Azərbaycanda rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən edilir
Azərbaycanda rəqəmsal texnologiyaların istehsalçılarının gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) "Lisenziyalar və icazələr haqqında" qanunun 19.7-ci maddəsinə uyğun olaraq aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyi nəzərə alınmaqla verdiyi təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 10 il müddətinə gömrük rüsumundan azad olunur.
Eyni zamanda, "Lisenziyalar və icazələr haqqında" qanuna təklif edilən dəyişikliklərlə rəqəmsal texnologiyaların istehsalı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bunun üçün icazə almalıdır. Onların adı "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"na əlavə edilir.
Bu çərçivədə Vergi Məcəlləsinin də dəyişdirilməsi planlaşdırılır. Müvafiq qanun layihəsinə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən yüksəkixtisaslı miqrantların, habelə ardıcıl olaraq son 24 ay və daha çox müddət ərzində ölkədə vergi öhdəliyi olmamış və ya ölkənin qeyri-rezidenti olmuş şəxslərin, habelə həmin sahələr üzrə fəaliyyət göstərmək məqsədilə ölkəyə qayıdan ölkə vətəndaşlarının, müəssisələrin bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində çalışan mütəxəssislərinin muzdlu işdən əldə edilən aylıq gəlirləri 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad edilir.
Bundan başqa, rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən fiziki şəxslərin (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi gəlir, hüquqi şəxslərin (investisiya təşviqi sənədini alan və ya sənaye yaxud texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) həmin fəaliyyətdən əldə etdiyi mənfəət, eləcə də ödədiyi dividend 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad olunur.
Həmçinin rəqəmsal texnologiyaların, süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi, habelə həmin sahələrdə, habelə kibertəhlükəsizlik sahəsində xidmətlər göstərən hüquqi və fiziki şəxslər (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, sahibkarlıq subyektlərinin həmin fəaliyyət prosesində istifadə etdiyi əmlak və torpaq da 2026-cı il iyulun 1-dən 20 il müddətinə vergidən azad edilir.
Bu çərçivədə "Sosial sığorta haqqında" qanunun da dəyişdirilməsi nəzərdə tutulur. Müvafiq qanun layihəsinə əsasən, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar, habelə rəqəmsal səyyahlar 2026-cı il iyulun 1-dən 5 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb olunmayacaq.
Ümumiyyətlə isə rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
| Sığorta haqqına cəlb edilən aylıq gəlir | sosial sığorta haqqı dərəcəsi | ||
| cəmi | sığortaolunanın gəlirlərindən tutulan | sığortaedənin vəsaiti hesabına ödənilən | |
| 200 manatadək | 14 faiz | 2 faiz | 12 faiz |
| 200 manatdan 8000 manatadək | 12 faiz | 6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 5 faizi | 44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 7 faizi |
| 8000 manatdan çox olduqda | 10 faiz | 786 manat + 8000 manatdan çox olan hissənin 5 faizi | 1214 manat + 8000 manatdan çox olan hissənin 5 faizi |
Oxşar xəbərlər
Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək
Azərbaycanda alternativ maliyyələşmə imkanlarının genişləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "Kraudf...