SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün sərbəst güləş üzrə Azərbaycanın yeganə 3 qat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı, dördqat Avropa çempionu Hacı Əliyevin 33 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Hacı Əliyev 1991-ci ilin aprelin 21-də Naxçıvan şəhərində doğulub.

1999-cu ildən Elman Əzimzadənin rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb. 1997-2008-ci illərdə Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTDİ) ali təhsil alıb.

Hacı Əliyev karyerasında birinci yarışına 2008-ci ilin mayında Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmələr arasında "Qələbə Kuboku" turnirinə qatılıb. Həmin yarışlarda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev turnirin bürünc medalını qazanıb.

O, 2009-cu ildə növbəti nailiyyətlərini daxili yarışlarda əldə edib. Hacı Əliyev həmin ilin oktyabrında Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb və yarışın çempionu olub. Həmin ilin dekabrında isə Hacı Əliyev böyüklər arasında birinci uğuruna imza atıb. O, Azərbaycan Kubokunda bütün rəqiblərini məğlub edib və turnirin qalibi olub.

2009-cu ildə Azərbaycan Kubokuna sahib olan 18 yaşlı Hacı Əliyev Azərbaycan yığmasına dəvət olunub. Bakı şəhərində baş tutan Avropa Çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə, 1/8 final mərhələsində Almaniya güləşçisi Tim Şlyeyxer ilə qarşılaşıb. Həmin görüşün birinci hissəsində o, məğlub olsa da (0:1), ikinci və üçüncü hissələrdə müvafiq olaraq 3:0 və 3:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə vəsiqə qazanıb.

Hacı Əliyev 2016-cı ildə əsas yarışına Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları çərçivəsində qatılıb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə Cənubi Koreya güləşçisi Yun Jun-Sik ilə qarşılaşıb. Həmin görüşdə Əliyev 12:2 hesabı ilə vaxtından əvvəl qələbə qazanıb.

I Avropa Oyunlarında qazandığı bürünc medala görə 29 iyun 2015 "Tərəqqi" medalı təltif edilib. XXXI Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə 1 sentyabr 2016 "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib.
XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2014-cü ildə ailə həyatı quran Hacı Əliyevin 2015-ci ilin avqust ayında qızı Aişə dünyaya gəlib. Hacı Əliyev 2015-ci ildə Las-Veqasda baş tutan Dünya Çempionatında qazandığı çempionluğu məhz qızı Aişəyə həsr edib.

Hacı Əliyevin 2023-cü ildə birinci turniri fevralda Xorvatiyanın Zaqreb şəhərində baş tutacaq Zagreb Open beynəlxalq turniri olub.

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Avropa çempionatında qızıl medal qazanıb. O, 70 kq çəki dərəcəsində finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla da Hacı Əliyev karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb və Azərbaycan güləş tarixinə düşüb. O, Azərbaycanın 4 dəfə Avropa çempionu olan ilk sərbəst güləşçisidir.

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 2023-cü ildə Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. Üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq bu titula yiyələnib.

Hacı Əliyev Paris-2024 Olimpiya Oyunlarına da lisenziya qazanıb. İdmançı buna Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.

Hacı Əliyev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir.

BAKU.WS