Suyu vurduq gölə, o da daşdı...
Oktyabr ayında Bakıda yağan intensiv yağışlardan sonra paytaxtın bir sıra küçə və prospektlərində yığılıb qalan su yol infrastrukturuna da müəyyyən ziyan vurub.
BAKU.WS xəbər verir ki, bunu milli.az-a açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, son yağışlar zamanı sırf "Azəravtoyol"un günahı ucbatından suyun yollarda yığılıb qalması halı müşahidə olunmayıb: "Əsas problem bir neçə yolda yaranmışdı, hətta Binəqədi şossesində bu hal indi də davam edir, su yığılıb qalıb, çəkilmir. Amma həmin şossenin kənarında yağış-kanalizasiya sistemi var, sadəcə orada yağış, kanalizasiya kollektoru olmadığına görə su xüsusi quyulara çəkilir, oradan da nasoslarla gölə vurulur. Göl də daşıb, su yenidən qayıdıb axıb yola. Nəinki yola, ora bataqlıq ərazidir deyə, yaşayış evlərini də su basıb. Yəni problem təkcə yolda deyil".
A.Nəcəfli qeyd edib ki, əsas məsələ Bakı yollarının hamısında yağış-kanalizasiya sisteminin olmaması ilə bağlıdır: "Bakıda küçələrin yalnız 14-15 faizində yağış barmaqlıqları, yəni yağış-kanalizasiya sistemi var. Müəyyən yerlər var ki, tikintilərin artması ilə əlaqədar haradasa su yığılıb qalır. Biz də çalışırıq onları aradan qaldıraq. Əgər yağışdan sonra problem ortaya çıxırsa və orada yağış kollektoru yoxdursa, biz heç nə edə bilmirik. Əgər axıntı yaratmaqla suyu kənarlaşdırmaq mümkündürsə və yağış-kanalizasiya sistemi qurmaq imkanı varsa, onları edirik. Təkcə son 1 il ərzində 6 km-ə yaxın yağış-kanalizasiya sistemi qurmuşuq. Hələ bu vaxta kimi belə bir şey olmayıb. Və bu işlər indi də davam etdirilir.
Əgər buna imkan varsa, biz çalışırıq ki, bütün yeni tikilən, hətta yeni təmir olunan yollarda çalışırıq ki, yağış-kanalizasiya sistemini yaradaq. Əgər belə bir imkan yoxdursa, yalnız yola maililik verməklə suyu axıdılaraq kənarlaşdırılır. Əgər yaxınlıqda yağış-kanalizasiya sistemi və ya kollektoru varsa, su oraya doğru yönləndirilir".
BAKU.WS
Oxşar xəbərlər
Bakı dairəvi yolunda çökmə baş verib
Bakı Dairəvi yolunun kənarında əmələ gələn çatlar təhlükəli deyil. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıq...