Suqızdırıcılar barədə nələri səhv edirik?

Büdcəyə sərfəli olması üçün bir çoxlarımız təbii qazla çalışan suqızdırıcılarından istifadə edirik. Amma təkcə 2025-ci ilin ilk dörd ayı ərzində bu məişət avadanlıqlarının partlaması səbəbindən üç nəfər həyatını itirib.
Bəs bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün nələrə diqqət etməliyik?
Ticarətçi Telman Məmmədov deyir ki, köhnə binalarda tüstü bacaları təmizlənmədiyi üçün bu kimi hallar baş verir.
"Elektrikli suqızdırıcılar tam təhlükəsizdir. Cihazdakı qızdırıcı hissə partlayan zaman işıq avtomatik olaraq sönür", ‒ deyə ticarətçi qeyd edib.
Amma ekspertlər hesab edir ki, istər elektrikli, istər qazla çalışan su qızdırıcılarının istifadəsi zamanı təlimatlara düzgün əməl olunmadıqda bədbəxt hadisələrin baş verməsi qaçılmazdır.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, bu cür cihazları alarkən ilk olaraq sertifikasiyasının olmasına diqqət yetirmək lazımdır və cihaz ixtisaslı mütəxəssislər tərəfindən quraşdırılmalıdır. Bundan əlavə, dəm qazı təhlükəsindən vaxtında xəbərdar olmaq üçün evlərə qaz detektorları quraşdırılmalıdır.
Təhlükəsizlik üzrə ekspert Nüsrət Qasımov isə deyir ki, elektriklə işləyən suqızdırıcılarının qoruyucu klapanı yoxdursa, onların içərisində olan su qızır və qızdıqca da buxar əmələ gəlir, bu zaman yüksək təzyiq yaranır. Ekspertin sözlərinə görə, həmin təzyiq boşaldılmadığı zaman güclü partlayış baş verə bilər.
Mütəxəssislərin xüsusilə tövsiyə etdiyi məqamlardan biri də su qızdırıcılarının hamam otağında quraşdırılmamasıdır.
Ətraflı Baku TV-nin süjetində:
