Bank borcu olanlar üçün VACİB XƏBƏR
Bank borcları ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də vətəndaşların əmək haqqı və ya pensiyasından edilən tutulmaların həcmidir.
BAKU.WS-in məlumatına görə, mövcud qanunvericiliklə bu proses müəyyən limitlər çərçivəsində tənzimlənir və borclunun minimum yaşayış imkanlarının qorunması əsas prinsip kimi götürülür.
Qaydalara əsasən, vətəndaşın əmək haqqından, pensiyasından və ya digər gəlirlərindən edilən tutulmaların ümumi məbləği 50 faizdən artıq ola bilməz. Bu məhdudiyyət hətta borcun bir neçə icra sənədi üzrə olması halında da qüvvədə qalır. Yəni istənilən halda vətəndaşın qazancının ən azı yarısı onun sərəncamında qalmalıdır.
Bununla yanaşı, bəzi xüsusi hallarda – məsələn, aliment ödənişləri və ya vurulmuş zərərin kompensasiyası zamanı tutulmalar 70 faizə qədər arta bilər. Digər hallarda isə bu həddin aşılması qanunla nəzərdə tutulmur.
Qeyd edək ki, borcun tutulması üçün əsas şərt məhkəmə qərarının olmasıdır. Məsələn, vətəndaş bir bankdan kredit götürüb, lakin maaşını başqa bank vasitəsilə alırsa, kreditor bank mütləq məhkəməyə müraciət etməlidir. Məhkəmə qərarından sonra icra prosesi başlanır və vətəndaşın maaşından müəyyən olunmuş həddə qədər vəsait tutulur.
Lakin praktikada fərqli vəziyyətlər də yaranır. Əgər vətəndaşın borcu məhz maaş və ya pensiya aldığı bankadırsa, bu zaman məsələ daha mürəkkəbləşir. Belə ki, bankla bağlanan müqavilələrdə adətən gecikmə halında vəsaitin birbaşa kartdan tutulmasına dair şərtlər yer alır. Bu isə bəzi hallarda vətəndaşın hesabından məhdudiyyətsiz vəsait çıxılmasına səbəb ola bilər.
Belə vəziyyətlə üzləşən vətəndaşın müəyyən hüquqları var. O, iş yerinə müraciət edərək əmək haqqının başqa bank vasitəsilə ödənilməsini tələb edə bilər. Qanunvericiliyə əsasən, işçi maaşını hansı bankdan almaq istədiyini özü seçmək hüququna malikdir. Eyni zamanda, vətəndaş problemli bank hesabını bağlatmaq üçün də müraciət edə bilər.
Digər mühüm məqam isə odur ki, əmək haqqından tutulmalar yalnız işçinin yazılı razılığı və ya rəsmi icra sənədi əsasında həyata keçirilməlidir. İşəgötürən də yalnız icra sənədində göstərilən məbləğ qədər tutulma aparmalıdır. Bundan əlavə, bu kimi məsələlərdə məxfilik qorunmalı, işçinin şəxsi vəziyyəti kollektivdə müzakirə predmetinə çevrilməməlidir.
Ümumilikdə, qanunvericilik borcların ödənilməsi ilə vətəndaşın sosial vəziyyəti arasında balans yaratmağa çalışır. Məqsəd həm öhdəliklərin icrasını təmin etmək, həm də insanların minimum dolanışıq imkanlarını qorumaqdır.
Oxşar xəbərlər
Səfər Mehdiyevin bacanağının yerinə təyin olunan şəxsə daha bir vəzifə verildi
Sabirabad Rayon Mərkəzi Xəstəxanasi Publik Hüquqi Şəxsinə yeni direktor əvəzi təyin olunub. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2024-cü ilin sentya...