Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur

Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur
Açıqlama
Sosial 111

"Bank kreditlərinin verilməsi ilə bağlı köklü dəyişikliklərin tətbiqi nəzərdə tutulmur. Mərkəzi Bankın müəyyən etdiyi yeni tələblər əsasən kommersiya banklarının kredit ayırarkən müştərilərin ödəmə qabiliyyətini daha dəqiq qiymətləndirməsinə və kredit məbləğini həmin göstəricilərə uyğun müəyyənləşdirməsinə yönəlib".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu yanaşma kredit kartlarına ayrılan limitlərə də aiddir:

"Belə ki, Mərkəzi Bank kredit kartları üzrə limitlərin vətəndaşın rəsmi gəlirinin beş misli ilə məhdudlaşdırılması istiqamətində qərar qəbul edib. Məqsəd bəzi bankların müştərilərə gəlirləri ilə müqayisədə həddindən artıq yüksək kredit limitləri ayırmasının qarşısını almaqdır.

Əvvəllər vətəndaşlara böyük məbləğdə kredit kartı limitləri təqdim oluna bilirdi. Lakin həmin vəsaitlərin vaxtında qaytarılmaması borcun daha da artmasına səbəb olurdu. Xüsusilə gecikmələr zamanı yüksək cərimə və faizlərin hesablanması vətəndaşların maliyyə yükünü ağırlaşdırır, nəticədə onların borclanma səviyyəsi yüksəlirdi".

Deputat əlavə edib ki, yeni tələblərin əsas məqsədi məhz bu riskləri azaltmaq, bankların kredit siyasətində ödəmə qabiliyyətini əsas meyar kimi götürməsini təmin etməkdir:

"Bununla belə, rəsmi iş yeri olan, gəlirini sənədlə təsdiqləyə bilən və kredit öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər maliyyə imkanına malik vətəndaşlar kommersiya banklarından kredit götürmək imkanlarını saxlayırlar. Yəni dəyişikliklər kredit əldə etməyin tam məhdudlaşdırılması deyil, kreditlərin daha məsuliyyətli və vətəndaşın real gəlirlərinə uyğun verilməsinə xidmət edir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər