VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Aprelin 22-də "Bakcell Arena” stadionunda "Neftçi” futbol klubunun muzeyi və fan-şopu açılıb. Açılışda klubun rəhbərliyi, ARDNŞ-nin prezidenti və digər yüksək vəzifəli məmurlar, eləcə də "Neftçi”nin veteranları və futbolçuları iştirak edib. Klubun muzeyində sərgilənən stenddə "Neftçi”nin sabiq prezidentləri haqqında məlumatlar və şəkillərin olduğu stend olub.

Riad Rəfiyevin Oxu.Az-a verdiyi məlumata görə, klubun prezidentlərindən biri atası Rasim Rəfiyev olsa da, onun şəkili "Neftçi”nin sabiq prezidentləri arasında yer almayıb.

Riad Rəfiyevin sözlərinə görə, atası Rasim Rəfiyev 1994-cü ildə ciddi maliyyə problemləri olan klubun başına keçib və üç il rəhbərlik edib. Klub üçün ağır vaxtlarda digər rəhbərlərdən fərqli olaraq o, klub üçün öz vəsaitini də xərcləyirdi. "Riyad” mərhələsi başlayandan sonra maliyyə vəziyyəti yaxşılaşdı və klub inkişaf mərhələsinə qədəm qoydu.

Riad Rəfiyev qeyd edib ki, Rasim Rəfiyev həmçinin Azərbaycan yığmasına da yardım edirdi. O, şəxsi təyyarələrində milli komandanın Avropanın müxtəlif şəhərlərin səfərlərini təşkil edirdi və Azərbaycan yığmasına hər cür yardım edirdi:

"Təəssüf ki, "Bakcell Arena”da quraşdırılmış stendə 90-cı illərdə "Neftçi”nin prezidenti olan mərhum Rasim Rəfiyevin şəkili və onun haqqında informasiya yox idi. Çoxlarının sözlərinə görə, Rasim Rəfiyev klubu həyatından çox sevirdi...”

"Neftçi” peşəkar futbol klubu məsələ ilə bağlı Oxu.Az-a münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun sözlərinə görə, Rasim Rəfiyev ən çətin vaxtlarda "Neftçi”nin yanında olub. Komandaya hər cür dəstək göstərib. Çətin dövrlərdə öz köməyini əsirgəməyib.

Klub rəsmisi, Rasim Rəfiyevin "Neftçi”nin muzeyindəki stenddə şəklinin olmaması məsələsinə də aydınlıq gətirib. "Sözügedən stenddə yalnız "Neftçi”nin prezidenti olmuş şəxslər qeyd olub. Rasim Rəfiyev isə klubda vitse-prezident postunu tutub”.

 
BAKU.WS