Ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA
"Azərbaycanda ətin qiymətinin ucuzlaşacağı ilə bağlı real gözlənti demək olar ki, yoxdur. Bunun bir neçə obyektiv səbəbi mövcuddur".
Bunu BAKU.WS-ə açqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib
O əlavə edib ki, ölkədə yerli heyvandarlıq bazası daxili tələbatı tam ödəmək gücündə deyil:
"Nəticədə həm diri heyvan, həm də kəsilmiş ət xaricdən idxal olunur. İdxal isə birbaşa olaraq beynəlxalq bazarlardakı qiymətlərdən, logistik xərclərdən, nəqliyyat və yanacaq qiymətlərindən asılıdır. Xaricdə ət və yem bazasında bahalaşma baş verdikdə bu, avtomatik şəkildə daxili bazara da təsir edir.
Digər mühüm amil tələbat faktorudur. Azərbaycan cəmiyyətində ət və un məhsulları gündəlik qida rasionunun əsas hissəsini təşkil edir. Tələbatın sabit və yüksək olduğu bazarda qiymətlərin kəskin ucuzlaşması iqtisadi baxımdan real görünmür. Əksinə, əhali artımı və istehlak səviyyəsinin yüksəlməsi bazarı daha da tələbatlı edir".
AQC sədri vurğulayıb ki, bayramlar ərəfəsində dövlət müəyyən sosial və humanitar addımlar ata, bəzi iri şirkətlər kampaniya xarakterli endirimlər tətbiq edə bilər:
"Lakin bu addımlar müvəqqəti olur və bazarın ümumi qiymət dinamikasına ciddi təsir göstərmir. Bayramdan sonra qiymətlər adətən əvvəlki səviyyəyə qayıdır.
Qonşu ölkələrlə müqayisədə qiymətlər əvvəlki illərdə daha aşağı fərqlənsə də, son dövrdə dinamika göstərir ki, Azərbaycan bazarında ət qiymətləri tədricən region ölkələrinin səviyyəsinə yaxınlaşır. Bu isə idxal xərclərinin artması və ümumi bazar şərtləri ilə izah olunur.
Nəticə etibarilə, həm maya dəyərinin yüksək olması, həm idxaldan asılılıq, həm də davamlı tələbat səbəbindən ətin ucuzlaşması qısa və orta müddətli perspektivdə real görünmür".
Orxan Hüseyn
Oxşar xəbərlər
Martın 3-də ilin ilk Ay tutulması olacaq
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən məlumata görə,...