Nazirdən əhaliyə şad xəbər: pensiyalar və maaşlar artırılır
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur”.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O qeyd edib ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir: "Ötən il ölkəmizdə istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Dövlət başçımızın "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq”.
Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə ilə artımının avtomatlaşdırılmış qaydada icra ediləcəyini bildirən S.Müslümov vurğulayıb ki, növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2017-cı il tarixli Sərəncamının icrası ilə bağlı işlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin edəcək”.
Nazir onu da bildirib ki, Azərbaycanda əmək pensiyaçılarının sayı ötən il 16,1 min nəfər və ya 1,24 faiz artaraq (o cümlədən yaşa görə 0,4 faiz, ailə başçısını itirməyə görə 3,9 faiz, əlilliyə görə 2,06 faiz artaraq) 1 yanvar 2017-ci il tarixinə 1 316 min nəfər təşkil edib: ”Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da ildən-ilə artmaqda davam edir. Sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 2017-cı ilin 1 yanvar tarixinə 3 371,9 min nəfər təşkil edib. Eyni zamanda bu sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33,9 min nəfərə çatıb”.
2003-cü ildən 2017-ci ilədək minimum əməkhaqqının 11,7 dəfə artdığını qeyd edən S.Müslümov "Minimum aylıq əmək haqqının artırılması haqqında" 2017-cı il 21 yanvar tarixli Sərəncamın bu artım dinamikasının cari ildə də davam etməsinə imkan yaratdığını bildirib: "Sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilib. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri bildirişi üzrə elektron informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən bu artımın təqribən 335 min nəfərə şamil olunacağı, nəticədə artımın şamil olunduğu şəxslərin illik gəlirlərinin 14,7 mln. manata qədər artacağı gözlənilir. Minimum aylıq əmək haqqının təqribən 10,47% artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 mln. manat artacağını proqnozlaşdırmağa əsas verir”.
Sonra S.Müslümov jurnalistlərin suallarını cavablandırıb.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət başçısı pensiya ilə bağlı sərəncam imzaladı
Dövlət başçısı İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS sərəncamı təqdim edir: Azərbaycan...