İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)

İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
Foto
Sosial 17007

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

BAKU.WS xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıtdakı 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.

Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşüblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

- Möhtərəm cənab Prezident, bu gün 28 saylı birləşmiş şəhər xəstəxanasının nəzdindəki modul tipli xəstəxananın açılışında iştirak etdiyinizə görə Sizə bütün həkimlərin adından təşəkkürümüzü bildiririk. Eyni zamanda, bu gün Sumqayıt şəhər 1 saylı xəstəxananın və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxananın nəzdində fəaliyyət göstərəcək modul tipli xəstəxanaların da videoformatda açılışı olacaq.

Xəstəxanalar haqqında videoçarx nümayiş etdirildi.

Dövlət başçısı görüşdə çıxış edib:

- Bu gün çox əlamətdar bir gündür. Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır.

Modul tipli birinci xəstəxana bir ay bundan əvvəl, mayın 7-də açılmışdır və hazırda bu xəstəxanaların sayı dördə çatıb. Mən mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.

Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.

Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin.

Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər.

Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunubdur və Azərbaycan burada da liderlik göstəribdir. Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınması - bütün bu işlərə dövlət böyük vəsait ayırdı.

Eyni zamanda, mən bu işləri təşkil edən qurumların fəaliyyətini də yüksək qiymətləndirirəm. Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır.

Ona görə dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir.

İnkişaf etmiş ölkələrlə digər müqayisəni də apara bilərəm. Məsələn, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq.

Biz eyni zamanda sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.

İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.

Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır.

Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir. Bununla paralel olaraq bildirməliyəm ki, sənaye istehsalı bir qədər artıb. Amma qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni, proqnozlaşdırılmış səviyyədədir.

Ona görə bütövlükdə baxanda bizim iqtisadi fəaliyyətimiz də bu müddət ərzində çox uğurlu olub. Ancaq iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Artan dinamika, xəstələrin, yoluxanların artan dinamikası göstərir ki, yumşalma tendensiyası buna gətirib çıxarıb. Amma yenə də vəziyyət nəzarət altındadır. Burada əsas amil yoluxanların və sağalanların arasında olan nisbətdir. Bu günə qədər nisbət elədir ki, bizim səhiyyə sistemimiz bunu qəbul edə bilir. Bir çox ölkələrdə ölüm hallarının kütləvi xarakter almasının əsas səbəbi odur ki, o ölkələrdə səhiyyə sistemi çöküb. Yəni, xəstələri qəbul edə bilmirlər və beləliklə, kütləvi ölüm halları müşahidə edilir. Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın. Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq. Qorumalıyıq və müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq.

Beynəlxalq müstəvidəki rolumuza gəldikdə, bildiyiniz kimi, Azərbaycan özünü çox məsuliyyətli aparır. Mən qeyd etdim ki, ilk növbədə, ölkə daxilində və beynəlxalq arenada bizim təşəbbüsümüzlə iki Zirvə görüşü keçirilibdir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə və ümumiyyətlə, ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27 ölkə var. Düzdür, Afrika İttifaqının bəzi ölkələri, eyni zamanda, Qoşulmama Hərəkatının üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan, deyə bilərəm ki, tam məsuliyyətlə dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir. Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir. Azərbaycan liderlik göstərib.

Eyni zamanda, biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək.

Çünki burada əsas məsələ özünə qapanmamaqdır. Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir.

Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.

Bütün bu məsələlərlə yanaşı, bir daha bundan sonrakı dövrə qayıtmaq istəyirəm. Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

- Təşəkkür edirik, cənab Prezident. Bu gün açılışı gerçəkləşdirilən hər üç modul xəstəxanada çalışacaq tibbi heyətin nümayəndələri buradadırlar. İcazənizlə 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibbi heyəti adından Xuraman Cəfərova öz fikirlərini bildirsin.

Xuraman Cəfərova: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.

Bu gün bizimlə bərabər olduğunuza görə Sizə təşəkkürümüzü bildiririk. COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə çox ciddi tədbirlər görülür. Xəstəxanalarımızın tibbi avadanlıqlarla və dərman vasitələri ilə təminatı biz həkimlərin işini asanlaşdırır. Həmçinin modul tibbi xəstəxanalar çox sürətlə hazırlanaraq istifadəyə verilir. Bu, öz növbəsində, çarpayı fondunu artırmaq məqsədilə tibbi xidmətin keyfiyyətini xeyli yüksəldir.

Biz hər gün xəstələrin nə qədər əziyyət çəkdiyini görürük və şahidi oluruq. Fürsətdən istifadə edib xalqımızı bu pandemiya dövründə daha diqqətli olmağa və qaydalara daha ciddi riayət etməyə çağırırıq.

Cənab Prezident, biz hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Bu da bütün tibbi heyətdə ruh yüksəkliyi yaratmışdır. Ümid edirik ki, pandemiya tezliklə bitəcək və biz ölkə olaraq pandemiya üzərində qələbə qazanacağıq. Diqqətiniz və qayğınız üçün Sizə bir daha təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Ramin Bayramlı: Cənab Prezident, digər modul xəstəxanaların açılışında iştirak edən tibbi heyətlər videokonfransla bizə qoşulublar. Sumqayıt 1 saylı şəhər xəstəxanasından həkim Şəhla Hacıyeva, buyurun.

Şəhla Hacıyeva: Möhtərəm cənab Prezident və dəyərli Mehriban xanım,

Əvvəlcə Sizi salamlayırıq. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox təşəkkür edirik.

Üç aydan çoxdur ki, biz amansız düşmənlə mübarizə aparırıq. Bu düşmənin gözəgörünməz olması bir çoxlarında elə bir təəssürat yaradır ki, o yoxdur. Bununla da onlar özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar. Bu ağır günlərdə Sumqayıt şəhərində müasir avadanlıqlarla təchiz olunmuş modul tipli xəstəxananın yaradılması əlamətdar hadisədir. Biz Azərbaycan həkimləri bütün həmkarlarımızla birlikdə bu mübarizəyə qoşulmuşuq. Bütün dünyada olduğu kimi, sağalmış xəstələrdən alınmış plazmanı ağır xəstələrin müalicəsində uğurla tətbiq edirik. Fürsətdən istifadə edərək Sizin köməyinizlə sağalmış xəstələrə müraciət edirik ki, öz plazmalarını bəxş etsinlər və sözün əsl mənasında, həyat qurtarsınlar.

Sizin və çox hörmətli Mehriban xanımın koronavirusla mübarizə tədbirlərini şəxsi nəzarətinizdə saxlamağınız və düzgün istiqamət verməyiniz sayəsində biz Azərbaycan həkimləri tezliklə bu mübarizədən qalib çıxacağımıza inanırıq. Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Bilirsiniz ki, Sumqayıt şəhərinə mən daim böyük diqqət göstərirəm və Prezident kimi dəfələrlə Sumqayıtda olmuşam, orta hesabla minimum ildə iki dəfə, bəzi illərdə daha da çox. Sumqayıtın sənaye potensialının inkişafı bu gün göz qabağındadır. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və eyni zamanda, müasir sənaye şəhəridir. Çünki bildiyiniz kimi, - yaşlı nəsil bunu yaxşı bilir, - əvvəlki dövrdə Sumqayıtda çox çətin ekoloji vəziyyət mövcud idi. Bu gün yeni istifadəyə verilmiş bütün müəssisələr yüz faiz ekoloji standartlara cavab verir. Buna görə Sumqayıtda indi ekoloji vəziyyət çox yaxşılaşıb və hava da təmizdir. Sumqayıt bu gün parklar, bağlar şəhəridir, yaşıllaşdırma işləri gedir. İndi insanları narahat edən və ekoloji problem yaradan Acıdərə kanalı da təmizlənir. Buraya da böyük vəsait ayrılır. Bununla paralel olaraq, şəhər infrastrukturu yeniləşir, o cümlədən sosial obyektlər inşa edilir. 1 saylı şəhər xəstəxanasının əsaslı təmirindən sonra əlbəttə ki, vəziyyət daha da yaxşılaşıb.

Mənim göstərişimlə hazırda 2 saylı xəstəxananın tikintisi gedir. İlkin mərhələdə belə təklif olundu ki, o təmir edilsin. Amma sonra mənə verilən məlumata görə, bu, mümkünsüz olub və demək olar ki, xəstəxana yenidən tikiləcək. Bu, bir daha onu göstərir ki, vaxtında görülmüş işlər ən böhranlı dövrdə bizə lazım ola bilər. Bildiyiniz kimi, bütün ölkə üzrə yeni xəstəxanaların tikintisi demək olar ki, başa çatır, bəlkə bir, ya iki şəhərdə hələ ki, istifadəyə verilməyib, amma o da nəzərdə tutulur. Beləliklə, ölkəmizin hər bir şəhərində müasir tibb müəssisəsi var, özü də mərkəzi rayon xəstəxanası səviyyəsində, eyni zamanda, 20-yə yaxın müalicə-diaqnostika mərkəzi. İlk növbədə, əgər bu infrastruktur olmasaydı, biz indi icbari tibbi sığorta sisteminə keçə bilməzdik. Çünki bunun əsas şərti mövcud infrastrukturun müasir səviyyədə olmasıdır.

Bildiyiniz kimi, biz bu ilin əvvəlindən ölkə üzrə tam icbari tibbi sığortaya keçməli idik, ancaq pandemiya planlarımıza müdaxilə etdi. Biz indi bir neçə pilot layihəni icra edərək gördük ki, bunun üstünlüyü nədən ibarətdir və vətəndaşlar da gördü. Ona görə gələn ilin əvvəlindən artıq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulur. Bir daha demək istəyirəm ki, əgər biz bu tibb ocaqlarını vaxtında tikməsəydik, indi xəstələri müalicə etmək mümkün olmazdı. Baxın, indi 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə olunur, bölgələrdə yeni tikilmiş bütün xəstəxanalarda. Əgər bu olmasaydı, harada müalicə olunacaqdı? Bakı şəhərində ən çox harada müalicə olunur: Tibb Universitetinin Cərrahiyyə Klinikasında və Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında. Ən çox müalicə olunan xəstələr oradadır. Yeni klinikada 575 çarpayı mövcuddur. Bizim digər təmir edilmiş, yaxud da yenidən tikilmiş klinikalardır və bütün klinikalar tibbi avadanlıqla təmin olunub. Son illərin istehsalı, aparıcı şirkətlərin istehsalı olan avadanlıq bizə imkan verir ki, istənilən xəstənin müalicəsini təmin edək. Ona görə, bax, bu görülmüş işlərdir və son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bu güclü sosial səhiyyə infrastrukturu bizə imkan verdi ki, bu vəziyyətdən də şərəflə çıxaq. Biz iki min əlavə çarpayını ona görə yaradırıq ki, bu, bir ehtiyat olsun, Allah eləməsin, bu xəstəlik daha geniş yayılsa, bizim imkanımız olsun. Lazım olarsa, əlavə 10 xəstəxana da tikərik. Yəni, bu məqsədlər üçün biz istənilən vəsaiti tapa bilərik və tapırıq.

Bu dövr ərzində bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən özünü güclü dövlət kimi göstərdi, iqtisadi sahədə güclü dövlət kimi göstərdi, sosial sahədə güclü dövlət kimi göstərdi. Göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Onu da bildirməliyəm ki, bu dövr ərzində aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilərik, bizə məqbul olan şərtlərlə. Ona görə bütün parametrlər üzrə Azərbaycan liderlik göstərib. Bu liderlik artıq regionumuzun çərçivələrindən çoxdan çıxıb.

Saray qəsəbəsində işləyən həkimlər, buyurun.

Həkim Nərmin Verdiyeva: Hörmətli cənab Prezident və çox dəyərli Mehriban xanım,

Öncə bütün Azərbaycan həkimləri adından bizə göstərdiyiniz qayğı və yaratdığınız şərait üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Artıq hər birimiz bilirik ki, bütün dünya ölkələri kimi, Azərbaycan da koronavirus pandemiyası ilə mübarizə aparır. Ölkəmizin bir sıra tibb müəssisələrində koronavirus pandemiyası ilə mübarizə aparmaq məqsədilə xüsusi şərait yaradılmışdır, xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş, dərman preparatları ilə təmin olunmuşdur. Modul tipli xəstəxanalar da məhz bu xəstəxanalardandır. Sizin təşəbbüsünüzlə inşa edilmiş və ən qısa zamanda biz həkimlərin ixtiyarına verilən modul tipli xəstəxanalar həm bugünkü vəziyyətdə, həm də gələcəkdə bir sıra xəstəliklərlə mübarizə apararkən təcili və təxirəsalınmaz tibbi yardımlar göstərmək üçün biz həkimlərə geniş imkanlar yaradıb. Sizin də qeyd etdiyiniz kimi, koronaviruslu xəstələrlə çalışarkən biz xüsusi fərdi kostyumlardan istifadə edirik. Yay fəslinin gəlməsi, havaların isinməsi bu kostyumlarda çalışmağı bir az çətinləşdirir. Lakin əmin ola bilərsiniz ki, bütün bu çətinliklərə baxmayaraq, Sizin dəstəyinizlə biz gecə-gündüz çalışaraq pandemiya ilə mübarizə aparıb, bu çətin sınaqdan ən uğurlu şəkildə çıxacağıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən bir daha həkimlərin fəaliyyətini qiymətləndirmək istərdim. Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördülər ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur: Azərbaycan həkimlərinə eşq olsun!

Bir daha bunu demək istəyirəm, Azərbaycan həkimlərinə eşq olsun və ayaq üstə Azərbaycan həkimlərini alqışlamaq istəyirəm. Sağ olun.

16:26

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

BAKU.WS xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.

Prezident İlham Əliyevə məlumat verildi ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşdülər.

Bundan sonra videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı oldu.

Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər