“Payızda gündəlik yoluxma sayında iki-üç dəfə artım ola bilər” - Qapanma labüddür?
Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Hans Klüge payızda virusa yoluxanların sayında artım olacağı ilə bağlı proqnoz verib. Vaksinasiya prosesinin davam etməsinə baxmayaraq, milyonlarla insanın peyvənd olunmamış qaldığını vurğulayıb və vaksinasiya ilə bağlı çağırışlar edib.
Ölkəmizdə və dünyada koronavirusa yoluxanların sayında müşahidə olunan artım insanlarda narahatlıq yaradır. Payız fəslində sərt karantinə keçid olacağından ehtiyat edənlər də az deyil. İnsanlar əvvəlki kimi yoluxmanın pik həddə çatmasından çəkinir, sərt karantin rejiminə geri dönmək istəmirlər.
Bəs görəsən, yoluxma sayının artması bizi sərt karantin rejiminə geri qaytara bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı payızda virusa yoluxanların artacağı ilə bağlı proqnozu təsdiqləyib:
“Ümumdünya Səhiyyə Təşkilatının payızda yoluxma proqnozu ilə bağlı söylədiyi fikirləri izlədim. Payız-yaz aylarında havalar tez-tez dəyişdiyinə görə hava-damcı yolu ilə yayılan xəstəliklərdə daha çox artım müşahidə olunur. İndiyə qədər ənənəvi, klassik virus deyilən yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri də payızda daha çox olur. Payız-yaz aylarında havalar tez-tez dəyişir. İnsanların orqanizmi soyuyur, hərarəti dəyişir. İnsanlar özləri bəzən diqqət edə bilmirlər. Ona görə də bu xəstəlik məhz həmin dövrdə çox artır. ÜST, ölkənin səhiyyə qurumları bu məsələni bilirlər. Ona görə də xəbərdarlıq edirlər”.
M.İbrahimqızı qeyd edib ki, sərt karantin rejiminə geri dönməyəcəyik:
“İnsanın özünü qoruması səhiyyə mədəniyyətidir. O, hər şeydən özünü qorumalıdır. İnsanın sağlamlığı əvəzsizdir, qiyməti yoxdur. Dünyada bir çox başqa xəstəliklər də yayılıb. Payızda risk olmasın deyə önləyici tədbirlər görülməlidir. İzdihamlı yerlərdən maksimum dərəcədə çəkinməliyik. Qapalı yerlərdə qoruyucu maskalardan istifadə etsək, daha yaxşı olar. Ən yaxşısı, peyvəndin vurulmasıdır. Pandemiya iqtisadiyyata güclü zərbə vurub. Böhran baş alıb gedir. Ölkələrdə vaksinasiya prosesi 50 faizdən çoxdur. İnsanlarda artıq təbii immunitet yaranıb”.
İnfeksionist Vüqar Cavadzadə isə əlavə edib ki, virusa yoluxanların sayında artım müşahidə olunur:
“Koronavirus infeksiyasının yayılması nisbətən azalsa da, ölkələrin böyük hissəsində müşahidə edilir. Dünya hələ pandemik vəziyyətdən çıxmayıb. Ölkədə gündəlik 500-600 yoluxma var. Qarşıdan payız fəsli gəlir. Havaların soyuması ilə əlaqədar nəticələr göstəricilərdə özünü büruzə verəcək. Gündəlik yoluxma sayında iki-üç dəfə artım müşahidə edilə bilər”.
V.Cavadzadə mutasiyaya uğramış ştamların yoluxuculuq qabiliyyətinin yüksək olduğunu söyləyib:
“Koronavirus infeksiyası getdikcə mutasiyaya uğradığına görə, yoluxuculuq sürəti artsa da, xəstələrdə xəstəliyin gedişi yüngül olur. Ölüm halları az müşahidə edilir. Statistikaya baxsaq, görərik ki, gün ərzində 500 yoluxma faktı qeydə alınsa da, ölüm göstəricisi 0-dır. Payızda da ölüm hallarında artım müşahidə edilməyəcək.
Mutasiya olunmuş ştamların yoluxuculuq qabiliyyəti yüksəkdir, onlardan ölüm sayı isə azdır. Ölüm hallarında artım olmayacaq. Vaksinasiya zəruridir. Kim olunmayıbsa, olunmalıdır. Tədbirlərə riayət etməlidirlər. Qapalı yerlərdə maska taxmaq lazımdır. İnsanlar özlərini qorusalar, belə davam etsə, qarşısı alınacaq”.
Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb. Dünyasını dəyişən olmayıb.
Oxşar xəbərlər
Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama
Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olu...