“Baku Bus” avtobuslarında əlil oturacaqları ilə bağlı mübahisəyə aydınlıq gətirildi (FOTO)
Bu gün şəhərimizdə "BakuBus” MMC-yə məxsus yeni avtobusların hər birində fiziki məhdudiyyətli sakinlərimizi mütləq qaydada nəzərdə tutan yenilikləri görmək mümkündür.
Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "Baku Bus” MMC olaraq şəhərimizdə yeni fəaliyyətə başlayan İveco markalı avtobuslarımızın hər birində məhz bu həssas məqam xüsusi nəzarətdə və diqqət mərkəzindədir. Şirkət üçün əsas hədəf fiziki sağlam sərnişinə xidmət deyil - hədəf sərnişinlərə xidmət, həssas qruplara xüsusi diqqət prinsipi üzərində qurulub. Fiziki məhdudiyyətli vətəndaşlarımızın mühitə inteqrasiyası və adaptasiyası prosesinə yaradılan süni maneələr get-gedə aradan qaldırılır, bütün sahələrdə xüsusi diqqət və qayğıyla əhatə olunmaları üçün müxtəlif sosial və praktik layihələr həyata keçirilir. Biz də öz növbəmizdə bu məqamı həmişə əsas tuturuq. Şəhərə gətirilən yeni avtobuslarımızın fərqli cəhətlərindən biri də onlarda əlillər üçün xüsusi pandusların olmasıdır. Bu, fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib enmə imkanı yaratmaqla yanaşı qeyd etdiyimiz adaptasiya prosesinə də öz töhfəsini verməkdədir. Fiziki məhdudiyyəti olan vətəndaş artıq hamı kimi istədiyi məkana getmək imkanını qazanır və ən əsası məsafə rahat şəkildə qət edilir. Bu kateqoriyadan olan insanlar üçün xüsusi oturacaqlar və əlil arabasının yerləşəcəyi yerlər də var. Yaşlı adamlar və kiçik uşaqlar üçün isə xüsusi sistem nəzərdə tutulub ki, lazım olduğu halda avtobusdan sərnişinin enməsi üçün onun hündürlüyünü azaltmaq mümkün olacaq. Həmçinin avtobuslarımız sürücünün sərnişinləri müşahidə edə biləcəyi müasir videomüşahidə və videoqeydiyyat sistem ilə təchiz edilib. Bunun üçün salonda videokameralar quraşdırılıb. Həssas qrupa aid olan sərnişinimizə qarşı ediləcək hər hansı yolverilməz kobudluq tərəfimizdən müşahidə kameralarının köməyi ilə təsbit edilərək müvafiq instansiyalara ünvanlandırılır. Son zamanlar mətbuatda haqqımızda çıxan müsbət rəylərlə əlaqədar hazırlanan yazılar xidmətə tərəfinizdən verilən dəyərdir. Bu dəyər üçün təşəkkür etməklə yanaşı onu da qeyd etmək yerinə düşərdi ki, istənilən tənqidi və nöqsan hesab edilən məqamlarla bağlı yazılan məqalələrə də "Baku Bus” MMC olaraq diqqət ayırırıq. Məqsədimiz yollarımıza adaptasiya prosesi keçən avtobuslarımızla bağlı bizim nəzərimizdən yayınan istənilən məsələ ilə bağlı tez şəkildə reaksiya vermək və nöqsanı aradan qaldıraraq mükəmməl xidmət təşkil etməkdir. Ancaq fiziki məhdudiyyəti olan vətəndaşlarımızla bağlı "Baku Bus” avtobuslarında hər hansı təhlükəsizlik qaydalarının və ya texniki şərtlərin pozulması ilə bağlı hazırlanan yazılara münasibət bildirmək istərdik. Belə ki, aşağıda sizə təqdim etdiyimiz fotolarda tam aydın şəkildə görünür ki, həm "Crealis” həm də "Urbanway” markalı avtobuslarımızda orta qapıların aşağı hissəsində panduslar quraşdırılıb. Fiziki məhdudiyyətli sərnişinlərimizi qapıya yaxın oturacaqlarda oturması üçün həmin oturacaqların üzərində müvafiq işarə paneli yerləşdirilmişdir. Oturmaq üçün nəzərdə tutulan yerlər əlil arabasından istifadə etməyən fiziki məhdudiyyətli vətəndaşlarımız, körpə uşaqla avtobusa minən sərnişinlərimiz və ahıllarımız üçün nəzərdə tutulduğundan üzərində olan işarədə əlil arabası işarəsi deyil, sadaladıımız həssas qrupların oturması üçün işarələnmiş panel mövcuddur. Hətta oturacaqlarda digər oturacaqlardan fərqli olaraq söykənmək üçün qol altlığı da texniki şərtdir. Avtobusun orta qapıyla tam üzbəüz girəcəyində isə əlil arabasında olan fiziki məhdudiyyətli şəxslərin araba ilə dayanmaları üçün oturacaqsız məkan hazırlanıb. Bu zaman əlil arabası paneldə göstərilən qaydada yerləşdirilir və kəmər vasitəsilə sərnişinin təhlükəsizliyi üçün müvafiq şəkildə avtobusdakı sütuna bərkidilir. Bununla bağlı qeyd etdiyiniz irada cavab olaraq bir daha qeyd edək ki, həmin yerlər oturacaq üçün nəzərdə tutulmamışdır. Odur ki, hər hansı məsələ ilə bağlı müsbət və ya mənfi yazı hazırlanarkən peşəkar yanaşacağınıza və obyektiv münasibət göstərəcəyinizə ümid edirik. "Baku Bus” MMC fiziki məhdudiyyətli hər hansı vətəndaşla bağlı hətta sürücünün yol verdiyi ilk kobud nöqsana görə heç bir izahat alınmadan sürücünü işdən azad edəcəyi barədə qərarı da sürücülərin nəzərinə çatdırıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)
Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilib. "BakuB...