilmiş marginal qrupların 2020-ci ildə Vətən müharibəsində, 2023-cü ildə antiterror tədbirlərində və Zəngəzur dəhlizi ilə bağlı proseslərdə milli birliyi pozmağa, beynəlxalq təzyiq mexanizmlərinə arqument verməyə çalışması da eyni qəbildən hadisələr deyilmi? Bütün bu proseslərin mənbəyi müstəqil düşüncə, demokratiya, fikir azadlığı idi, yoxsa sadəcə satılmışlığı layiqincə yaşamaq, satılmışlığı ali bir məqsədə çevirmək? Dövləti zəiflətmək, milli kimliyi zədələmək, dövlətin ideoloji sərhədlərini maksimum sıxışdırmaq və aciz duruma salmaq hansı azərbaycanlının gələcəyini sual altında qoymaya bilər ki? Xalqın gələcəyini, suverenliyini, onun dəyərlərini satmaq, qarşılığında pullar qazanıb, gizlidən-gizliyə səfa çəkmək "mübarizə" hesab olunurmu? Əgər hesab olunursa, bu mübarizə Azərbaycana, xalqına, dövlətinə, qüdrətinə, suverenliyinə qarşı deyilmi?
Bu beşinci kolonun "işçi qüvvəsi" barədə danışarkən "no war"çılar və "feministlər"i də yaddan çıxarmaq olmaz. Bu anlayışların hər ikisinin dırnaqda olması belə onların qayəsinin, amalının dırnaqarası mahiyyətini ortaya qoymaq üçündür.
Müxalifətin xaricdən maliyyələşməsini Türkiyədə son baş verən hadisələr əyani şəkildə göstərdi. Ekrem İmamoğlu ilə bağlı aparılan "casusluq" istintaqında ortaya çıxan məqamlar bir neçə gündür mətbuatda işıq üzü görür. Buradan aydın olur ki, Türkiyədə öz maraqları naminə müxalifətə vəsait ayıran dairələr Azərbaycanda da eyni ssenari ilə hərəkət edirlər. Azərbaycanda radikal müxalifət, "antimilli ünsürlər" uzun illərdir məhz həmin pulların hesabına dövlətçiliyimizə qarşı təhdid olmağa davam ediblər.
Xarici pullar olmadan, dövlətin maraqlarını satmadan xaricən əli-qolu bağlı, bütün imkanları məhdudlaşdırılmış imici formalaşdıran müxalifət liderlərinin övladları necə bu qədər rahat həyat sürə bilirlər? Bu gün Əli Kərimlinin övladı Britaniyada, İsa Qəmbərin övladı Kanadada yaşayır. Hətta ikinci qondarma erməni soyqırımı ilə bağlı "anım" paylaşımı ilə də yaddaşlarımızda əbədi qalıb. Bu milli kimliyə xəyanət deyil də, nədir?
Nəticə: qətiyyət, zərurət və yekun həll
Yuxarıda qeyd etdiyimiz geosiyasi konfiqurasiya dəyişiklikləri, müasir çağırışlar və ideoloji sərhədlərin qorunması zərurəti bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da müəyyən addımları qaçılmaz, hətta zəruri edir.
Bütün dünyada ən böyük təhdidlərdən hesab olunan "beşinci kolon"a qarşı mübarizə artıq Azərbaycanda da özünün kuliminasiya nöqtəsinə çatmalı və bununla da bu xəyanət "tamaşası" birdəfəlik qapanmalıdır.
Çünki son hadisələr sözügedən anti-milli ünsürlərin, xəyanət şəbəkəsinin birləşmək üçün fürsət gözlədiyini bariz şəkildə ortaya qoydu. Bu mənada təhlükənin miqyasına müvafiq addımlar atılmalı, veriləcək cəza ən azı xəyanətin özü qədər ağır olmalıdır.
Son proseslər həm də dövlətin özünümüdafiə mexanizminin artıq bu istiqamətdə addımların icrasına başladığının siqnalıdır. Böyük ehtimalla bu şəbəkənin darmadağın edilməsi üçün hələ daha konkret addımların, satqınların zərərsizləşdirilməsinin və layiq olduqları barmaqlıqların arxasına atılmasının şahidi olacağıq.
Dövlətin daxilində dövlət olmaq istəyən, dövlətin maraqlarını öz maraqlarına qurban verən, xalqın milli kimliyini təhlükə altında qoyan, Azərbaycanın ideoloji sərhədlərinə xələl gətirən bu qüvvələrlə mübarizə ümumxalq xarakteri daşımalıdır. Çünki xəyanət təkcə ölkəmizin hakimiyyətinə qarşı deyil, bütövlükdə dövlətçiliyimizə və suverenliyimizə qarşı edilmiş bir xəyanətdir. Bu cür xəyanətlərin ən ağır cəzası isə ilk növbədə xalqın milli şüurunda verilir. Söz yox ki, Azərbaycan xalqı öz milli şüuruna və dövlətinə qarşı qənim kəsilmək istəyən satqınları ayırd etmək iqtidarındadır, ancaq yenə də dövlətin özünümüdafiə mexanizmi də bu prosesdə həlledici rol oynayacaqdır.
Nəticə bundan ibarətdir ki, artıq bu xisləti birdəfəlik tarix səhnəsindən silmək zamanıdır. AXCP, Müsavat, "no war"çılar, feminist qiyafəli casuslar və digər nə qədər təxribatla məşğul olan ünsürlər varsa, fəaliyyətlərinə son qoyulmalıdır.
Təbii ki, bu son həm də yeni həbslər deməkdir. Dövlətçiliyin düşmənlərinin, ideoloji maraqlarımızı satanların, milli kimliyimizi şübhə altına almaq istəyənlərin layiqli sonu məhz bu olmalıdır...
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb....