Əhliman Əmiraslanov: Rezidentura keçməmiş həkimlərin regionlara göndərilməsi planlaşdırılır
Regionlarda həkim çatışmazlığı var, çünki orada ilkin səhiyyə xidməti çox bərbad haldadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Psixiatriya yardımı haqqında" qanuna təklif olunan dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmət göstərəcək müəssisələrin vəziyyəti ürəkaçan deyil:
"Bu məsələni dəfələrlə aidiyyəti qurumların qarşısında qaldırmışıq. Bərdədə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu. İlk vaxtlar bu layihə yaxşı işləyirdi. Ancaq təəssüf ki, həmin sahədə gözlənilən qədər irəliləyiş əldə olunmayıb. İlkin səhiyyə xidmətinin vəziyyəti ilə bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramovla da müzakirə aparmışıq. Regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşdıq. Elə kəndlər var ki, vaxtında müdaxilə edilmədiyindən xəstələri itiririk".
Komitə sədri bildirib ki, uzun müddət bu sahədə aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycan Tibb Universitetini bitirən, lakin rezidentura təhsili almamış həkimlərin regionlara göndərilməsi nəzərdə tutulur:
"Həmçinin, regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə şərait yaradılması da nəzərdə tutulur".
Oxşar xəbərlər
Yevlaxın səkkiz, Masallının iki kəndində qaz olmayacaq
İyunun 18-də Yevlax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İ...