"İçərişəhər" sakinlərinin həyatı təhlükədə: evlərdə çatlar yaranıb (VİDEO)

İçərişəhər sakinlərinin həyatı təhlükədə: evlərdə çatlar yaranıb (VİDEO)
Video
Sosial 1677

İçərişəhər sakinləri BAKU.WS-ə şikayət məktubu ünvanlayıblar.

Onlar "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən 2-ci Kiçik Qala döngəsi, ev № 8 ünvanında məsuliyyətsiz və qanunsuz hərəkətlər həyata keçirildiyini və bunun həm qoruğun, həm də sakinlərin özü üçün birbaşa təhlükə daşıdığını hesab edirlər. Onlar məsələ ilə bağlı çoxsaylı müraciətlərinin müvafiq qurumlar tərəfindən cavablandırılmadığını bildirirlər.

Qeyd edək ki, 1905-ci ildə inşa edilmiş adı çəkilən ikimərtəbəli bina "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət irsinə aid edilərək AR Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəsinə əsasən 2430 saylı nömrə ilə qeydə alınıb və dövlət tərəfindən qorunur.

Buna əsasən, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında AR Qanununun 4,10 və 11-ci maddələrinə müvafiq olaraq bu evin "daxili və xarici quruluşunu pozmaq, tarixi dəyərinə xələl gətirə biləcək rekonstruksiya, bədii-estetik görkəmin dəyişdirilməsi, təhlükə yarada biləcək təmir, inşaat işlərinin aparılması, tikinti və dəyişiklik etmək qadağandır”.

Məlumdur ki, mülkiyyətində və ya istifadəsində olan fiziki və hüquqi şəxslər həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Hazırda bu ərazidə "City Walls” adlı otelin inşa edilir. Qeyd etmək lazımdır ki, Şirvanşaxlar sarayından Polşa səfirliyinə qədər ərazidə tikilmiş evlər, o cümlədən sözü gedən bina gil qatları və qədim zamanlardan mövcud olan su quyuları üzərində ucaldılıb. 

Bu yamacdakı gilli lay qatları çoxdur: bəziləri xalis gil, digərləri isə qumlu, qarışıq tərkiblidir. Bununla yanaşı, Şah ovdanından (red - Suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur) üzü aşağı istiqamətdə yeraltı çeşmələrdən çaylar axır. Adı çəkilən amillər ərazidə hər hansı tikinti işləri üçün ciddi təhlükə və potensial risk yaradır. Məlum həqiqətdir ki, gil üzərində qoyulan bünövrə, əgər tikinti işləri müvafiq hesablamalar etmədən icra edilirsə, gələcəkdə ciddi təhlükə yarada bilər.

Xatırlatmaq yerinə düşər ki, yeraltı çaylarla bağlı ciddi çətinlikləri "Four Seasons” otelinin inşası zamanı əyani müşahidə etmək mümkün idi: yeraltı suları nəhəng, güclü mühərriklərin köməyi ilə nə gədər çəkirdilərsə, qazılmış iri bünövrə hövzəsinin içi qısa zamanda yenə də su ilə dolurdu. Bu da otel bünövrəsinin təhvil verilməsinə ciddi əngəllər törədirdi. Elə Polşa səfirliyinin binası üçün bünövrə tikilən zaman qrunt suları bünövrənin 60 santimetrlik dayaq divarını bir anın içində sərt bir şəkildə uçurtmuşdu. Bir əsrdən artıq tarixi olan binanın bünövrəsi üzərində mərtəbə artırılması açıq təhlükə ola bilər. Mövcud şəraitdə əlavə mərtəbələrin tikilməsi, o cümlədən əlavə yük olaraq metal konstruksiyaların tətbiqi ağlasığmazdır. Sakinlər deyir ki, böyük qorxu hissi ilə 2-ci Kiçik Qala, 8 ünvanında aparılan inşaat işlərinı izləyirlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, 2-ci Kiçik Qala küçəsinə paralel olan1-ci Qəsr döngəsində qorxulu cökmə mövcuddur: artıq onun dərinliyi 1,5 metrlik həddə çatıb. 

Məsələnin ciddiliyi bir faktla da müəyyən olunur ki, 2-ci Kicik Qala, 8 saylı binanın bir divarı məhz 1-ci Qəsr döngəsi 19 və 17 saylı evlərin divarlarına söykənib. Beləliklə, düşünülməmiş, qeyri-qanuni hərəkətlər nəticəsində yaranmış potensial təhlükənin miqyasını təsəvvür etmək olar. Digər risk yaradan faktor isə vaxtilə tikilinin həyətində mövcud olan və 2004-2006-cı illərdə evin yeni sahibi tərəfindən qeyri qanuni olaraq üstü betonlanmış, sayca beş yeraltı su quyusunun rekonstruksiya nəticəsində 8 saylı binanın altında qalmasıdır.

1898-ci ildən İçərişəhərdə 11 metrdən hündür, yəni üç mərtəbədən uca tikililərın şərtsiz qadağan edilməsi faktı bir daha sübut edir ki, Bakının bu hissəsində özbaşına dördmərtəbəli tikililərin inşası son dərəcə xətalıdır. Sakinlər bu məsələ ilə əlaqədar 08.05.2017 il tarixində "İçərişəhər” Qoruğu İdarəsinə rəsmi müraciət ediblər. İdarədən öncə bildirilib ki, sözügedən inşaat işləri ilə bağlı heç kəsə rəsmi icazə verilməyib. Lakin sonra onlara başqa fikir bildirilib ki, aparılan rekonstruksiya ilə bağlı sonradan layihə hazırlanıb və təqdim edilib - beləliklə, faktiki olaraq, bu layihə formal şəkildə olaraq artıq görülmüş işlərə qismən uyğunlaşdırılıb. Şikayət məktubunu başda bəstəkar Elnarə Dadaşova olmaqla bir sıra 2-ci Kiçik Qala, 1-ci Qəsr döngəsi və Kiçik Qala küçəsi ünvanında yaşayan sakinlər imzalayıb.

Tuncay

BAKU.WS

Oxşar xəbərlər

İçərişəhərdə 80-dək binanın qəzalı vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

İçərişəhərdə 80-dək binanın qəzalı vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunö...

1829 Hadisə 12:35 11 avqust 2017

Son xəbərlər