Orxan Məmmədov: "İslam maliyyə alətləri KOB-ların maliyyələşdirilməsinə dair boşluğu azalda bilər"

Orxan Məmmədov: İslam maliyyə alətləri KOB-ların maliyyələşdirilməsinə dair boşluğu azalda bilər
Sosial 16

İslam maliyyə alətləri kiçik və orta biznes (KOB) subyektlərinin maliyyələşdirilməsinə dair boşluğu azalda bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yerli maliyyə sisteminin tamamlayıcı komponenti kimi İslam maliyyəsinin təşviqi və inkişafı üçün mühüm imkanlar mövcuddur: "Ölkənin güclü biznes və KOB sektoru, Yaxın Şərq ilə Mərkəzi Asiya arasında strateji mövqeyi, eləcə də Azərbaycanla Körfəz ölkələri arasında artan iqtisadi əlaqələr İslam maliyyə sisteminin inkişafı üçün əlverişli mühit formalaşdırır. İmkanlar prizmasından yanaşdıqda bir neçə mühüm məqamı qeyd etmək olar. İlk növbədə, kiçik və orta bizneslərin (KOB) maliyyələşmə boşluğu xüsusi diqqət çəkir. Məlumdur ki, bir çox KOB-lar maliyyə resurslarına çıxışda, xüsusilə də sərfəli və uzunmüddətli maliyyələşmə əldə etməkdə çətinliklərlə üzləşirlər. İslam maliyyə alətləri - o cümlədən mürabahə, müşarəkə və icarə - Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq KOB-lar üçün yeni maliyyələşmə imkanları yarada bilər və bu boşluğun qismən aradan qaldırılmasına töhfə verə bilər".

Sədr əlavə edib ki, Azərbaycanda İslam maliyyəsi üzrə tənzimləmə bazası gücləndirilir: "Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluq KOB-lar üçün də xüsusi əhəmiyyət kəsb edir. Risklərin bölüşdürülməsi, etik investisiya və aktivlərlə təmin edilmiş maliyyələşmə prinsipləri ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) çərçivəsi və dayanıqlı maliyyə təşəbbüsləri ilə getdikcə daha çox uzlaşır. Eyni zamanda, bir sıra çağırışların həllinə ehtiyac qalmaqdadır. İlk növbədə, bu, tənzimləyici və hüquqi bazanın təkmilləşdirilməsidir. Qanunvericilik çərçivəsinin daha da inkişaf etdirilməsi istiqamətində artıq müəyyən müsbət irəliləyişlər mövcuddur".

"Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimi İslam maliyyə məhsullarının yerli bazarda sınaqdan keçirilməsinə imkan yaradır. Bu, mühüm addımdır və yerli banklar İslam bankçılığı məhsullarını təklif etməyə başlayıb. Proses IsDb-nin dəstəyi ilə paralel şəkildə həyata keçirilir. Bu amil ölkənin maliyyə bazarı üçün strateji əhəmiyyət daşıyır. Digər vacib istiqamət isə bazar məlumatlılığı və maliyyə savadlılığıdır. Bir çox sahibkar və istehlakçı hələ də İslam maliyyəsinin mahiyyəti barədə yetərli məlumata malik deyil. Halbuki dünya təcrübəsi göstərir ki, İslam maliyyəsi yalnız müsəlman əhali üçün nəzərdə tutulmur. Bir çox ölkələrdə müxtəlif dini mənsubiyyətə malik insanlar da bu maliyyə məhsullarından fəal şəkildə istifadə edirlər", - deyə O.Məmmədov əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər